Advertisment

“Brüssel görüşündə ATƏT-in Minsk qrupu və Qarabağ məsələləri gündəmə gətirilmədi” - Politoloq

“Brüssel görüşündə dəhlizlə bağlı deyil, yolların açılması ilə bağlı razılaşmaların olduğu görünür. Dəmir yolu məsələsində razılıq əldə edilir. Lakin belə çıxır ki, gömrük və sərhəd keçid məntəqəsi də qurulacaq. Ermənistanın əvvəlcədən də istədiyi məsələ bu idi. Soçi görüşündə belə bir razılaşma var idi ki, işçi qrupu növbəti həftədə bu məsələləri həll edəcək. Lakin Ermənistan yenə dirəniş göstərdi. Belə çıxır ki, Brüssel görüşündə Ermənistan istədiyinə nail olub. Lakin burada əslində incə bir məqam var. Azərbaycan Prezidenti İlham Əliyev görüşdən öncə Brüsseldə bildirdi ki, Laçın dəhlizi ilə Zəngəzur dəhlizinin işləmə rejimi eyni olmalıdı. Bu, o deməkdir ki, Zəngəzur dəhlizində gömrük və sərhəd keçid məntəqəsi olacaqsa, Azərbaycan Laçın dəhlizində bu məsələni qaldıracaq”.

Bu sözləri siyasi ekspert Asif Nərimanlı dekabrın 14-də Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşü herbiand.az-a şərh edərkən söyləyib.

Asif Nərimanlı bildirib ki, əslində Azərbaycan tərəfi burada hər iki halda qazanclı çıxır. Əgər Laçın dəhliz kimi qalacaqsa o zaman Zəngəzurdan da dəhliz kimi istifadə edəcək. Belə olan halda dəhliz Ermənistanın nəzarətində olmayacaq:

“Əgər Brüssel razılaşması praktiki mərhələyə keçəcəksə bu, Azərbaycana imkan verəcək ki, Laçında post qursun. Əslində Zəngəzur dəhlizi 10 noyabr razılaşmasında qeyd olunmasa da orada maneəsiz çıxış sözu var. Bu, o deməkdir ki, heç bir maneə yaradılmamalıdır. Bu məsələnin dəhliz kimi gündəmə gətirilməsinin hədəflərinin biri də məhz bu olub – lazım olacağı halda Laçın dəhlizindən istifadə edəndə alternativ kimi post qurmaq. Burada postun qurulması müharibədən sonra Azərbaycan üçün böyük nəticələrdən biri ola bilər. Ermənistanın dəhliz məsələsində israr etməsinin iki səbəbi var - xarici və daxili səbəblər. Daxili səbəb odur ki, Paşinyan hakimiyyəti dəhliz verəcəyi halda ciddi problemlər və ittihamlarla üzləşəcəyini bilir. Maraqlı məqam ondadır ki, Mehridən dəhliz verilməsi məsələsinə görə Koçaryanı ittiham edirlər. Çünki, 2001-ci ildə Ki-Uest danışıqlarında Pol Qobl planı var idi. Burada əslində nəzəri baxımdan razılaşma əldə edilmişdi ki, Ermənistan Mehridən Azərbaycana Naxçıvana birbaşa getmək üçün maneəsiz dəhliz versin. Paşinyan hakimiyyəti bunu davamlı olaraq Koçaryana və Qarabağ klanına qarşı istifadə edir. O zaman bu plan işləmədi. İndi Paşinyanın bundan daxildə istifadə etdiyi rıçaqları əlindən çıxacaq. Digər tərəfdən isə burada Paşinyanın bağlı olduğu Qərbin də maraqları var. Rusiyanın dəhlizə nəzarət etməsi lazım olduqda yollara müdaxilə imkanlarını zəiflədir. Zəngəzur dəhlizində Amerikanın da öz maraqları var. Kommunikasiyanın açılması əslində həm regional proseslərlə yanaşı, həm də qlobal proseslərin tərkib hissəsidir. Burada Çinin, Rusiyanın öz maraqları var”.

                         

Siyasi ekspert deyib ki, Ermənistan Zəngəzur dəhlizində nəzarət məntəqəsi yaratsa, Azərbaycan da Laçın dəhlizində eyni addımı ata bilər və ya bu məsələni gündəmə gətirəcək. Ümumiyyətlə Rusiya bu prosesə razı olacaqmı? Bu artıq sual altındadır. Bu məsələ Brüssel razılaşmasını sual altına salır.

Politoloq vurğulayıb ki, Brüssel razılaşmasının praktikada işləyib-işləməyəcəyini qarşıdakı zaman göstərəcək. Xüsusən Moskvanın sərgiləcəyi mövqeyə baxmalıyıq:

