Bu gün Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günüdür.
Xatırladaq ki, Prezident İlham Əliyevin 10 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il 17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Müdafiə Sənayesi Nazirliyinin Azərbaycan ordusunun silahlanmasında və ümumiyyətlə, hərbi sahədəki fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?
Herbiand.az bununla bağlı ehtiyatda olan zabit, hərbi ekspert Şair Ramaldanovdan münasibət öyrənib.
Şair Ramaldanov ilk öncə bunları dedi:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidentinin səyi nəticəsində ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi yarandı. Qısa bir zamanda Azərbaycana müasir avadanlıqlar gətirildi. Mütəxəssislərimiz hərbi sənaye kompleksi inkişaf etmiş ölkələrə göndərildi. Bu mütəxəssislər orada təcrübə keçdilər. Qısa bir müddətdə 2007-ci ildə 16 adda məhsulla hərbi sərgidə iştirak edən Müdafiə Sənayesi Nazirliyi artıq 10 ildən də artıq keçən müddətdə 1000-dən artıq məhsul istehsal etməyə başladı. Bu da Azərbaycanın hərbi sənayesinin çox vacib bir elementi olaraq müharibə şəraitində olan ölkəmiz üçün əhəmiyyətli istiqamətdir. Ali Baş Komandan məhz bunu bildiyi üçün müdafiə sənayesinin inkişafında yeni texnologiyaların tətbiqini inkişaf etdirdi. Qısa vaxtda dağılmış sexlər, müəssisələr müasir avadanlıqların vasitəsilə böyük bir müəssisələrə çevrildi. Müasir avadanlıqlarla işləməyi bacaran intellektual potensiala malik olan kadrlar bura cəlb olundu. Azərbaycan Texniki Universitetində Müdafiə Sənayesi Nazirliyinə mütəxəssislər hazırlayan fakultə var. Nazirlik bu təhsil ocağı ilə biləvasitə təmasdadır və kadrların hazırlanmasında öz tövsiyyə və məsləhətlərini verir”.
Hərbi ekspert bildirib ki, bu gün Azərbaycan hərbi sənayesi birinci növbədə ölkədə ən çox istifadə olunan hərbi avadanlıq və sursat istehsalı ilə məşğul olur. Bu da çox düzgün istiqamətdir:
“Məsələn, bu gün bütün artilleriya sistemləri üçün mərmilər, atıcı silahların güllə və patronları Azərbaycanda hazırlanır. Müharibə şəraitində olan ölkə üçün bu çox vacibdir. Çünki birinci Qarabağ savaşında yadımdarır ki, İrandan aldığımız bir mərminin qiyməti 248 dollar idi. Digər tərəfdən tez istifadə olunan xırda çeşidlər də var. Bununla bərabər, İsraillə birgə silah istehsalı ilə bağlı müqaviləmiz, Türkiyə ilə də birgə proyektlərimiz var. Bunlar daha çox müasir silah və avadanlıqlara yönəlmiş proyektlərdir”.
Şair Ramaldanov vurğulayıb ki, bu gün hərbi sənaye artıq gəlir gətirən Nazirliyə çevrilib. 30-dan çox ölkəyə silah satılır. Hərbi sərgilərdə nümayiş olunur və orada silah ixracı ilə bağlı müqavilələr bağlanır. Azərbaycan hərbi sənayesinin beynəlxalq sərgilərdə pavilyonları ildən-ilə genişlənir. Azərbaycanın istehsal etdiyi silahlar müharibə sınağından keçdi:
“Bundan sonra hərbi sənayeyə olan müraciətlərin sayı artdı. Bu gün Azərbaycan hətta “itiqovan” adlı pilotsuz uçan aparatlar da hazırlayır. Hərbi sənayemiz qısa bir zamanda inkişaf etdi və perspektivli bir sahə hesab olunur. Orada işləyən mütəxəssislər yüksək peşəkarlıqları ilə seçilirlər. Düzdür bunların fəaliyyəti demək olar ki, cəmiyyət üçün gizli qalır. Onlar haqqında məlumatlar da gizli saxlanılır. Ancaq belə müasir avadanlıqlar almaq və keyfiyyətli məhsul hazırlamaq üçün yüksək peşəkarlığa malik kadr olmaq lazımdır. Bu gün müasir avadanlıqlarla işləmək üçün belə tələblərə cavab verən kadrların hazırlanması məsələsi də çox vacibdir. Düşünürəm ki, hərbi sənaye mütəxəssisləri bu bayramı artıq başqa bir abu-havada keçirirlər. Onların hazırladıqları məhsullar bu qələbədə özünü göstərib. Biz hərbçilər onların peşə bayramlarını təbrik edirik. Bu sənayedə işləyənlərə müvəffəqiyyətlər arzulayırıq. İnanırıq ki, hərbi sənayemiz bundan sonra da getdikcə güclənəcək və inkişaf edəcək”.
Bəxtiyar CƏFƏRLİ