Advertisment

Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Hüseynov Mətinin anım tədbiri keçirilib

Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Hüseynov Mətinin anım tədbiri keçirilib

 

Düylün kəndində Vətən müharibəsi qəhrəmanı, şəhid Hüseynov Mətin Ramiz oğlunun anım tədbiri keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, hüquq və mühafizə orqanlarının rəhbər şəxsləri, icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

İlk olaraq şəhidimizin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.

 

Çıxış edənlər şəhid Hüseynov Mətin Ramiz oğlunun igidlik və fədakarlıq nümunəsi olan həyat yolundan bəhs ediblər. Bildirilib ki, Vətən müharibəsinin ilk günlərindən etibarən Mətin Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə böyük şücaət göstərib. Döyüş yoldaşlarının söylədiklərinə görə, o, hər zaman ön sırada gedən, yoldaşlarını qoruyan, verilən tapşırıqları dəqiqliklə yerinə yetirən cəsur və qorxmaz bir hərbçi olub. Onun igidliyi, döyüşlərdəki əzmkarlığı və Vətən sevgisi gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi kimi dəyərləndirilib.

 

Çıxışlarda vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, xalqımızın həmrəyliyi və Ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edilib. Mətin kimi mərd Vətən oğullarının göstərdiyi fədakarlıq bu Zəfərin əsas sütunlarından biridir və onların əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Qeyd olunub ki, ölkə başçısının tapşırığına əsasən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır, onların üzləşdiyi bütün məsələlərin həlli istiqamətində ardıcıl addımlar atılır.

 

Şəhid Hüseynov Mətin Ramiz oğlunun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “ İgidliyə görə” medalları və lll dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. Bu medallar Mətinin döyüş meydanında göstərdiyi şücaətin və Vətənə sədaqətinin bariz nümunəsidir.

 

Tədbirin sonunda məktəblilər tərəfindən şəhidlərin xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, qəhrəmanlarımızın ruhuna bir daha ehtiram ifadə olunub.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi