Düzənliyin tən ortasında,
yayın istisində, tut kölgəsində,
körpəsini bağrına basan
gənc can -
mənim Vətənim.
Pambıq sahəsinin güllərin öpüb,
hər şırıma can tərini töküb,
pambığının gülməyin görüb,
gözlərinə yaş alan
dehqan -
mənim Vətənim.
Yayın çilləsində daş qazanda,
qovurma kimi qovrulub, küləkdə sovrulub,
küləyə də şaftalı uzadan
bağban -
mənim Vətənim,
Qışda, şaxtalı gecələrdə oyaq,
canavarları yaxın buraxmadan,
quzusunu qoynuna alıb,
nəğməsi dərəni tutan
çoban - mənim Vətənim.
Babasının kəmərin ədalət bayrağı edib,
“halal, halal, halal!” deyə,
rəqibin kürəyin yerə vuran
oğlan –
mənim Vətənim…
Millətim, yurdum — qeyrətim deyib,
sülh daim, pak niyyətim deyib,
Teymur atını minib,
sinəsin oxa tutan,
yalın sinəli
sultan —
mənim Vətənim!
***
Qadını sev,
qadına yalvar,
Min bir gecə nağıllarını danış,
Alpamışlar doğub verər.
Qadını sev,
kandarını öp,
saray tikmə, könlünü soruş,
bəla gəlsə, sinə gərər..
Qadını sev,
“ölərəm” de,
eşqi yaradan Pərvərdigardan,
sənə ömrü o diləyər.
EY ÜRƏK
Ürək, sənə nə eləyim,
Nə eləsəm ağrımazsan?
Əldə tutum, gülə büküm,
Nə eləsəm ağlamazsan?
Dilin varsa, söylə axır,
Uçaqmı biz asimana?
Adamı yox, azarı yox,
Qədəm qoyaq hansı yana?
Nə eləsəm ağlamazsan?
Guya şehtək atdılar da,
İzn alıb saçdılar da.
Bir kasıbın bazarında
Heç sövdəsiz satdılar da,
Ürək, sənə nə eləyim,
Nə eləsəm ağlamazsan?
Saçı yaran qırx çiçəksən,
Eşq əhlinə sən dirəksən.
Susuzlara sevgin bulaq,
Ovucda tut, can çıxacaq,
Nə eləsəm ağlamazsan?
Üzüm dözüb şərab oldu,
Dağ dözümü turab oldu.
Sən ağrısan, sən ağlasan,
Adəm oğlu xarab oldu.
Xarab oldu, xarab oldu,
Ürək, sənə nə eləyim.
Nə eləsəm ağrımazsan?
ÖMÜR BIRCƏ GÜNDÜR...
Uçur göy qurşağın yellənçək ilə,
Dön, dolan, rəqs elə kəpənək ilə,
Yaşa canı fəda eləmək ilə,
Ömür bircə gündür, o gün - bugündür.
Sabahı bağlanmaq sənlik deyildir,
Keçənə ağlamaq sənlik deyildir.
Cəzanı saxlamaq sənlik deyildir,
Ömür bircə gündür, o gün - bugündür.
Ətəyindən yellər keçdimi, bəsdir,
Yaşamaq önündə hər şey əbəsdir.
Başın salamatsa, dağlar da pəsdir,
Ömür bircə gündür, o gün - bu gündür.
Ata-anan getdi, sən də dönməzsən,
Bu aləm dibinə sən də enməzsən.
Nəvai deməzi, sən də deməzsən,
Ömür bircə gündür, o gün - bu gündür.
Nuhtək ömür sürmək istəsən də - bu,
Zamanın atına çap, desən də - bu.
Yaxşı ad alsan da, itirsən də - bu,
Ömür bircə gündür, o gün - bu gündür.
Ey Fərid, anların şükrüylə yaşa,
Bu dünya bayramdır, eylə tamaşa.
Aşiq adın qalar, əsrlər aşa,
Ömür bircə gündür, o gün - bu gündür.
SƏBƏB
Dünyada heç bir şey səbəbsiz olmur,
Səndən də səbəbsiz qalmayıb, könlüm.
Yolların axırı bitən sayağı,
Tükəndi mənim də çay kimi sevgim.
Səbəbsiz səbəblər baş verməz axı,
Səbəbsiz deyildir ayrılıq, hicran.
Bir damcı yaş gəlməz, gözlərinə nəm,
Günün bitməyibsə, üzülməzdi can.
Şərəflər, alqışlar, adlar, mükafat -
Kimlərsə səninçün olubdur fəda.
Hər əməl səbəbi özünsən, özün,
Bu gün kim olursan - şahsanmı, gəda?!
Başın göylərə yetsə, səbəbkarı var,
Özəyin, damarın, beşiyin, kökün.
Yerin altında ol, ya asimanda,
Demək, işin səbəb niyyətin üçün.
Bəs onda, səbəbin səbəbin axtar,
Düşün, ara, tap, elə təfəkkür.
Səbəb tap, səbəbkar hüzuruna qaç,
Et təzim, ehtiram, ibadət, şükür.
Fəridə ƏFRUZ,
Özbəkistan Respublikasının Əməkdar mədəniyyət işçisi, Özbəkistan Yazarlar Birliyi sədrinin müavini.
Azərbaycan dilinə uyğunlaşdıran: Şahməmməd Dağlaroğlu.