Advertisment

Şəhid Məmmədov Sənan Hidayət oğlu anım mərasimində ehtiramla yad edilib

Vətənə sədaqətin, hərbi borca sonsuz bağlılığın və milli qeyrətin rəmzinə çevrilmiş şəhidlərimizdən biri – Məmmədov Sənan Hidayət oğlunun şəhidlik zirvəsinə ucalmasından səkkiz il ötür. Bu münasibətlə Culfa rayonunda keçirilən anım tədbiri xalqımızın öz qəhrəmanlarına olan dərin hörmət və ehtiramının növbəti təzahürü olub.

Anım mərasimində Culfa Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və hərbiçilər iştirak ediblər. Tədbir Vətən uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edənlər – şəhid Göydağlı Ramazanın atası Əbülfət Əliyev, şəhid Yaqub Nəcəfovun anası Xuraman Zeynallı, Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Ruslan Cəfərov, qazi İbrahim Nəcəfov, hərbiçilər və digər çıxış edənlər Sənan Məmmədovun keçdiyi şərəfli həyat və döyüş yolundan, onun Vətən qarşısında yerinə yetirdiyi müqəddəs missiyadan danışıblar. Bildirilib ki, şəhidlərimizin göstərdiyi fədakarlıq bu gün müstəqil Azərbaycanın gücünün və sabahına olan inamının əsasını təşkil edir.

Çıxışlarda vurğulanıb ki, gənc nəsil məhz belə igid oğulların həyat yolu əsasında vətənpərvərlik ruhunda formalaşmalı, torpağa, dövlətə və milli dəyərlərə sədaqət hissi daim yüksək tutulmalıdır. Şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu xüsusi qeyd olunub.

Tədbir çərçivəsində məktəblilər tərəfindən səsləndirilən vətənpərvərlik ruhlu şeirlər mərasimə xüsusi məna qatıb, iştirakçıların duyğulu anlar yaşamasına səbəb olub.

Qeyd edək ki, Məmmədov Sənan Hidayət oğlu 11 yanvar 2018-ci ildə Tərtər rayonu ərazisində ön mövqedə xidməti vəzifəsini yerinə yetirərkən düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. Onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Vətən uğrunda canını fəda edən şəhidlərimiz heç vaxt unudulmur, onların adı tariximizə qızıl hərflərlə yazılıb. Şəhid Məmmədov Sənan Hidayət oğlu da daim ehtiramla xatırlanacaq.

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi