Ağ Ev İsrailə təzyiqi gücləndirib: Tramp yenidən Netanyahunu xilas edəcəkmi?
ABŞ Prezidenti Donald Tramp Qəzzaya səfər edəcəyini açıqlayıb. Tramp bu barədə "Taym" jurnalına müsahibəsində bildirib. Jurnalistin müvafiq sualına "bəli, gedəcəyəm" deyə cavab verib. ABŞ-nin vitse-prezidenti Cey Di Vens İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar zamanı Qəzza zolağında münaqişənin həlli üzrə sülh sazişinin növbəti mərhələlərinə keçid üçün şans və zaman verilməsini xahiş edib. Məlumata görə, 22 oktyabrda keçirilən görüş zamanı Vens Netanyahudan maksimum əməkdaşlıq göstərməyi xahiş edib və Vaşinqtonu narahat edən bəzi məqamları qeyd edib.
O, xüsusilə son günlərdə İsrail hərbçilərinə qarşı hücumlara cavab olaraq HƏMAS tərəfdarlarının mövqelərinə endirilən zərbələrə və Qəzzaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətlərə diqqət çəkib, İsrail tərəfini təmkinli olmağa çağırıb. Netanyahu ABŞ vitse-prezidentinə İsrailin sülh razılaşmasının çərçivələrinə sadiq qalacağını və yaxın vaxtlarda tərəflərin sazişin növbəti mərhələlərinə keçəcəyinə ümid etdiyini bildirib. Ağ Ev Qəzzadakı vəziyyətin hazırkı gedişatından məmnunluq ifadə edib. ABŞ Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, vəziyyəti nəzarət altında saxlamaq və eskalasiyanın qarşısını almaq mümkün olub. "Voll Strit Jurnal" nəşri isə məlumat yayıb ki, ABŞ və İsrail Qəzzanı İsrail və HƏMAS tərəfindən nəzarət olunan ayrı-ayrı zonalara bölən bir planı nəzərdən keçirirlər. Bu plana görə, bərpa işləri yalnız İsrail tərəfinə aid olan zonalarda həyata keçiriləcək və bu, HƏMAS tərk-silah edilənə və hakimiyyətdən uzaqlaşdırılana qədər müvəqqəti bir tədbir kimi nəzərdə tutulur. Qeyd edək ki, Qəzza missiyasının yaradılması məqsədilə Mülki-Hərbi Koordinasiya Mərkəzi təsis edilib. Bu quruma bağlı olaraq təhlükəsizlik patrulu, mülki infrastrukturun qorunması, humanitar yardım, sərhəd təhlükəsizliyi, yerli təhlükəsizlik qüvvələrinin təlimi və atəşkəsin izlənməsi kimi vəzifələrə cavabdeh Beynəlxalq Sabitləşdirici Qüvvələrin yaradılması planlaşdırılır. Türk Silahlı Qüvvələrinin də həmin missiyada yer alacağı deyilir.
Yaxın Şərqdə yaranmış vəziyyəti Sherg.az-adəyərləndirən BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens ilk rəsmi səfərlə İsrailə gəldiyi zaman təyyarədən düşən kimi birbaşa Qəzza sektorunda Vaşinqton tərəfindən yaradılmış koordinasiya qərargahına yollandı. Siyasi şərhçi xatırladıb ki, Vensdən bir gün əvvəl ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkof və ABŞ prezidentinin kürəkəni Cared Kuşner İsrailə səfər etmişdi:
"Mütəxəssislərin fikrincə, Ağ Evin son günlərdəki diplomatik fəallığı İsrail Baş naziri Benyamin Netanyahunun HƏMAS-la bağlanmış müqavilədən çıxmağı planlaşdırdığı ilə bağlı narahatlıqlarla əlaqədardır. Deməli, İsrail tərəfi və Netanyahu komandasının iddialarının əksinə olaraq uzun müzakirələr nəticəsində əldə edilmiş atəşkəsin pozulmasında HƏMAS-dan daha çox qarşı tərəf maraqlıdır. Yəni HƏMAS tərəfindən təhlükə gözlənsəydi, ona qarşı təzyiqlər işə düşərdi. İsrailə qarşı addımların atılması və kütləvi informasiya vasitələrinə sızan xəbərlər Netanyahunun yaranmış vəziyyətdən razı qalmadığı istiqamətindədir. Bu dəfə atəşkəsi pozmaq ona müyəssər olacaqmı? Yaxud Tramp yenidən Netanyahunu qorumaq üçün əvvəlki taktikasını işə salacaq? Bunu zaman göstərəcək".