Pakistanın Milli Assambleyasında Vətən müharibəsində qazanılan şanlı Qələbə və onun tarixinə həsr edilən, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində nəşrinin təqdimatı keçirilib.
Ölkəmizin Pakistandakı səfirliyindən Herbiand.az-a bildiriblər ki, tədbirdə əsas qonaq qismində Pakistan Milli Assambleyasının vitse-spikeri Syed Qulam Mustafa Şah, habelə federal kommunikasiya naziri Abdul Alim Xan, federal hüquq və ədliyyə naziri Azam Nazir Tarar, federal informasiya və yayım naziri Ataullah Tarar, Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Milli Assambleyanın komitə sədrləri, senatorlar və millət vəkilləri, xarici ölkələrin Pakistandakı səfirləri, Pakistan ictimaiyyətinin tanınmış nümayəndələri, tarixçi-alimlər, QHT və media təmsilçiləri, bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Əvvəlcə şəhidlərimizə ehtiram əlaməti olaraq onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Qurani-Kərim”dən ayələr oxunub. Sonra Azərbaycan və Pakistanın Dövlət himnləri səsləndirilib, iki ölkə arasındakı qardaşlıq münasibətlərinə dair videoçarx nümayiş etdirilib.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov İkinci Qarabağ müharibəsinin şanlı tarixindən bəhs edərək, Ermənistanın növbəti təxribatına cavab olaraq Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın parlaq Zəfər qazandığını diqqətə çatdırıb. O, 2023-cü il sentyabrında keçirilmiş uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini vurğulayaraq, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini deyib.
İki ölkə arasında qardaşlıq münasibətlərindən danışan səfir Xəzər Fərhadov qeyd edib ki, Pakistan istər keçmiş münaqişə dövründə, istərsə də sonrakı dönəmlərdə Azərbaycanın ədalətli mövqeyini regional və beynəlxalq platformalar çərçivəsində hərtərəfli şəkildə dəstəkləyib. O, həmçinin vurğulayıb ki, Pakistan ictimaiyyəti üçün daha da əlçatan olması məqsədilə urdu dilinə çap edilmiş kitab Azərbaycanın şanlı tarixi ilə bağlı elmi tədqiqatlar üçün önəmli mənbə rolunu oynayacaq.
Diplomat kitabın urdu dilinə tərcümə edilməsində göstərdikləri əməkdaşlığa görə Muslim İnstitutu, Azərbaycan Ticarət Evi və Pakistanın Milli Dilin Təbliği İdarəsi, həmçinin nəşrin təqdimatına göstərilən yüksək dəstəyə görə Milli Assambleyanın rəhbərliyinə təşəkkür edib.
Pakistan İslam Respublikası Milli Assambleyasının vitse-spikeri Syed Qulam Mustafa Şahın və Türkiyə səfiri İrfan Nəziroğlunun çıxışları dinlənilib. Məruzəçilər 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində qazanılan tarixi Qələbəmiz haqqında danışaraq, müstəqilliyinin ilk günlərindən etibarən Pakistan və Türkiyənin Azərbaycanla davamlı həmrəylik nümayiş etdirdiklərini vurğulayblar.
Kitabın nüsxələri tədbirdə iştirak edən qonaqlara, Pakistan Milli Assambleyasının kitabxanasına təqdim edilib. Həmçinin Pakistanın beyin mərkəzlərinə, milli və digər kitabxanalara, ali təhsil ocaqlarına göndərilib.