Advertisment

“Fransanın əsas məqsədi ATƏT-in Minsk qrupunun canlandırılmasına nail olmaqdır” - Politoloq

Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

Emmanuel Makron Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla videogörüşünü müşayiət edərkən, özünün “Twitter” səhifəsində Ermənistana dəstək qeydi edib və bunları yazıb: “Biz erməniləri heç vaxt tərk etməyəcəyik. Biz həmişə davamlı sülhün bərqərar olması üçün həll yolları axtaracağıq. Mən qarşıdan gələn bayramları sülh və humanitar sahədə nailiyyətlər dövrünə çevirməyə çağırıram”.

Eyni zamanda, Fransa prezidenti görüşlə bağlı rəsmi "Facebook" hesabında Azərbaycan dilində paylaşım da edib: "Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik".

Bu görüşün təşkil edilməsinin məqsədi nə idi? Fransa indiki reallıqda Cənubi Qafqazda zəifləmiş və ya itirilmiş mövqeyini bərpa etmək istəyir yoxsa səbəb başqadır?

Makronun özünün “Twitter” səhifəsində Ermənistana dəstək qeydini və rəsmi "Facebook" hesabında Azərbaycan dilində paylaşımını necə izah etmək olar?

Siyasi ekspert Samir Hümbətov herbiand.az-a açıqlamasında bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun bu cür reaksiya verməsi gözlənilən idi. Amma onun Brüssel görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüş keçirəcəyi əvvəlcədən planlaşdırılmamışdı, ümumiyyətlə protokola da salınmamışdı. Bu, sonradan baş tutan proses oldu. Bu görüşün Makronun öz fikri olduğunu düşünmürəm:

“Hesab edirəm ki, bu, Fransa dövlətinin ümumi bir qərarı idi. Belə bir vəziyyətdə tələsik bir görüşun keçirilməsi və sonra Ermənistana dəstək xarakterli tvitin atılması onu göstərir ki, Fransa artıq vəziyyəti başa düşüb. Birincisi, düşünmürəm ki, Makron ölkədə sülhün, sabitliyin, əmin-amanlığın olması üçün can yandırır və buna görə belə səylər göstərir. Xeyr. Sadəcə olaraq ikinci Qarabağ savaşı və ondan sonrakı müddətdə ATƏT-in Minsk qrupunun 3 sədrindən ikisi – Fransa və ABŞ-ın bir növ bölgədə gedən proseslərdən kənar saxlanılması Fransanı ciddi narahat etməyə başladı. Paşinyanın da seçkiqabağı kampaniyası dövründə qərbə, xüsusilə də Fransaya və qərb ölkələrinə səfərlər etməsi onu göstərir ki, erməni baş nazir də onlardan aktivlik yaranmasını gözləyir. Yəni Ermənistanın siyasi rəhbərliyi ilə Qərb arasında həmfikirlik mövcuddur. Onlar təbii ki, Ermənistanı dəstəkləyəklər. Çünki, ermənilərin ən böyük lobbi təşkilatları Fransa, ABŞ və Rusiyada yerləşir. Makronun Fransada olan lobbi təşkilatların dəstəyi ilə Brüsselə gəlməsi gözlənilən idi. Çünki, hər kəsə məlumdur ki, Makron seçkiqabağı kampaniya və seçki dövründə erməni lobbisindən dəstək alıb. Onun tvitdə ermənilərə dəstək xarakterli səsləndirdiyi fikirləri onu ortaya qoyur ki, Fransa bu məsələdə Ermənistanın maraqlarını güdmək naminə aktiv olmağa çalışır. Bunun üçün də danışıqlar prosesinə qoşulmaq istəyir”.

Siyasi ekspert qeyd edib ki, Azərbaycana bir jest edilməsi üçün bizim dildə paylaşım edilsə də, orada “biz azərbaycanlıları tərk etməyəcəyik” kimi sözlər yazılmayıb. Çünki, yaza da bilməz. Orada Makrona təsir etmək üçün elə bir güclü Azərbaycan lobbisi yoxdur:

“Həm də məlum məsələdir ki, Fransanın Azərbaycana və Türkiyəyə baxışı necədir. Hesab edirəm ki, bütün bunların fonunda onu demək olar ki, Fransanın əsas məqsədi yenidən ATƏT-in Minsk qrupunun canlandırılmasına nail olmaqdır. Bununla da bölgədə yenidən aktivliyini artırmaq istəyir. Rusiyanın bunu nə qədər xoş qarşılaması artıq sonrakı proseslərdə məlum olacaq. Amma görünən odur ki, Rusiya nə Fransanın, nə də ABŞ-ın münaqişəyə qatılmaqlarını istəmir. Məsələni öz dominantlığı altında saxlamaq istəyir. Fikrimcə, bütün məsələlərin kökündə də məhz bu proseslərdən kənar qalmaq durur. Fransa bundan sonra da çalışacaq ki, aktivliyini davam etdirsin. Ən azından Paşinyanın istəyi budur. Paşinyan istəyir ki, məsələyə qərbi, xüsusən də Fransanı, ABŞ-ı cəlb etsin. Biz Fransadan sonra ABŞ-da bu məsələdə aktivlik etməsinin şahidi ola biləcəyik. Necə ki, artıq ABŞ dövlət katibi səviyyəsində bununla bağlı açıqlamalar yavaş-yavaş gəlməkdədir. Hətta Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı ABŞ dövlət katibi Entoni Blinkin artıq “alqışlayırıq” bəyanatını səsləndirməsi də onun məntiqi nəticəsi ola bilər”.

Bəxtiyar CƏFƏRLİ