Şəhidimizin anım günü münasibətilə Culfa Rayon Mədəniyyət Sarayında tədbir keçirilib. Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, Naxçıvan Ali Məclisinin deputatları, idarə-müəssisələrin rəhbər şəxsləri, şəhid ailələri və qazilər, N saylı hərbi hissənin zabit heyəti, polis əməkdaşları və digər güc strukturlarının əməkdaşları iştirak ediblər.
Tədbir ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin yad edilməsi ilə başlayıb.
Şəhidin həyatı və döyüş yolundan bəhs edilən video çarxların nümayiş edildiyi tədbirdə çıxış edən natiqlər bildiriblər ki, xalqımıza bu qürurverici qələbəni yaşadan qəhrəmanlarımızdan olan Yaqub Nəcəfov uşaqlıqdan Vətən sevgisi ilə böyüyüb, gəncliyində bunu amalına çevirib. 2020-ci ilin 44 günlük Vətən müharibəsində o, yalnız hərbi borcunu yerinə yetirməyib, həm də Vətəni qorumağa, haqqı bərpa etməyə gedib.
Qəhrəman döyüşçü Cəbrayıl, Füzuli, Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. O, 9 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən savaşda şəhadətə yüksəlib. Tədbirdə həmçinin yazıçı-publisist Ədalət Cəfəroğlunun şəhidin həyat və döyüş yoluna həsr olunmuş “Yaqub Nəcəfovun yaddaşa yazılan ömür dastanı” adlı kitabının da təqdimatı gerçəkləşib.
Kitab haqqında öz fikirlərini bildirən Culfa Rayon İcra hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Təbriz Hüseyinzadə qeyd edib ki, Ədalət Cəfəroğlunun “Şəhid Yaqub Nəcəfovun yaddaşa yazılan ömür dastanı” əsəri sadəcə bir nəşr deyil; bu, bir igidin ruhu, bir ailənin fəxri və bir millətin yaddaşına yazılmış ömür hekayəsidir.
Kitabda döyüş səhnələri yalnız təsvir olunmur — yaşadılır və onun şücaəti, qətiyyəti həm hərbçi, həm də insan kimi onun böyüklüyünü göstərir. Əsər həm müəllifin, həm də Yaqubun ailəsi və dostlarının xatirələrindən yaranıb. Onlar Yaqubu fərqli rakurslardan təqdim edir: kimin üçün mehriban qardaş, kimin üçün sadiq dost, kimin üçün döyüşçü, kimin üçün isə Vətən uğrunda canını fəda etmiş şəhid. “Şəhid Yaqub Nəcəfovun yaddaşa yazılan ömür dastanı” yalnız oxunacaq kitab deyil, hiss olunacaq, yaşanacaq və gələcək nəsillərə əmanət ediləcək bir mirasdır.
Kitabın müəllifi Ədəlat Cəfəroğlu çıxışında kitab haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, bu Culfa şəhidlərinə həsr edilmiş dördüncü kitapdır. Yaxın günlərdə isə şəhid Dünyamalıyev Ceyhun haqqında yazdığı kitabın da təqdimatının keçiriləcəyini bildirib.
Sonra Şəhid Yaqub Nəcəfovun atası Məmməd Nəcəfov ailəsi adından çıxış edərək anım günü və kitab təqdimatı münasibətilə keçirilən tədbirdə iştirak edən bütün qonaqlara minnətdarlığını ifadə edib.
Tədbirdən sonra iştirakçılar şəhidimizin məzarını ziyarət ediblər.
Qeyd edək ki, şəhid Leytenant Yaqub Nəcəfov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşcü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi