Advertisment

Sözü ilə deyil sevgisi ilə öyrədən

Deyirlər ki, insan gərək dünyaya naxışla gəlsin. Yəni əzəldən taleyi, bəxti, şansı açıq olsun. Amma məncə o naxışı ömrümüz boyu qarşılaşdığımız yaxşı insanlar vurur taleyimizə. Bir növ həyat axarımızın bəzən yolunu belə dəyişə bilir. Belə insanlar həyatımıza çox kiçik yaşlardan başlayaraq girir. Bu naxışlar ailəmizdə, baxçada, məktəbdə, böyüdükçə iş həyatımızda, şəxsi münasibətlərdə tək-tək qazanılır. Naxışımız ya gözəl ya eybəcər olur əlbət. Amma mən bu gün sadəcə gözəlindən bəhs edəcəm. Məktəb illərimdən gələn bir gözəllik, saflıq, xeyirxahlıqla məni tanış edən müllimim. Müəllimliyin  necə məsuliyyətli və ağır bir peşə olmasıyla hamınız mənimlə razılaşarsınız. Onu da qeyd edim ki, bu həqiqətən bir bacarıq və Allahdan verilmiş bir naxış tələb edir. Hər elmi dərəcəsi  olan insan, yüksək zəkaya malik  alim, və ya gözəl rəssam,  musiqi alətində çalmağı bacaran fitri istedada sahib olan ifaçının belə yaxşı müəllim ola biləcəyi məçhuldur.

Mən Sumqayıt şəhərində 16 saylı tam orta məktəbin şagiridi olmuşam. İlk sinifə Azərbaycanın təkrar öz müstəqilliyini qazandığı illərdə, heç də asan olmayan bir dövrdə 1995ci ildə getmişəm. İlk müəlliməm savadlı, gözəl  Səkinə Quliyeva olub. Çox yaxşı xatırlayıram ki, Səkinə müəllimə  bizi vətənpərvər ruhda  yetişirirdi. Sinifə daxil olan kimi bir növ öz ritualımız vardı. Səkinə müəllimə bizə  bir neçə sual verirdi və biz də xorla cavab verirdik  “ Dövlətimiz?” – “ Azərbaycan” “ Dinimiz?” “ İslam” “ Milliyətimiz?” “ Türk” “ Bayrağız?” “ Üç rəngli”. Bu suallar gerbimiz, himnimiz , bütün dövlət atributlarımızı hər gün xatırlamaq və yaddaşımıza həkk etdirmək üçün idi. Altı yaşım vardı çox şeyi xatırlamaqda çətinlik çəksəm də bu anları heç vaxt unutmaram. Səkinə Quliyeva hər zaman ilk müəlliməm, mənə qələm tutmağı, oxumağı, yazmağı öyrədən bir insan, yaddaşımda hər zaman  gözəl xatirələrim kimi yaşayıb və yaşayacaq.

Teleh elə gətirdi ki, 2-ci sinifdən həyatıma başqa bir müəllim girdi. Bu gün sizi bu peşənin haqqını verən mənim və mənim kimi  yüzlərlə gəncin ömrünə toxunan, naxışlar nəqş edən nur simalı bir insan əziz müəllimim Nuricət Zülfüqarova ilə  tanış etmək istəyirəm əziz  oxucular. 

