“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni Bakı-Laçın müntəzəm avtobus reysi təşkil edilib.
"APA-Economics" xəbər verir ki, bu gündən fəaliyyətə başlayan Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edir.
Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib.
Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 AZN müəyyən edilib.
Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.