Advertisment

Çoxları onu unutsa da, Laçın dağları unutmadı Nurcahanı

Çoxları onu unutsa da, Laçın dağları unutmadı Nurcahanı

 

Deyirlər, bəzən qəhrəmanlıq səs-səda ilə gəlmir. Bəzən bir qadının susqun baxışlarında, torpağa basdırdığı ümidlərində, buz kimi səhərlərdə gizlənir...

...və hər kəs unudar, amma torpaq unutmaz…

Bu torpağın belə unudulmaz qadınlarından biri vardı Nurcahan… 

Onun adı harada çəkilsə, sanki Qarabağın küləyi üzünə toxunub “mən burdayam” deyirdi. Çünki o, küləyin özü kimi sərt, dağın özü kimi dözümlü, torpağın özü kimi müqəddəs idi.

Nucahan adi bir qadın deyildi.

O, öz taleyini seçmişdi, Qarabağın ilk qadın snayperi olmaq taleyini. 

Silahın dəmir soyuqluğu onun barmaqlarında isinəcək qədər iradəli, Qarabağın qarında tüfəng tutacaq qədər cəsur, ölümün nəfəsini alnında hiss edəcək qədər qorxmaz idi.

1992-ci ildə Şıxovda 1-ci batalyon yaradılarkən tanımışdım onu... Qəlbi vətən eşqi ilə yanan hər kəs bura könüllü gəlib orduya qatılmaq istəyini bildirərdi və biz də orda tanış olmuşduq... O vaxt vuruşmaq, vətənə xidmət etmək tək kişiləri deyil, qeyrətə, namusuna, bayrağına aid olan qadınları da düşündürərdi... Beləcə mən qələmimlə, Nurcahan isə snayperlə xidmətə başladı...

O, ermənilərə qarşı amansızcasına döyüşlərə başlayıb, torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı. Ermənilərə atdığı snayperlər neçə şəhidimizin intiqamını alırdı döyüş zamanı. Nurcahan kimi mərd bir qadın döyüşdə snayperi ilə düşmən canı alarkən, arxada gizlənən namərd kişilərdən bir neçəsi isə o vaxtı Nurcahanın evinə oğurluğa girmiş, hər şeyini çalıb aparmışdılar. Ezamiyətə gələrkən dediyi o sözləri unutmuram: "Telefon aparatını götürüb aparmaqları məni çox sarsıtdı" – dedi. Mən onda evdən öz telefon aparatımı gətirib ona verdim. Amma bu olanlara baxmayaraq, Nurcahan o zaman yenidən cəbhəyə geri döndü, döyüşünü davam etdirdi.

Amma Nurcahanın ən böyük söykənəcəyi təkcə snayper deyildi, gözünün ağı qarası Oğlu Mehman idi ki, bu dəfə döyüşlərdə bərabər oldular, bərabər döyüşdülər...

Laçının azadlığı uğrunda döyüşlərin birində oğlu Mehman vurulur. Həmin vaxt Nurcahan ana kimi deyil, snayper döyüşçü kimi yerə sərilmiş oğlunu qucağına alıb, kənara qoyub, yenidən döyüşə girir, oğlunun və şəhidlərimizin qisasını almağa...

Hər ananın hünəri deyildi bu. Kişi qeyrətli qadın snayper Nurcahan Hüseynova idi bu. Beləcə Laçın dağları buna şahid oldu və döyüş səsləri bitdikdən sonra səssizcə oğlunun cansız nəşinə yaxınlaşıb fəryada başladı, bu dəfə şəhid anası kimi... Laçın dağları bu dəfə uğrunda can verən bu qəhrəman qadının, ananın ağısına da şahid oldu...

Nurcahan kirpiklərini öpə-öpə böyütmüşdü oğlunu, əsgər çantasına dualar tikmişdi, yoğurduğu çörəklərin qoxusuna süd kimi saflıq qatmışdı.

Amma müharibə anaların övlad seçimini tanımır…

 ...Nurcahan bu dəfə döyüşə canavar kimi başladı, oğlunun və şəhidlərimizin qisasını beləcə aldı qarşısına çıxan, yolu azıb gələn erməni döyüşçüsünün canını almaqla, ürəyini yarıb çıxarır və hərbi hissəyə gətirib ağacdan asır ki, hər kəs görsün bu erməni ürəyidi...

Çox danışmaq olar Nurcahan Hüseynovanın cəsurluğu barədə... Bir dəfə cəbhədə döyüş vaxtı atılan qradların birində Şabran rayonundan olan bir əsgərin nəşini evlərinə göndərməyə heç kimin ürəyi gəlmir. Parçalanmış cəsədə heç kəs yaxınlaşmağa ürək eləmirdi. Bu zaman Nurcahan irəli yeriyib iynə sap istəyir ki, onu tikib, hazırlayıb evlərinə göndərə bilsinlər. O an bunu görən bir əsgər deyir: "Nurcahan xala, daha qorxum yoxdu, mən də belə parçalansam, tikərsiz məni də beləcə"...

Bəli, Nurcahanın döyüş vaxtı etdikləri qəhrəmanlıq tarixində belə görünməyib...

“Bu torpağı mən o qədər sevdim ki, ömrümü, oğlumu belə verdim onun uğrunda” – deyir Nurcahan. Bu sözləri mənə deyərkən ilk dəfə onun gözlərində yaş gördüm...

Çox təəssüf ki qəhrəmanlar tarix yazsa da, tarix hər qəhrəmanları yazmır, Nurcahanı yazmadığı kimi...

Xidməti başa çatan Nurcahan qardaş Türkiyəyə Geresuna gedib orda yaşamağı qərar verir...

...Günlərin birində telefon açdı mənə: "Roza, gəl bura, qonağım ol, səni görüm" - deyincə, mən də indi tədbirlərim olduğunu, sonra mütləq gələcəyimi söylədim. Nurcahan sual verərək soruşdu: "Bəs nə vaxt gələcəksən, mən öləndən sonra?" Bu söhbətdən bir neçə gün sonra onun həyatla vida etdiyini öyrəndim...

Ey gidi dünya...

müharibələr bitti.

Yeni həyat başladı.

Məclislər quruldu.

Toylar edildi.

Və Azərbaycanın ilk snayper qadını, şəhid anası Nurcahan Hüseynova beləcə unuduldu.

Onun ölümünü duyan heç bir Televiziya kanalı, qəzet, sayt onu xatırlamadı. Sanki heç Nurcahan adlı snayperçi qadın olmayıb.

Sanki heç oğlu şəhid olmayıb.

Sanki heç o ağır dağ yollarında çığıra-çığıra oğlunu qucağında daşıyan qadın olmayıb, sanki şəhidlərimizin qisasını alaraq erməni daşnakının ürəyini yarıb gətirən bir döyüşçü qadın olmayıb...

Bəli, bu torpağın qəhrəman qadınları bəzən kitablara düşmür, Tv-lərə çıxmır, heykəlləri qoyulmur.

Amma bir şey də var:

Torpaq unutmur, göy üzü unutmur və Laçın dağları heç unutmur...

Mənim Nurcahan haqqında yazdığım bu yazı təkcə bir qadının, təkcə bir ananın, təkcə bir snayper döyüşçünün deyil — bir millətin öz qadını ilə fəxr etməyinin hekayəsidir.

Bir qadın vardı, adı Nurcahan …

O, döyüşçü qadın, sonra şəhid anası oldu, daha sonra özü həlak olub torpağın özü oldu...

Və onun adı bəlkə dillərdə olmadı, amma ürəklərdə qaldı.

Roza ƏLİQIZI