Advertisment

Culfa rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Vətən uğrunda canından keçən hər bir şəhidimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların ömür yolu və göstərdikləri fədakarlıq hər bir azərbaycanlı üçün əsl örnəkdir.

Bu gün Culfa rayonunda Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igid oğullar — Sahib Məmmədov və Ceyhun Dünyamalıyev anılıb.

Şəhid Sahib Məmmədov 1989-cu ilin 13 noyabrında Culfa rayonunun Yaycı kəndində dünyaya gəlib. Qısa, lakin mənalı ömür yaşayan Sahib, həyatını torpaqlarımızın azadlığına qurban verib. Onun doğum günü münasibətilə keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə nümayəndələri, eləcə də şəhid ailələri iştirak ediblər. Şəhid Sahib Məmmədov ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Digər igid şəhidimiz Ceyhun Dünyamalıyev isə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində torpaqlarımızın azad olunması uğrunda haqq savaşına qatılıb. Müharibədə igidliyi ilə seçilən Ceyhun Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd, Qubadlı və Hadrut qəsəbələrinin düşmən əsarətindən qurtarılmasında böyük fədakarlıq göstərib. O, 8 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ceyhunun şəhadətinin beşinci il dönümündə keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, rayonda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhid Dünyamalıyev Ceyhun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.

Tədbir iştirakçıları şəhidlərin xatirəsini ehtiramla yad edərək onların məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər söyləyərək igidlərin qəhrəmanlığını gələcək nəsillər üçün örnək göstəriblər.

Onların xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Bəxtiyar Əliyev
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi