Advertisment

Azərbaycan - Mərkəzi Asiya xətti

Azərbaycan–Mərkəzi Asiya xətti

 

Daşkənd görüşü regionun yeni geosiyasi xəritəsini formalaşdırır

 

Noyabrın 16-da Daşkənddə keçirilən “Mərkəzi Asiya+Azərbaycan” formatlı 7-ci Məşvərət Görüşü diplomatik toplantı olmaqla yanaşı, regionun gələcək onillikləri üçün strateji yöntverici hadisədir. Prezident İlham Əliyevin bu məkan­dakı mötəbər platformaya qatılması və çıxışı Azərbaycanın həm siyasi gücündə, həm də Türk-İslam dünyası içində yüksələn nüfuzunda yeni mərhələ açdı.

 

Ən önəmlisi — Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunmasıdır. Bu qərar, əslində, regionda baş verən bütün geosiyasi dəyişikliklərin məntiqi nəticəsi kimi meydana çıxdı.

 

Azərbaycanın bu formatdakı aparıcı mövqeyi təsadüfi deyil, əlbəttə. Əlbəttə, II Qarabağ müharibəsində əldə etdiyimiz tarixi Zəfər Qafqazın siyasi xəritəsini dəyişdiyi kimi, Türk dünyasının strateji müstəvisində də güc balansını yenilədi. Qafqazla Mərkəzi Asiya arasında yeni strateji körpü məhz bu Zəfərin yaratdığı getçəklik üzərində quruldu.

 

Prezidentlər tərəfindən Zəngəzur dəhlizinin ayrıca vurğulanması da təsadüfi deyildi — çünki bu dəhliz bir yol olmaqdan daha üstün anlam daşıyır; o, Mərkəzi Asiyanın, Türk dünyasının nəfəs borusudur, inteqrasiyanın sinir sistemidir.

 

Bu gün Mərkəzi Asiya dünyanın böyük güclərinin rəqabət meydanıdır. Çin “Bir kəmər – bir yol”, ABŞ yeni strateji baxış, Rusiya tarixi təsir dairəsi, Avropa Birliyi , o cqmlədən Fransa və Almaniya enerji təhlükəsizliyi xətti ilə bu coğrafiyada dayaqlar qurmağa çalışır. 

 

Amma Mərkəzi Asiyanın əsil sahibləri – türksoylu qardaş ölkələr və İslam mədəniyyətinə mənsub dost dövlətlər – öz gündəmlərini özləri müəyyən etməyə başlayıb. Daşkənd görüşü məhz bu siyasi yetkinliyin təzahürüdür.

 

Azərbaycanla Mərkəzi Asiya arasındakı işbirliyi yalnız iqtisadi maraq deyil. Bu işbirliyi qardaşlıq bağlıqlarına, ortaq yaddaşa, dini-mənəvi bağlara, türk kimliyinə dayanır.

 

Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Tacikistan üçün Azərbaycan bu gün artıq Qafqaza ən rahat çıxış, Xəzərdən Avropaya açılan qapı, Türk Dövlətləri Təşkilatının Qərbdəki strategiya mərkəzi, enerji və logistik təhlükəsizliyinin qarantıdır.

 

Zəfərdən sonra Azərbaycanın artan nüfuzu Mərkəzi Asiyada güvənlə qarşılanır.

 

Daşkənddə qəbul olunan siyasi ismarıclar göstərdi ki, Mərkəzi Asiya və Azərbaycan artıq regional konseptdən çıxaraq Avrasiya miqyasında yeni güc mərkəzi formalaşdırır. Orta dəhliz, Transxəzər koridoru, enerji layihələri, rəqəmsal inteqrasiya, müdafiə və təhlükəsizlik işbirliyi – bunların hər biri “Türk Yolu”nun konturlarını cızır.

 

Önəmli bir detala da vurğu edək: Mərkəzi Asiya liderləri ABŞ-dan yenicə qayıdıblar və avqustda məhz ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan–Ermənistan sülh prosesində ciddi irəliləyiş əldə olunub. Bu, göstərir ki, qlobal güclər belə Türk-Avrasiya xəttində Azərbaycanın rolunu nəzərə almadan yeni xəritə qura bilmir...

Azərbaycan – bu prosesin həm ürəyi, həm də ağılıdır.

 

Mərkəzi Asiya Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakı həm də tarixi missiyanı ifadə edir. Bu gün Azərbaycan: 

-Türk dünyasının möhkəm dayağı,

-Ümumtürk çadırının orta dirəyi,

-Türkiyə–Türküstan xəttinin Qafqaz körpüsü,

-Avrasiyanın enerji və logistik arteriyası,

-yeni geosiyasi fazanın intellektual mərkəzidir.

 

Beləliklə,

Daşkənd görüşü bir daha göstərdi ki, Azərbaycan bütövlükdə Avrasiya məkanının əsas strateji oyunçularından biridir. Bu mövqeni qazandıran isə:

-Qələbə ilə formalaşmış yeni siyasi reallıq,

-Prezident İlham Əliyevin liderliyi,

-Türk dünyasının birlik iradəsi,

-Azərbaycanın iqtisadi-siyasi gücü və tarixi kimliyidir.

 

Azərbaycan bu prosesin mərkəzindədir — həm dövlət olaraq, həm də bir ruhun, bir tarixin, bir gələcəyin daşıyıcısı kimi…

 

Dövlətimiz zaval görməsin!

 

Əkbər QOŞALI