Advertisment

Qəhrəman şəhid leytenant Şəhriyar Məmmədovun xatirəsi ehtiramla anılıb

 

Babək rayonunun Kalbaoruc Dizə kəndində Vətən müharibəsi şəhidi, leytenant Şəhriyar Müzəffər oğlu Məmmədovun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib. Şəhidin məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova bildirib ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımız xalqımızın milli qürur mənbəyidir. O qeyd edib ki, Şəhriyar Məmmədovun döyüş yolu və igidliyi gənclər üçün əsl vətənpərvərlik məktəbidir.

Səbinə Abbasova vurğulayıb ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlətin qəhrəman övladlarına olan yüksək ehtiramını nümayiş etdirir.

Digər çıxış edənlər şəhid Şəhriyar Məmmədovun vətənpərvərliyindən, nizam-intizamından və döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki, onun şərəfli ömür yolu Babək gəncləri üçün fədakarlıq və vətən sevgisi nümunəsidir. Şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunması dövlətimizin şəhidlərə və onların ailələrinə göstərdiyi yüksək ehtiramın bariz göstəricisidir.

Şəhriyar Məmmədov 22 fevral 1999-cu ildə Babək rayonunun Kalbaoruc Dizə kəndində anadan olub. Ailədə iki bacı və iki qardaşın biri olan Şəhriyar 2005–2014-cü illərdə Qaraqala kənd tam orta məktəbində, 2014–2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2016–2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərən Şəhriyar Məmmədov 2020-ci il oktyabrın 15-də döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ölümündən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı, “Xocavəndin azad olunmasına görə” medalı və “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Bəxtiyar ƏLİYEV

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi