Advertisment

Rusiya Ukrayna sərhəddinə texnikanı niyə yığır?

Rusiya ordusunun Ukrayna sərhədləri boyu irimiqyaslı cəmləşməsi davam edir. virtualaz.org xəbər verir ki, sosial şəbəkələrdə yayılan yeni görüntülər bu cəmləşmənin məqsədinin Ukraynaya qarşı irimiqyaslı hərbi müdaxilə olduğuna dair narahatlıqları daha da artırıb. Belə ki, Ukrayna sərhədləri yaxınlığındakı Klintsov rayonu ərazisindəki səhra düşərgəsinə çoxsaylı mühəndis texnikasının cəmləşdirildiyinə dair kadrlar yayılıb. Həmin texnika ancaq cəbhə xəttini yarmaq üçün istifadə edilə bilər və onların sərhədə cəmləşdirilməsini başqa heç nə ilə əsaslandırmaq mümkün deyil.

Kadrlara əsasən Rusiya qoşunlarının  Klintsov ətrafındakı səhra düşərgəsinə TMM-3 ağır mexanikləşdirilmiş körpüləri, EOV-421 ekskovatorları, PTS-4 tırtıllı traktorları, UR-77 “Meteroit” özüyeriyən reaktiv mina təmizləmə qurğuları, İMR-3M maneələri təmizləmə mühəndis maşınları və digər mühəndis texnikası cəmləşdirilir. O cümlədən çoxsaylı zirehli döyüş texnikasını daşıyan dəmir yol eşalonları sərhədə tərəf hərəkət edir. Həmin istiqamətdə ağır mexanikləşdirilmiş körpülərin tətbiq edilə biləcəyi çaylar ancaq Ukrayna və Belarusla sərhədlərdən keçir. Bu baxımdan Rusiya ordusunun həmin texnikanı Klintsov istiqamətinə cəmləşdirməsi Ukrayna üzərinə hücuma hazırlıqlara dəlalət edən daha bir faktdır.

Rusiya mənbələri Klintsov rayonundakı səhra düşərgəsində 20 minədək canlı qüvvənin cəmləşdirildiyini bildirir.

Xatırladaq ki, ABŞ kəşfiyyatı Rusiyanın Ukrayna sərhədləri boyu 100 batalyon-taktiki qruplaşması, yaxud 175 minə yaxın canlı qüvvə cəmləşdirdiyini, hücumun yanvarın sonlarında və ya fevralın əvvəllərində başlaya biləcəyini bildirib.

Lakin bəzi KİV-lər hücumun daha tez başlayacağını iddia edir. Böyük Britaniya kəşfiyyatının nümayəndələri istisna etmir ki, Kreml hücum əmrini yaxın günlərdə, dekabrın sonlarında verə bilər. “Daily Star” qəzeti bu haqda yazır və bildirir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu informasiyanı şərh etmək istəməyib.

Virtualaz.org