Beş il öncə yenə payız günləri idi. İgidlərin addım səsləri düşməni lərzəyə salır, Qarabağın dilsiz dağlarını-qayalarını ümidə qərq edir və mübariz xalqın yenilməzliyini sübut edirdi. Hər addımda ataların dəyanətinin, anaların dualarının, yarların sevgilərinin, övladların gələcək addımlarının ümidi duyulurdu. Vətən ana, oğullar vətən qoxurdular. İllərin toz tutmuş arzuları qəhrəmanların alın tərləri, şəhidlərin qanları ilə yuyulurdu. 28 sentyabrda ilk dəfə “30 il sonra bir neçə kəndimiz işğaldan azad olunub” sözlərini duyub sevinc göz yaşı tökənlərin hər yeni gün aldıqları azadlıq xəbərində kəndlərin, şəhərlərin adları sıralandı. Azad olan torpaqların sırası artdıqca Şəhidlərin, Qazilərin də sayı artırdı. O adların sırasında Azərbaycanın bütün bölgələri kimi Xızının da qəhrəman oğullarının adları yer aldı. Qəhrəmanların yolunun davamçıları olan Şəhidlər 44 günlük müharibənin Zəfər müjdəçisi oldu. Ancaq bu Şəhidlər Xızı torpağında uyuyan nə ilk, nə də son Şəhidlər olmadılar. I Qarabağ müharibəsində vətənə can verən Şəhidlərin qisasını alan oğulların qisasını da davamçıları Antiterror əməliyyatlarında aldılar. Sinələrini vətənə tuşlanan atəşlərə sipər edən Şəhidlər özləri vətənin köksündə bir balaya döndülər. Onlar vətənin oğullarıdır.
Vətəni bütövləşdirən qəhrəman oğullara həsr olunan “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin V hissəsi “VƏTƏN FƏDAİLƏRİ:ŞABRAN-SİYƏZƏN-XIZI ŞƏHİDLƏRİ” adlı kitabda vətənin oğullarının vətən üçün bitən ömürlərinin izi həkk olunub. Bu kitabda həsrətin, qürurun, nakam arzuların, bir sözlə duyğuların hər çalarına rast gəlmək olar. Bu kitabda bir zaman oğlunun xatirələrini bölüşən, indi isə əbədiyyətdə olan bəzi ataların, anaların son sözləri yer alıb. Bu kitab ölüm və ölümsüzlüyün təzadıdır.
Beş il öncə 27 sentyabrdan başlayaraq 44 gün ərzində hər anı tarixə Şəhid qanı ilə yazılan Şanlı tariximizin beşinci ildönümü Zəfər təntənəsi ilə qeyd olundu. 14 noyabr 2025-ci il tarixi də Şəhidlərin adlarının əbədiləşdirildiyi tarix kimi həkk olundu. Həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Mədəniyyət Nazirliyinin göstərişi ilə Xızı rayon Heydər Əliyev Mərkəzində Şəhidlərimizin adlarının, qəhrəmanlıqlarının əbədiləşdirildiyi “VƏTƏN FƏDAİLƏRİ:ŞABRAN-SİYƏZƏN-XIZI ŞƏHİDLƏRİ” kitabımın ilk təqdimatı idi. Həm duyğulu, həm qürurlu idik. Qazi Əbdül Məmmədovun oğlu, Şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədovun dəstəyi, xeyriyyəçi iş adamı Bəhruz Məmmədovun maddi dəstəyi, mənim isə sonsuz Şəhid sevgimin sayəsində ərsəyə gələn kitab nəhayət ki, öz sahiblərinə qovuşdu. Çox çətindir bir kitabı öz balası, yarı, atası, qardaşı kimi bağrına basan Şəhid doğmalarının duyğularını izah etmək. Hər kəs sanki Şəhid ailəsi idi. Şəhid ailələrinin timsalında bu diyarın qazisi də, müəllimi də, həkimi də, kitabxanaçısı da, şagirdi də gözümdə Şəhid doğması kimi göründü. Çünki hər biri Şəhidi sahiblənmişdilər. Şabrandan, Siyəzəndən gələn Şəhid ailələri də bizə açdıqları qucaq sanki doğma ana qucağı kimi isti idi. Biz bir daha çıxdığımız yolda nə qədər maneələrə rast gəlsək də sonunda Şəhidlərin bizə yol açaraq yolumuzu nura qərq etdiklərinə şahid olduq. Bu nur nəinki yolumuza, həm də qəlbimizə saçılır.
Ordusu yanında olanın gücü tükənməz. Biz illərdi Rəşadətli Ordumuzun yanımızda olmağından, bizi dəstəkləməyindən güc almışıq. Necə ki, düşmən Ordumuzu sarsıda bilmədi, bizi də heç kim sarsıda bilməz. Bu fotolar Ordu və
şəhid ailələrinin birliyinin təzahürüdür. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 5-ci Ordu korpusunun tabeliyindəki hərbi orkestr və N sayılı hərbi hissənin şəxsi heyəti Xızıda keçirilən tədbirimizdə bütöv Azərbaycan Ordusu əvəzindən yanımızda oldu. Varmı bundan böyük qürur, dəyər? Qısa müddət ərzində bu arzumuzu gerçəkləşdirən insanlar beş il öncə qəhrəmanlıqları ilə düşmən önündə öz sözlərini deyənlərdir. Bizi anladığınız üçün, etimad göstərdiyiniz üçün, güvəndiyiniz üçün, “Siz bizə çox gərəksiniz” deyərək işimizin mahiyyətini vurğuladığınız üçün sonsuz təşəkkür edirik.
Bu tarixi günün səbəbkarları Şəhidlərimizdi. Şəhidlərimizi dərin ehtiramla anırıq. Eyni zamanda Şəhidlərimizə həsr etdiyimiz “VƏTƏN FƏDAİLƏRİ:ŞABRAN-SİYƏZƏN-XIZI ŞƏHİDLƏRİ” kitabının təqdimatını keçirməyimiz üçün bizə şərait yaratdığına görə Mədəniyyət Nazirliyinin Abşeron-Xızı Mədəniyyət idarəsinə, Xızı rayon Heydər Əliyev Mərkəzinin rəhbər və işçi heyətinə, tədbirimizdə iştirak edən qonaqlara və media nümayəndələrinə təşəkkür edirik. Ən böyük təşəkkürümüz isə Şəhidlərimizə və onların ailələrinədir.
Manya Səxavətqızı
Şair-publisist,
AYB-nin və AJB-nin üzvü, “VƏTƏN FƏDAİLƏRİ” layihəsinin rəhbəri,