Advertisment

Şəhid əsgər Ülvi Habil oğlu Cəfərovun doğum günü Xok kəndində anılıb

Şəhid əsgər Ülvi Habil oğlu Cəfərovun doğum günü onun doğulub boya-başa çatdığı Xok kəndində yerləşən müqəddəs məzarı önündə anılıb. Anım tədbirində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, kənd sakinləri və yaxınları iştirak ediblər.

 

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra dini icmanın üzvü tərəfindən Qurani-Kərimdən ayələr oxunaraq şəhidlərin ruhuna dualar edilib.

 

Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Cəlil Rüstəmov çıxış edərək şəhid Ülvi Cəfərovun Vətən uğrunda göstərdiyi şücaətdən danışıb, onun qəhrəmanlığının heç zaman unudulmayacağını bildirib. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi daim uca tutulur, onların ailələri dövlət və cəmiyyət tərəfindən diqqət və qayğı ilə əhatə olunur.

 

Tədbirdə şəhidin atası çıxış edərək göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib, oğlunun Vətən yolunda şəhid olmasından qürur duyduğunu ifadə edib.

 

Tədbirin davamında Xok kəndindən olan digər şəhidlərin məzarları ziyarət olunub, üzərlərinə tər qərənfillər qoyulub, ruhlarına dualar edilib.

 

Sonda tədbir iştirakçıları şəhid məzarları önündə xatirə fotosu çəkdiriblər.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi