Advertisment

Brüssel görüşləri Azərbaycan diplomatiyasının növbəti qələbəsi hesab edilməlidir

Bildiyimiz kimi, dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Soçidən sonra Brüsseldə keçirilən birgə görüş region üçün xüsusi siyasi əhəmiyyət kəsb edir.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Diqqət çəkən məqamlardan biri Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi də geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib.

Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması da söhbət mövzusu olub. Tərəflər razılığa gəliblər ki, avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcək. Görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən mətbuata açıqlama verilib. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsindən sonra Cənubi Qafqazda geosiyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyi məsələsi bu gün xüsusi diqqət yetirilən məsələlərdəndir. Xüsusilə regiondakı vəziyyətə Ermənistanın kapitulyasiyasının ifadəsi sayılan 2020-ci il 10 noyabr, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar Bəyanatının, eyni zamanda, 26 noyabr Soçi Bəyanatının prizmasından yanaşanlar ortaq geosiyasi və siyasi kontekst axtarmağa daha çox meyillidirlər. Əslində, Soçi görüşündən sonra Brüssel görüşündə də müzakirələr məhz həmin üç sənəddə yer almış müddəaların yerinə yetirilməsinin gedişatı ətrafında aparılıb. "Herbiand.az"ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında “Gənc Nəslin Maarifləndirilməsi” ictimai birliyinin sədri Mikayıl Həsənli deyib. O bildirib ki, konstruktiv mühitdə keçən müzakirələrdə Azərbaycanın xüsusi rolu mütləq vurğulanmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev son dərəcə böyük ustalıqla postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində iştirak edir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir. Artıq hər kəs bilir ki, Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün əlindən gələni edir. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında səmimi olaraq maraqlıdır. Bütün bunların fonunda Brüssel görüşü və onun sənədləşmiş nəticələrinin geosiyasi kontekstdə analizinə ciddi ehtiyac duyulur.

Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra hər bir çıxışında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi Bəyanatda da məhz Azərbaycanın bu mövqeyi öz əksini tapır. Görüşdən sonra açıqlama verən Şarl Mişel iki ölkənin dəmir yolu xətləri ilə bağlı razılığa gəldiyini deyib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlama verib, problemlərin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun qurulmasının vacib olduğunu vurğulayıb. Şarl Mişel Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bəzi məsələlərdə, o cümlədən magistral yolların birləşməsi ilə bağlı müzakirə edilməli olan mövzuları müəyyən etdiyini və gələcəkdə bu mövzuda danışıqlar aparılacağına da ümid etdiyini bildirib. “Azərbaycan və Ermənistanın imzaladığı birgə Bəyannamədə ölkəmizin qərb əyalətləri ilə Naxçıvanı quru və dəmir yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı məsələlərin yer aldığı maddə qarşı tərəfin barışmaz münasibəti ucbatından həyata keçirilməyib. Prezident İlham Əliyev Brüsseldə Nikol Paşinyanla görüşündən əvvəl verdiyi açıqlamada Zəngəzur dəhlizinin də Laçın dəhlizi ilə eyni hüquqi rejimə tabe olmasının vacibliyini vurğulayıb və bildirib ki, Laçın dəhlizində heç bir gömrük yoxdur, ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Prezident İlham Əliyev deyib ki, “Ermənistan gömrük yaradılmasında, mallara və şəxslərə nəzarətdə israr etsə, biz də Laçın dəhlizində bunu israr edəcəyik. Bu barədə Ermənistan qərar verəcək. Biz hər iki varianta açığıq. Ya hər ikisində gömrük olmayacaq, ya da, hər ikisində gömrük olacaq”. Bəyanatda, həmçinin qeyd olunub ki, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan iki ölkə arasında sərhədlərin delimitasiyası danışıqlarının başlanması üçün lazımi şəraitin yaradılması məqsədilə bu sahədə gərginliyin azaldılması üçün daha konkret addımların atılmasının zəruriliyi barədə razılığa gəliblər”, - deyə ictimai birliyinin sədri vurğulayıb. Mikayıl Həsənli əlavə edib ki, bunlardan başqa, ilk dəfə olaraq Avropa İttifaqının gündəliyinə itkin düşmüş şəxslər mövzusu salınıb və onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Bundan əlavə, Bəyanatda humanitar minatəmizləmə səylərinə dəstək ifadə edilir. Bu isə o deməkdir ki, Avropa İttifaqı tərəfindən Azərbaycanın mina təmizləmə səylərinə dəstək veriləcək. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən reabilitasiya və rekonstruksiya işlərinə Avropa İttifaqı tərəfindən dəstək veriləcəyi qənaətinə gəlmək mümkündür. Ümumilikdə Brüssel görüşləri Azərbaycan diplomatiyasının növbəti qələbəsi hesab edilməlidir. Avropa İttifaqı tərəfindən sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində məşvərətçi statusunda dəstəyin ifadə olunması Prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyindən hasil olan nəticədir. Ümumilikdə Brüssel səfərini kifayət qədər uğurlu hesab edə bilərik. Həm Azərbaycan və Ermənistan arasındakı danışıqların uğurla davam etməsi, həm Azərbaycan-NATO, həm də dövlətimizin Avropa İttifaqı ilə əlaqələrində daha böyük addımların atılacağı gözlənilir. Region müsbət mənada qlobal dəyişikliklərə hazır olmalıdır.