“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki,
24 oktyabr 2025-ci il tarixdə Vətən müharibəsi şəhidləri — leytenant Məmmədov Elşən Əziz oğlu, leytenant Qəmbərli Elton Baba oğlu, Cəlilov Sahil Oktay oğlu və Babayev Babaxan Əlövsət oğlunun ildönümləri münasibətilə Şərur rayon Şəhidlər Xiyabanında anım tədbiri keçirilib. Daha sonra Xanlıqlar kənd qəbiristanlığında şəhid leytenant Məmmədov Ayxan Rəfail oğlunun məzarı başında da tədbir təşkil olunub.
Tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimlərində Şərur Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ceyhun Davıdov və icra hakimiyyətinin digər əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis şöbəsinin əməkdaşları, Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Şərur rayon təşkilatının sədri, Sosial Xidmətlər Agentliyinin Şərur rayon sektorunun müdiri, şəhid ailələri, qazilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordusunun və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının hərbi qulluqçuları, eləcə də Ələkli, Dərvişlər, Yuxarı Yaycı və Xanlıqlar kənd sakinləri iştirak ediblər.
Tədbirlərdə çıxış edən natiqlər qəhrəman şəhidlərimizin həyat və döyüş yollarından, Vətənimizin azadlığı və suverenliyi uğrunda göstərdikləri igidliklərdən bəhs edib, onların fədakarlıq və vətənpərvərlik nümunələrinin gənclər üçün örnək olduğunu vurğulayıblar. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə xalq-ordu birliyinin gücü, hərbçilərimizin misilsiz şücaəti və vətənpərvərliyi nəticəsində düşmən üzərində əldə olunan möhtəşəm qələbədən danışılıb, bu zəfərin hər bir şəhidin qəhrəmanlığı ilə daha da dəyər qazandığı qeyd edilib. Vurğulanıb ki, hər bir igid oğul və qızımızın göstərdiyi cəsarət, fədakarlıq və mərdlik bu qələbənin təməlini təşkil edib, xalqımızın azadlıq və suverenlik əzmini daha da möhkəmləndirib. Bu döyüşlərdə əldə edilən hər uğur, hər qazanılmış zəfər, hər bir şəhidimizin və qazimizin xidmətləri ilə bağlıdır və gələcək nəsillər üçün əbədiləşdiriləcək örnəkdir.
Tədbirdə Ələkli, Dərvişlər, Yuxarı Yaycı və Xanlıqlar kənd tam orta məktəblərinin şagirdləri şəhidlərə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, dərin hörmət və qürur hissi ilə çıxış ediblər.
Sonda şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə gül dəstələri düzülərək dualar oxunub, onların ruhuna dərin ehtiram ifadə edilib.
Şəhidlərimizi qürurla anırıq
Bəxtiyar ƏLİYEV