Türkiyənin Qars şəhərində “ETERNITY 2025” Azərbaycan-Gürcüstan-Türkiyə komanda-qərargah təlimi keçirilib. Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Strateji Boru Kəmərinin Mühafizəsi İdarəsinin əməkdaşları təlimdə iştirak ediblər.
Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilir ki, təlimdə departamentin Çevik hücum şöbəsinin əməkdaşları həm kompüter simulyasiya mərhələsinə, həm də sahə əməliyyatlarına cəlb olunublar.
“ETERNITY 2025” təlim ssenarisi Bakı-Tbilisi-Ceyhan neft kəmərinin böhran vəziyyətində təhlükəsizliyinin təmin edilməsi, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın aidiyyəti qurumları arasında qarşılıqlı əlaqə və koordinasiyanın təkmilləşdirilməsini nəzərdə tutub.
Təlim uğurla başa çatıb və iştirakçı dövlətlərin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə komanda-qərargah təlimləri hər il rotasiya qaydasında üç ölkədə keçirilir.