CULFADA ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİ ANILIB
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, 24 oktyabr 2025-ci il tarixdə Culfa rayonunda Vətən müharibəsi şəhidləri — Məmmədov Sahib Yaşar oğlu, Rzalı Daşqın Elşad oğlu və Seyidov Miryasin Mirqafar oğlunun anım tədbirləri keçirilib.
Tədbirlər Culfa rayon Şəhidlər Xiyabanında təşkil olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimlərində Culfa Rayon İcra Hakimiyyətinin başçısının müavini və başçının səlahiyyətlərini icra edən Sara Hüseynova, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, icra hakimiyyətinin, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən natiqlər qəhrəman şəhidlərin həyat və döyüş yollarından, Vətənimizin azadlığı və suverenliyi uğrunda göstərdikləri igidliklərdən, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə xalq-ordu birliyinin gücü sayəsində düşmən üzərində qazanılan möhtəşəm qələbədən danışıb, bu zəfərin hər bir şəhidin qəhrəmanlığı ilə daha da dəyər qazandığını vurğulayıblar. Hər bir igid oğul və qızımızın göstərdiyi cəsarət və mərdlik bu qələbənin təməlini təşkil edib və gələcək nəsillər üçün əbədiləşdiriləcək örnəkdir.
Tədbirdə şagirdlər şəhidlərə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər, dərin hörmət və qürur hissi ilə çıxış ediblər.
Sonda şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülərək ruhlarına dualar oxunub və onların əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Sahib Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahib Məmmədov oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub.
Sahib Məmmədov – “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub;
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Daşqın Rzalı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşqın Rzalı oktyabrın 21-də Zəngilan döyüşləri zamanı şəhid olub.
Rzalı Daşqın – 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub ;
Azərbaycan Ordusunun əsgəri olan Miryasin Seyidov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Xocavənd döyüşləri gedişatında Qırmızı Bazar qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 24 oktyabr 2020-ci ildə hərbi əməliyyatlarda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Seyidov Miryasin – “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bəxtiyar ƏLİYEV