Advertisment

"Əliyevin ideyalarının Ermənistanda ən azı 680 min tərəfdarı var"

“Əliyev (Azərbaycan prezidenti İlham Əliyev – red.) beynəlxalq ictimaiyyət qarşısında özünü əmin hiss edir, çünki onun ideyalarının Ermənistanda ən azı 680 min tərəfdarı var”. Bunu “Hraparak” qəzetinə Alternativ Layihələr Qrupunun eksperti Vahe Ohanesyan deyib.

Ekspert hesab edir ki, Əliyevin açıqlamaları beynəlxalq ictimaiyyət, vasitəçilər tərəfindən qəbul olunacaq: “Bu, müharibədən sonrakı inkişafın nəticəsidir. Ermənistan bir il ərzində danışıq aparatını dəyişə bilməyib, danışıqların ətalətsiz, itirilmiş kursu onu buna gətirib çıxarıb. Əslində bu, bədnam “yeni sıfır nöqtəsi”dir. Danışıqların hər mərhələsində Əliyev Ermənistan tərəfinin hazır olmadığı yeni məsələlər ortaya qoyur. Və Əliyevin yeni danışıqlar nöqtəsinin fəlsəfəsi hansısa yoldan yox, Ermənistanın bir dövlət kimi intensiv şəkildə çöküşündən ibarətdir. Əliyevin irəli sürdüyü hər iki variant Ermənistan üçün qəbuledilməzdir. Amma Ermənistanın öz seçimi yoxdur. Müharibədən sonra Əliyev öz gündəmini, Ermənistan isə Nikolu təbliğ edirdi”.

Ohanesyan qeyd edir ki, indiki mərhələdə Ermənistan yeni ideyalar, yeni təkliflər formalaşdırmalıdır ki, bunun üçün də ölkənin hələ institusional resursu yoxdur: “Əliyev beynəlxalq ictimaiyyət qarşısında özünü inamlı hiss edir, ona görə də onun ideyalarının Ermənistanda ən azı 680 min tərəfdarı var” .

virtualaz.org