Onun sinifə daxil olduğu ilk günü indiyə kimi çox gözəl xatırlayıram. O gün geyindiyi libasından tutmuş, rəftarı, danışığı hər incə detalı belə ağlımdadır. Adı bizə qəliz gəldiyi üçün ilk işi adını sinif lövhəsinə qazmaq oldu. Olduqca gülər üzlü, xoş rəftarlı idi. Sanki müəllim olmaq üçün doğulmuşdu. Onu da qeyd edim ki, 2-ci sinifdə sinifimiz başdan ayağa dəyişildi. Oxuduğum sinfdə uşaq sayı bir sinif üçün çox, iki sinif üçün isə az idi. Məktəbimiz sinifi iki növbəyə ayırdı və iki  fərqli sinif yaradıldı. Amma əfsuslar olsun  hər iki sinifdə də uşaq sayını tamamlamaq üçün bəzi “müəllim”lər  onların dili ilə desək sinifdəki sayca artıq olan və öz düşüncələrinə görə zəif və tənbəl olan şagirdlərini bizim sinifə bir jest olaraq göndərdilər. Elə nə yaxşı ki, o uşaqlar bizim sinifə gəldilər. Belə ki, hər birimiz bir fidan kimi bir yerdə pöhrələndik, bir yerdə güldük, bərabər öyrəndik, əyləndik. Sinifdə bir uşaq belə diqqətdən və nəzarətdən kənar qalmadı əlbəttə, Nuricət müəllimənin sayəsində. Məktəbdə adımız “yığma sinif” kimi çıxsa  da sonra sorağımız hər zaman ən yaxşı siniflər sırasına yüksəldi. Çünki şövqümüzü müəllimimizdən aldıq. Onun müdrikliyi, savadı, qayğıkeşliyi sayəsində hər birimiz yaxşı insan kimi formalaşmağa başladıq. Həm savadımızı, həm insani dəyərlərimizi, yaxşı keyfiyyətlərimizi artırdı Nuricət müəllimə.  Həmin illərdə sinifimiz, müəlliməmiz, sinifin bəzi əlaçıları  haqqında qazetdə məqalə dərcəl olmuşdu və bəndəniz haqqında da bir iki cümlə yazmışdılar. Heç o zaman ağlıma da gəlməzdi ki, illər keçəcək mən özüm Nuricət müəllimə haqqında yazmaq şərəfinə nail olcağam.

-Salam Nuricət müəllimə. Mən sizi tanıdığım qədər istəyirəm oxucular da sizi yaxşı tanısın. Xahiş edirəm özünüz haqda oxuculara məlumat verərdiniz.

- Ay mənim dilli dilavər Dünyam. İndiyə qədər yadımdadır sinifdə keçirdiyimiz tədbirlər, konsertlər və sənin fəal iştirakın, təşkilatçılığın.  Dünya qızım mən Qarabağın gözəl şəhərlərinin biri Ağdam şəhərində 1956-cı ildə anadan olmuşam. Orda da 2 nömrəli orta məktəbi bitirib,  Bakı Dövlət Universitetinə qəbul olmuşam.  Təhsilimi bitirdikdən sonra Ağdam şəhərində Tarix və Diyarşünaslıq müzeyində kiçik elmi işçi kimi işləməyə başlamışam. Ailə həyatı qurduqdan sonra isə taleyim Sumqayıt şəhəri ilə bağlanıb. Sonra bu şəhərdə Mərkəzi kitabxanada mətbəə şöbəsində əvvəlcə kiçik sonra isə böyük redaktor, daha sonra isə şöbə müdiri işləmişəm. İşlədiyim nüddətdə bu sahədə göstərdiyim fəaliyyətə görə həm Mədəniyyət Nazirliyi, həm də şəhər Mədəniyyət  Şöbəsi tərəfindən dəfələrlə mukafatlandırılmışam. Amma bütün bu uğurlarıma baxmayaraq, içimdə qəribə bir hiss vardı. Buna müəllim olmaq arzusuyla alışıb yanmaq da deyə bilərəm. Hər zaman uşaqlarla işləmək və bildiklərimi onlara öyrətmək istəmişəm.  Öz övladlarım məktəbli olduqdan sonra dərslərində onlara kömək edərkən görürdüm ki, bunu böyük züvqlə edirəm və məktəbdə dərs zamanı tam anlamdıqları və ya onlara qaranlıq qalan məqamları rahat bir şəkildə, düzgün dillə başa salmağı bacarıram. Bir növ bu da mənim üçün təkan oldu. Onsuz da uşaqlıq arzum məhz müəllim olmaq idi. Bəzi səbəblərə görə bu sahədə fəaliyyət göstərmək alınmırdı. Təlabat məsələsi və başqa şəxsi səbəblərdən bir müddət bu sahədə işləmək nəsib olmurdu ta ki, 1994-cü ildə Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə öncə ədəbiyyat müəllimi daha sonra isə ibtidai sinif müəllimi kimi pedaqoji fəalliyyətə başladım. Onu da bilirsən ki, ilk ibtidai sinifim sizin sinif oldu. Dərs dediyim uşaqları vətənpərvər ruhda böyütmüşəm. İnsani dəyərləri yüksək, savadlı, dürüst, tərbiyəli, əxlaqlı ,  Vətənə, dövlətə faydalı və layiqli olmaları üçün əlimdən gələni əsirgəməmişəm. Amma həqiqətən də şagirdlərim məktəbdə hər zaman bu keyfiyyətlərinə görə başqa uşaqlardan yaxşı mənada seçiliblər. Onlara təkcə bilik vermək üçün yox, dünya görüşlərinin də genişlənməsi üçün çalışmışam.  Tariximiz, ədəbiyyatımız və Vətənimizlə əlaqəli hər şeyi onlara aşılamağa can atmışam.

- Nuricət müəllimə fəxr etdiyiniz, adını xüsusi qeyd etmək istədiyiniz şagirdləriniz varmı?

- Şagirdlərim arasında fəxr etdiyim bir çoxları var. Kimisi həkim, kimi müəllim, kimi musiqiçidir və öz sahələrində peşəkardılar. Hər biri ilə öyünürəm və  buna haqqım da var. Ancaq əgər söhbət bu məqama yetidişdisə  tək mənim yox bütün ölkəmizin qururu olan aprel döyüdüşlərində qəhrəmancasına həlak olan şəhidimiz  Əbdülməcid  Axundov mənim sevimli, vətənpərvər, şagirdlərimdən biridi və onun yetişdiyi uca zirvə heç kimlə müqayisə edilə bilməz. O, mənim və xalqımızın qürurudur. Əbdülməcid mənə deyərdi ki, siz bizə hər şeyi hər zaman xırdalığına kimi başa salırdınız.  Mən onlara Araz çayı, Cənubi və Şimali Azərbaycan haqqında danışanda uşaqlar deyirdi ki, görəsən bizim torpaqlar nə zaman birləşəcək? Nə zaman vahid bir Azərbaycan olacağıq? Yəni yenə də deyirəm Universitet illərindən bu yana hər zaman öyrəndiyimi, bildiyimi onlarla bölüşmüşəm.

- Bəs təhsilimizin indiki  vəziyyətindən necə razısınızmı? Sizcə təhsil sisteminə nə kimi yeniliklər gətirmək olar?

- Qızım, açığı təhsilimizin indiki  vəziyyətindən heç məmnun deyiləm. Məni qətiyyən qane etmir. Əvvəlki təlim və  tərbiyə yoxdur və ən əfsuslandığım məqam odur ki, müəllimə verilən dəyər, qiymət, hörmət də ürək açan deyil. Uşaqlar da zənnimcə valideynlər tərəfindən çox sərbəst böyüdülür. Mən sərbəstlik əleyhinə deyiləm,  əsla.  Ancaq sərbəstlik və özbaşınalıq arasında çox incə bir çizgi var ki, əfsus ki, bu çizgi valideynlər tərəfindən düzgün nizamlanmır. Dərsliklərimizdən də məmnun deyiləm açığı. Son zamanlar uşaqların qavramaqda çətinlik çəkdiyi qəliz misal və məsələlər, şeir və hekayələr salınıb ibtidai sinif dərsliklərinə və bu da öz növbəsində uşaqların dərslərdən geri qalmasına, məcburən özəl dərs və hazırlıq kurslarına getmələrinə zərurət yaradır. Uşaqlar zamanlarının çox qismini bu kurslarda keçirdir. Hələ bizim evimizin ətrafında bir neçə ard-arda kursalar açılıb içərisi də uşaqla dolu. Sanki kurs yox məktəbdir. Çünki dediyim kimi, müəllimlər sıxışdırılır və dərs  proqramı da o qədər çətindir ki, dərsi daha yaxşı qavramaq üçün  uşaqlar fərdi dərslər almağa məcburdular.  Ancaq valideynlər də bəzən buna  bir az etinasız yanaşırlar. Özləri müxtəlif bəhanələrlə dərsdən sonra uşaqları ilə məşğul olmağa həvəsli deyillər. Məktəbə gəldikləri ilk gündən bəziləri soruşur ki, dərsdən sonra məşğələ keçirsinizmi? Bəlkə bu dediklərimdən inciyənlər olacaq, amma ömrünün 30 ilini bu sahəyə vermiş bir pedaqoq kimi deyə bilərəm ki, dərs proqramı gərəksiz dərəcədə qəlizdir. Bu proqramla yuxarı siniflərdə belə uşaqlar əziyyət çəkər o ki, qaldı ibtidai sinif ola.

