Herbiand.az Fransa Respublikasının Azərbaycandakı yeni səfiri xanım Sofi Laqutun APA-ya müsahibəsini təqdim edir.
Prezidentlər İlham Əliyev və Emmanuel Makron Fransa ilə Azərbaycan arasında müsbət istiqamət müəyyən ediblər
– Xanım səfir, 16 oktyabr tarixində Prezident İlham Əliyevə etimadnamənizi təqdim edərkən, Azərbaycan dövlət başçısı Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq bildirdi ki, həmin görüş nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olmuş məsələlər artıq arxada qalıb. Bizə Sizin baxışınız da maraqlıdır. Ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
– Prezidentlər İlham Əliyev və Emmanuel Makron həqiqətən də, Fransa ilə Azərbaycan arasında müsbət istiqamət müəyyən ediblər. Son həftələrdə müxtəlif azərbaycanlı tərəfdaşlarla söhbətlərim bu istiqamətdə əlaqələri gücləndirmək və bu məqsədlə konkret addımları müzakirə etmək iradəsinin paylaşıldığını təsdiq edib.
Çətin dövrlərə baxmayaraq, biz hər zaman yüksək səviyyəli dialoqu və təhsildən tutmuş iqtisadi sahələrə qədər fəal əməkdaşlığı saxlamışıq. Bu yeni ümidverici dinamika müxtəlif əməkdaşlıq proqramlarının yenidən başlanması və yeni tərəfdaşlıqların araşdırılması üçün zəmin yaradır. Qarşımdakı “yol xəritəsi” də məhz budur və mən bunu azərbaycanlı tərəfdaşlarla birlikdə həyata keçirməyi səbirsizliklə gözləyirəm.

Hər iki ölkə daha güclü əməkdaşlıq arzusunu açıq şəkildə ifadə edib
– Fransa münasibətləri əvvəlki səviyyəsinə qaytarmaq və ikitərəfli əlaqələri gücləndirmək üçün hansı prioritetləri müəyyən edib?
– Hər iki ölkə daha güclü əməkdaşlıq arzusunu açıq şəkildə ifadə edib. Bu əməkdaşlıq uzun illər boyu bir çox sahədə qurulmuş münasibətlərə əsaslana bilər.
2026-cı ildə Fransız–Azərbaycan Universitetinin 10 illiyi qeyd olunacaq və biz təhsil sahəsində tərəfdaşlığımızı gücləndirərək Azərbaycan gənclərinə Fransada təhsil almaq, yaxud Fransız İnstitutunda və yerli məktəb, yaxud universitetlərdə fransız dilini öyrənmək üçün daha çox imkan yaratmaq istəyirik.
Biz eyni zamanda, iqtisadi əlaqələri və qarşılıqlı investisiyaları inkişaf etdirməyin yollarını araşdırırıq. Enerji və nəqliyyat uzun müddətdir əlaqəlilik baxımından əsas sahələrdir. “Yaşıl” keçidi dəstəkləmək – xüsusilə bərpaolunan enerji və dayanıqlı şəhərsalma vasitəsilə aqrobiznes sektorunun modernləşdirilməsi və turizmin inkişaf potensialı həm ikitərəfli münasibətlərin gücləndirilməsi, həm də Azərbaycanın iqtisadi diversifikasiyası baxımından maraqlı perspektivlər yaradır.
Bundan başqa, terrorizm və narkotik qaçaqmalçılığı kimi qlobal təhdidlərin qarşısını daha yaxşı almaq, regional sülh və sabitliyə töhfə vermək üçün təhlükəsizlik sahəsində əməkdaşlığımızı da yeniləməliyik.

Fransa sülh prosesini və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını daim və tam şəkildə dəstəkləyib
– Fransa Azərbaycan və Ermənistan arasında davam edən danışıqlara necə yanaşır?
– İllərdir davam edən münaqişədən sonra Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinin şahidi olmaqdan çox məmnunam. Fransa sülh prosesini və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını daim və tam şəkildə dəstəkləyib. 8 avqustda Vaşinqtonda keçirilmiş görüş bu prosesə həlledici impuls verib. 1991-ci il Almatı Bəyannaməsinə əsaslanan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması Fransanın hər zaman vurğuladığı əsas məqamlardan biridir.
Sülh danışıqları artıq hər iki ölkəyə birbaşa fayda verəcək konkret addımlarla öz nəticəsini göstərir. Məsələn, taxıl nəqlinə qoyulan məhdudiyyətlərin Azərbaycan üzərindən Ermənistan üçün aradan qaldırılması kimi.
Biz ümid edirik ki, sülh müqaviləsinin imzalanması bu müsbət prosesin tez zamanda yekunlaşmasına və sərhədlərin açılması vasitəsilə regional əməkdaşlıq və əlaqəliliyin dərinləşməsinə imkan verəcək.
“Tramp marşrutu” həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir
– “Tramp marşrutu”nun əhəmiyyəti barədə fikirləriniz necədir?
– TRIPP layihəsi Cənubi Qafqazda əlaqəliliyin inkişafında həlledici rol oynaya biləcək potensiala malikdir və həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına cavab verir.
Bu layihə Avropa ilə Asiya arasında əlavə bir marşrutun açılması baxımından da bizim maraqlarımıza uyğundur və bundan hamı faydalana bilər. Avropa İttifaqı ilə birlikdə biz TRIPP layihəsini daha geniş regionla əlaqələndirən bu əlaqəlilik gündəmini dəstəkləməyə hazırıq. Layihənin detallarının yekunlaşdırılması belə bir əməkdaşlığın tezliklə başlaya bilməsinə imkan verəcək.

– Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması kontekstində Fransanın Cənubi Qafqaz siyasətində hansı dəyişiklikləri gözləmək olar?
– Sülh prosesindəki irəliləyişlər regional sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açır. Biz bu pozitiv dinamikanı möhkəmləndirmək və Cənubi Qafqaz xalqlarına konkret faydalar gətirmək üçün yaranmış fürsəti dəyərləndirmək istəyirik.
Bakı ilə İrəvan arasında yüksək səviyyəli görüşlər bu gün daha tez-tez keçirilir və real nəticələr verir
– Normallaşmadan danışarkən, ATƏT-in Minsk prosesi üzrə strukturlar 1 dekabr tarixinədək fəaliyyətini dayandıracaq. Fransa Minsk qrupunun həmsədrlərindən biri kimi uzun müddət bu prosesdə iştirak edib. Parisin Minsk prosesinin başa çatdırılması ilə bağlı rəsmi mövqeyi nədir?
– 8 avqust Vaşinqton görüşündə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin ilkin razılaşdırılmasından sonra biz dərhal Minsk Qrupunun fəaliyyətinə son qoyulması qərarını dəstəklədik.
Beynəlxalq vasitəçiliyin məqsədi tərəfləri birbaşa dialoqa gətirməkdir və biz məmnunluqla görürük ki, Bakı ilə İrəvan arasında yüksək səviyyəli görüşlər bu gün daha tez-tez keçirilir və real nəticələr verir.
Biz regional sülh gündəmini irəli aparmaq üçün bu prosesi tərəfdaş kimi dəstəkləməyə davam edəcəyik.

Fransız şirkətləri Azərbaycanda uzun müddətdir fəaliyyət göstərir
– Xanım Səfir, etimadnamənizi Azərbaycan Prezidentinə təqdim edərkən biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və fransız şirkətlərinin müxtəlif layihələrdə iştirakı məsələləri də müzakirə olunmuşdu. Fransız şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak üçün hər hansı təklif irəli sürüb?
– Fransız şirkətləri Azərbaycanda uzun müddətdir ki, fəaliyyət göstərir və neft-qaz, aviasiya, kosmos, dəmir yolu nəqliyyatı kimi strateji sahələrdə təcrübəyə malikdir. Regionun sabitləşməsi və əlaqəlilik çağırışları fransız şirkətlərində böyük maraq doğurur və onların bir çoxunun Azərbaycan üçün faydalı ola biləcək geniş ekspertizası var. Şərait formalaşdıqda, mən biznes nümayəndə heyətlərinin Azərbaycana səfərlərini təşviq etməyi və qarşılıqlı investisiya imkanlarını araşdırmağı ümid edirəm.
Fransa Azərbaycanla minatəmizləmə sahəsində səmərəli əməkdaşlıq həyata keçirib
– Fransa Azərbaycana minatəmizləmə prosesində dəstək göstərməyə davam edirmi?
– Fransa Azərbaycanla minatəmizləmə sahəsində səmərəli əməkdaşlıq həyata keçirib və Azərbaycan tərəfi belə bir dəstəyə ehtiyac duyarsa, hər zaman yardım göstərməyə hazır olduğunu ifadə edib.

– Münasibətlərdəki gərginlik fonunda Fransanın Azərbaycana birbaşa investisiyaları azalıb?
– Qeyd etdiyim kimi, fransız şirkətləri uzunmüddətli və etibarlı tərəfdaşlardır. Onlar sadəcə avadanlıq tədarükü üçün kommersiya müqavilələri bağlamaqla kifayətlənməyib, Azərbaycana real investisiya yatırıb, burada daimi təmsilçilik formalaşdırıblar və insan kapitalına da sərmayə qoyurlar – xüsusilə də mühəndis və yüksək ixtisaslı texniklər üçün təqaüd və təlim proqramları vasitəsilə.
Nəticə etibarilə, fransız şirkətləri Azərbaycanın strateji prioritetlərini – enerji resurslarının səmərəli istifadəsi, iqtisadi artımın diversifikasiyası və infrastrukturun modernləşdirilməsi kimi sahələri dəstəkləməyə davam ediblər.
Avropa İttifaqı regionun sabitləşdirilməsi və əlaqəlilik baxımından strateji tərəfdaşdır
– Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi, Fransa Azərbaycan–Aİ münasibətlərinin gücləndirilməsinə, o cümlədən Azərbaycan ilə Aİ arasında yeni saziş üzrə danışıqların tezliklə başa çatdırılmasına hansı töhfəni verə bilər?
– Biz Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrin gücləndirilməsini dəstəkləyirik. Bu əlaqələr artıq bir çox sahələrdə yüksək səviyyədə inkişaf edib. Mən şəxsən iki son Avropa tədbirində – “Avropanın dadı” və “Avropada təhsil” proqramlarında iştirak etdim və bu tədbirlər azərbaycanlılar, xüsusilə də gənclər arasında böyük marağa səbəb oldu.
Avropa İttifaqı regionun sabitləşdirilməsi və əlaqəlilik baxımından strateji tərəfdaşdır. Mən ümid edirəm ki, bu ambisiya konkret layihələr və imkanlarla öz real ifadəsini tapacaq.