Advertisment

Azərbaycan Qəzzada sülhməramlı missiyaya qoşulmaq üçün BMT mandatı istəyir

ABŞ Azərbaycandan Qəzzada “Sabitlik qüvvələri”nə qoşulmağı xahiş edib.

Bu barədə “AnewZ” öz mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, Bakı bununla bağlı hələ son qərar verməyib. Azərbaycanın irəli sürdüyü tələb isə ölkənin bu missiyada hər hansı iştirakı BMT Təhlükəsizlik Şurasının qərarı ilə beynəlxalq legitimliyi təmin edən və aydın mandat verən bir çərçivədə olmalıdır.

Qeyd olunur ki, bu missiya klassik BMT sülhməramlı əməliyyatı deyil. Missiya Balkan münaqişələrindən sonra tətbiq olunan sülh quruculuğuna bənzəyir. Məqsəd əsas obyektləri qorumaq, humanitar yardımın çatdırılmasını təmin etmək və siyasi strukturlar formalaşana qədər silahlı qarşıdurmanın təkrarlanmasının qarşısını almaqdır.

ABŞ Qəzzaya öz qoşunlarını göndərməyi planlaşdırmır, əvəzində Vaşinqton etibarlı regional və beynəlxalq tərəfdaşlardan ibarət koalisiya yaratmaq niyyətindədir. Azərbaycana bu strateji sülh təşəbbüsünə diplomatik balans və təcrübə baxımından töhfə verə biləcək etibarlı tərəfdaş kimi baxılır.

Qeyd edək ki, bir müddət əvvəl “Politico” Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlərin İndoneziya, Azərbaycan və Pakistanın olduğunu yazıb.

APA