Şərur rayonunda şəhid İsmayılov Əmrah Xudaverdi oğlu və şəhid İbrahimov Ruzi Əliağa oğlunun anım günləri münasibətilə Şəhidlər Xiyabanında tədbir keçirilib.
Tədbirdə rayonun idarə və təşkilatlarının nümayəndələri, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi, Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin Şərur rayon sektorunun müdiri, Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon vətəndaş qəbulu şöbəsinin əməkdaşları, şəhid ailələri, qazilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon idarəsinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordusunun və Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının hərbçiləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər şəhidlərin həyat və döyüş yollarından, göstərdikləri igidlik və fədakarlıqlardan bəhs edərək onların vətənpərvərlik nümunəsinin gənclər üçün örnək olduğunu bildiriblər. Tədbirdə şagirdlər şəhidlərə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, Vətənə sevgi və şəhidlərə ehtiram hissi ilə çıxış ediblər.
Azərbaycan Ordusunun Baş giziri olan Əmrah İsmayılov 2018-ci ildə Günnüt əməliyyatlarında, 2020-ci il sentyabrın 27-də isə erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən Müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Azərbaycan Ordusunun Xüsusi Təyinatlısı kimi böyük şücaət göstərib və 10 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Şərəfli xidmətinə görə Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Ordusunun xüsusi təyinatlı çavuşu Ruzi İbrahimov isə 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində iştirak edib və 7 noyabrda Şuşa döyüşləri zamanı göstərdiyi igidliklə seçilərək qəhrəmancasına şəhid olub. O, ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Tədbirin sonunda şəhidlərin məzarları ziyarət edilib və məzarların üzərinə gül qoyma mərasimi keçirilib, ruhlarına dualar oxunub. Tədbir hər iki qəhrəman şəhidin əziz xatirəsinə göstərilən dərin ehtiramın ifadəsi olaraq başa çatıb.
Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi