Zaqatala şəhərində fəaliyyət göstərən Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin müəllimi Sevinc Loğmanovanın təqdim etdiyi “Riyaziyyatda süni intellekt: Khan Academy və Photomath ilə interaktiv öyrənmə” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”nin qalibi olub.
Bu barədə məlumat verən Sevinc Loğmanova bildirib ki, müasir dövrdə riyaziyyat tədrisinin ənənəvi yanaşmaları şagirdlərin analitik düşüncəsini və fərdi öyrənmə bacarıqlarını tam inkişaf etdirməyə imkan vermir.
“Rəqəmsal alətlərdən istifadənin məhdud olması, süni intellekt əsaslı alətlərin tədrisdə tətbiq olunmaması şagirdlərin fərdi ehtiyaclarına uyğun öyrənmə prosesinin qurulmasını əngəlləyir. Bu, xüsusilə region məktəblərində, rəqəmsal texnologiyaların daha az tətbiq olunduğu yerlərdə müşahidə olunur. Mövcud vəziyyət göstərir ki, bir çox məktəblərdə rəqəmsal təhsil resurslarına çıxış məhduddur, şagirdlərin rəqəmsal bacarıqları kifayət qədər inkişaf etməyib və innovativ öyrənmə metodları geniş tətbiq olunmur. Bu, şagirdlərin beynəlxalq rəqabət qabiliyyətini azaldır və onların gələcəkdə texnologiya əsaslı peşələrə uyğunlaşmasını çətinləşdirir. Bu layihənin verəcəyi töhfələr ölkənin gələcəyi olan şagirdlərimizin texnologiya əsaslı peşələrə istiqamətlənməsinə səbəb olacaq”-deyə, o, bildirib. Onun sözlərinə görə, layihə, Khan Academy və Photomath kimi süni intellekt əsaslı alətlərin inteqrasiyası vasitəsilə Zaqatala rayonu məktəblilərinin öyrənmə prosesinin interaktivliyini artırmağı, müasir texnologiyalarla tədrisin keyfiyyətini yüksəltməyi hədəfləyir. Bu yanaşma təhsil sahəsində innovasiyaları təşviq edərək həm müəllimlərin, həm də şagirdlərin tədris prosesinə cəlb olunmasını asanlaşdıracaq. Layihənin məqsədi şagirdlərin rəqəmsal təhsil vasitəsilə biliklərini artırmaq, riyaziyyat fənninin tədrisini süni intellekt əsaslı alətlər – Khan Academy və Photomath ilə birləşdirərək şagirdlərin fərdi öyrənmə imkanlarını genişləndirmək, onların bilik və analitik düşüncə bacarıqlarını inkişaf etdirmək və innovativ yanaşmalarla gələcək uğurlarına töhfə verməkdir.
Layihənin İcra planında şagirdlər üçün təlimlərin keçirilməsi nəzərdə tutulur. Bundan başqa şagirdlərin layihəyə cəlb olunacaq, layihənin şagirdlər üçün yetərincə maraqlı və öyrədici olması təmin ediləcə, çap materialları hazırlanacaq.
Zaqatala rayonu tədris müəssisələrinin ibtidai sinif müəllimləri üçün təlimlər təşkil ediləcək.Təlimlərdə iştirak dən müəllimlər tədrisi ənənəvi yanaşmalarla deyil, süni intellekt əsaslı alətlərin tədrisdə tətbiqi ilə elmlərin “şah”ı olan riyaziyyatı şagirdlərə sevdirəcəklər.
S.Loğmanova deyib ki, dörd aylıq layihə nəticəsində riyaziyyat fənni üzrə bilik və bacarıqların statistik olaraq 30-50% artırılması, hər bir şagirdin fərdi öyrənmə tərzinə uyğun proqramlardan istifadə bacarığının inkişafı, onlarda məsuliyyət hissinin artırılması və təhsil prosesinə motivasiyanın yüksəlməsi, şagirdlərin süni intellekt əsaslı alətlərlə işləmək bacarıqlarını artırılması, texnologiya ilə tədris metodlarını mənimsəyərək gələcək rəqəmsal tələblərə uyğunlaşması, riyaziyyat problemlərinin daha kreativ yanaşmalarla həll edilməsinin öyrənilməsi, şagirdlərin daha yaxşı analiz və nəticə çıxarma bacarıqlarının formalaşdırlması nəzərdə tutulur.