“Ümumiyyətlə, ümumi razılaşmada həm postmünaqişə dövrü ilə bağlı deyilənlər, o cümlədən sərhədin müəyyənləşməsi məsələsində Avropa İttifaqının məşvərətçi qismində iştirakı Rusiyaya sərf edir. Rusiyanın da marağındadır ki, Avropa İttifaqı prosesdə iştirak etsin. Xüsusən də Avropa İttifaqının iştirakı Minsk qrupu formatının arxa plana keçməsi deməkdir. Bu baxımdan ümumi razılaşma sərf edir. Lakin Zəngəzur və Laçın dəhlizləri məsələsində Rusiyanın mövqeyini gözləmək lazımdır. Həm də razılaşmada 10 noyabr bəyanatına istinad edilməsi bəyanatın bəndlərinin icrası ilə bağlı məsələni bir qədər fərqli yönə çəkir. Çünki 10 noyabr razılaşmasında Zəngəzur dəhlizi ilə bağlı dəhliz ifadəsi işlədilməsə də bu dəhliz məntiqi idi. Bu artıq bir qədər vəziyyəti qarışdırır. Brüssel razılaşmasının praktiki mərhələdə işləyəcəyini sual altına salır. Çünki, əgər Zəngəzur dəhlizində məhz Ermənistanın istədiyi kimi nəzarət buraxılış məntəqəsi yaradılsa bu bir tərəfdən Laçın dəhlizinə Azərbaycanın nəzarət imkanını artırır. Digər tərəfdən bu 10 noyabr razılaşmasının 9-cu bəndinin sıradan çıxması deməkdir. Bu o deməkdir ki, dəhlizlə bağlı tərəflər ayrıca bir razılaşma əldə etməlidir. Bu məsələlər artıq Rusiyanın vasitəçilik məsələsinə problem yaradır. Bu baxımdan biz Moskvanın dəhliz məsələsində hansı mövqe sərgiləyəcəyini gözləməliyik”.

Asif Nərimanlı bildirib ki, Brüssel görüşünün nəticələrini ciddi nəticə hesab edə bilərik. Çünki nə razılaşma bəyanatında, nə də çıxışlarda ATƏT-in Minsk qrupu və Qarabağ məsələləri gündəmə gətirilmədi:

“Bəyanatda postmünaqişə dövründə iki ölkə arasında əlaqələrin yaradılması ilə bağlı addımların atılması çağırışları edildi. Bu o deməkdir ki, Avropa İttifaqı timsalında qərb Azərbaycanın mövqeyini qəbul edir. Bu həm də Rusiyaya sərf edən məqamdır. Rusiya da münaqişənin həll edildiyi mövqeyindən çıxış edir. Bakı və Moskvanın gündəliyi eynidir. Azərbaycan Prezidenti İlham Əliyevin məhz Avropa İttifaqını oyuna daxil etməsi çox strateji bir addımdır. Burada məqsəd ATƏT-in Minsk qrupunu arxa plana keçirməkdir. Minsk Qrupu ilə bağlı çağırışlar Avropa İttifaqının vasitəçiliyi ilə arxa plana keçir. Qərb Avropa İttifaqının timsalında postmünaqişə dövrü ilə bağlı mövqe sərgiləyir. Artıq münaqişənin həll edilməsi məsələsini qəbul edirlər. Prezident İlham Əliyev müsahibəsində də bunu bildirdi. Bakının mövqeyinin qəbul edilməsi fikrimcə bu görüşlərdə də müzakirə edilib - Şarl Mişellə, NATO baş katibi ilə və üçtərəfli görüşdə. Əliyev-Paşinyan görüşündə də bu əsas mövzulardan biri olub. Nəticə olaraq göründü ki, bu mövqe qəbul edilib. Bu, əslində Azərbaycanın ən böyük uğurlarından biridir. Görüşdən öncə də bildirmişdim ki, Bakı əsas vurğunu bunun üzərində quracaq. Avropa İttifaqının Minsk qrupunun dirildilməsi cəhdlərinə qarşı alternativ kimi istifadə edilməsi, faktiki razılaşmanın əldə edilməsi, verilən bəyanatlar, sərgilənən mövqe Azərbaycanın buna nail olduğunu göstərir. Minsk qrupunun dirildilməsi məsələsi gündəmə gələcəyi təqdirdə Azərbaycan Avropa İttifaqının mövqeyini əsas götürəcək. Avropa İttifaqı da münaqişənin həll edilmədiyi mövqeyinə qarşı çıxacaq. Bu, artıq qərb cəbhəsinin də bizim maraqlarımız fonunda çıxış etməsi hesab oluna bilər”.

“Ermənistanın status məsələsi davası 30 il ərzində Qarabağda özünün dırnaqarası müqəddəratını təyin etmə prinsipinin qəbul edilməsi üzərində gedir. Lakin fikrimcə, bu məsələ artıq bitmiş hesab edilir. Təkcə ona görə yox ki, müharibədə qalib gəlmişik. Biz qalib gəldikdən sonra bunun siyasi nəticələri də bu yöndədir. Bölgədə 2 əsas qüvvə var - Türkiyə və Rusiya. İkisi də münaqişənin bitdiyini qəbul edir. Avropa İttifaqının prosesə cəlb edilməsilə bu məsələdə daha ciddi irəliləyiş əldə edildi. Bu, artıq status məsələsini arxa plana keçirir. Status məsələsi zamanla Ermənistan tərəfindən səsləndiriləcək. Bu daha çox daxili auditoriyaya hesablanmış məsələdir. Qarabağdakı ermənilər üçün artıq yol yoxdur. Ya Azərbaycan vətəndaşı kimi yaşamalı, ya da getməlidirlər. Əslində oradakı iqtisadi-sosial vəziyyət zamanla vətəndaşlığın qəbul edilməsi prosesini yetişdirir. Azərbaycan da bunu nəzərə alır. Ancaq indi ən vacibi sərhədlərin və kommunikasiyaların açılması məsələsidir. Qarabağda idarəçiliyin bərpa edilməsi isə sonrakı prosesdir. Bundan sonra Türkiyə və Azərbaycan Rusiyanın bölgədən hansısa formada çıxarılması üzərində işləyəcək. Fikrimcə Rusiya nəyinsə qarşılığında buna gedəcək. Yəni proses bu yöndədir”, - deyə siyasi ekspert ermənilərin status məsələsinə münasibət bildirərkən deyib.

Bəxtiyar CƏFƏRLİ