-  Ən böyük istəyim sizin kimi dəyərli müəllimlərimizin fikirlərinin və məsləhətlərinin Azərbaycan Təhsil Nazirliyi tərəfindən nəzərə alınmasıdır. Təqaüddə olan, 30 il bu sahədə uşaqlarla nəzəri yox praktiki çalışmış bir müəllim  zənnimcə Təhsil Nazirliyində məsləhətçi qismində fəaliyyət göstərsəydi  təhsilimizə daha  böyük köməyi dəyərdi. Nuricət müəllimə bir Qarabağlı olaraq 44 günlük Vətən mübaribəsi  və Qələbəmiz, Zəfərimizin 5 illik yubileyi ilə bağlı təəssuratlarınızı öyrənmək istəyərdim.

-Dünya bilirsən ki, Ağdam şəhəri birinci Qarabağ müharibəsi zamanı ən çox şəhid verən bölgə olub. Altı min şəhidimiz olub. Qohumlarımın içində nə qədər şəhid olan, itkin düşənlər nə ölüsündən, nə dirisindən xəbərimiz olmayanlar var. Bu savaş zamanı isə Azərbaycan xəritəsini qarşımıza qoyub yerbəyer müzəffər ordumuzun hər azad etdiyi bölgəmizi xəritədə izləyib sevinir, sabah görəsən hansı torpağımız işğaldan azad olacaq fikri ilə mən, ailəm, nəvələrim həyacan içində yaşayırdıq. Xaricdə yaşayan nəvələrim belə dəqiqəbədəqiqə xəbərləri izləyirdi. Hər yeni zəfərimizi həyəcanla bir-birimizlə paylaşırdıq. O günlərin sevicini sözlə ifadə etmək çətindi. Bizə bu duyğunu bu qələbəni yaşadan qəhramanlarımız sağ olsun. Dünyasını  dəyişənlərə  Uca Tanrıdan rəhmət diləyirəm. Qazilərimiz var olsun. İki dəfə məktəbimizin şagirdi qəhrəmanımız Əbdülməcid haqqında sənədli film çəkildi, onun qəhrəmanlığından danışdıq. Birinci verlişdə danışmaq mənə çox çətin olsa da ikinci sənədli filmdə bir az daha asan oldu çünki, torpaqlarımız azad olmuşdu və artıq Əbdülməcidin timsalında heç bir şəhidimizin qanı yerdə qalmamışdı. Əlbəttə ki, bu gün çox sevincliyəm. Sevinirəm ki, Qarabağımız azaddır, artıq məbluğ yox qalib bir xalq kimi tanınırıq.  Qoy Azərbaycanımızın başı hər zaman uca olsun. Yeganə təvəqqem övladlarımızın, gələcək nəsillərimizin bu müqəddəs torpağa  savadlı, əxlaqlı, layiqli olmaqlarıdır və belə də olcağına dair heç şübhəm yoxdur.

P. S. Bu gün sizi bu  Vətən üçün layiqli balalar yetişdirən bir müəllimlə tanış etdiyim üçün çox şadam. Nuricət müəllimənin timsalında bu şərəfli peşəni vicdanla, layiqincə yerinə yetirən hər bir müəllimin qarşısında baş əyirəm.

“Sən ülviyyətin abidəsi, sən müdrikliyin xəzinəsi

Sən əbədi yaşayacaq zirvəsən Müəllim”

Sonda müəllimlə bağlı oxuduğum və çox təsirləndiyim bir kəlamla bitirirəm söhbətimi.

“ Müəllim qaranlıq bir zehnin otağında işığı yandıran  ilk insandır”.

Məmləkətimizdə belə müəllimlərin sayının çox olanası arzusu və ümidi ilə...

Dünyaxanım  AĞALARQIZI