Advertisment

10 saat ölümlə üz-üzə: “Dedim ki, ayağım qopsa, yuxarıdan bağlayın, qan aparmasın məni”

Pəhləvan cüssəli Həsən kişinin nəvəsi Vəli

Vəli mənim bibim oğludur. Bizimlə həmyaş olsa da, bizdən 1 sinif yuxarıda oxuyurdu. Uşaqlığımız bir yerdə keçib. Vəli həlim xasiyyət, sakit təbiətli bir oğlan idi. Bir yerdə qoyun, mal-qara otarmış, meşədə alaqanqal, qarellə yemiş, doyunca “çiləmə”, “çiling-ağac” oynamışıq. Yeniyetmə vaxtı ona “Ukrayna” velosipedi almışdılar. Bizim örüş onların örüşündən uzaq olsa da, velosiped sürmək azarı ilə uzun yolu heyvanları qovub Vəligilin örüşünə aparardım. Velosipedini də çox istəyir, sürməyə hər adama vermirdi. Mən “mamaoğlu ver, sürüm” deyəndə əvvəl “ə, kələyə gəlmir” deyib məzələnər, amma sonra ürəyi yumşalıb verərdi və mən də doyunca sürərdim. Vəligilin əsli Güney Azərbaycandandır.

Babası Həsən kişi uşaqkən Arazın o tayından gəlmiş, Cəbrayıl rayonunun Horovlu kəndində məskunlaşmışdı. Bu olayın da maraqlı tarixçəsi var. Kimsə öz yerindən yurdundan öz xoşuna çıxmaz, qürbət ellərə getməz ki...

Həsən kişigilin ailəsi İranın Qum mahalında yaşayırmış.  Onların kəndində hər il kəndin böyük meydanında “Mətə” adlı yerdə güləş yarışı keçirilirmiş. Bir gün bunların kəndinə başqa kəndlərdən pəhləvan gəlir. Güləş yarışında hamını yıxan pəhləvan dilini dinc qoymur. Özündən müştəbeh yekəpərin dediyi “Bu kənddə bir kişi yoxdur mənimlə güləşsin, məni yıxsın” sözü camaatı narazı salır. Həsənin atası Vəli kişi irəli çıxır, pəhləvanı yıxır və ona ağır xəsarət yetirir. Pəhləvanın gəldiyi kəndin sakinləri, qohumları bunu həqarət kimi qəbul edir və Vəli kişidən qisas alırlar. Düşmənlərindən 5 güllə yarası alan Vəli kişi oğlanlarına “qisasımı almadan qəbrimə gəlməyin” deyib canını tapşırır. Bir müddət sonra oğlanları Vəli kişinin qisasını alıb qaçaq düşürlər. Həsən kişi bax beləcə gəlib Arazın bu tayına keçir.

Sonralar Həsən kişi Cəbrayılda da çox qala bilmir, Ağdamın Quzanlı kəndinə gəlib çıxır, bir oğlu Murtuza isə Cəbrayılda yurd salır. Yaşlı kişilərin dediyinə görə, Həsən kişi balacaboy olsa da, enliçiyinli, tökmə bədənli, güclü, əzələli bir adam olub. Araba palçığa batanda çiynini arabanın çağına verib təkbaşına çıxarırmış. Vəlinin atası, nəslimizin ağsaqqalı İsgəndər kişi də elə idi-balacaboy, tökmə bədənli və qüvvətli. Amma Vəli daha çox babasına oxşamışdı.

 

* * *

Sovet dövründə kənddə mal-qara iki dəfə örüşə çıxardı. Bir taxıl yayda biçiləndə küləşə, bir də payızda-məhsul yığımı başa çatanda yığılmış pambıq sahələrinə. 80-ci illərdə xüsusən payız aylarında pambıqdan sonra mal-qara otarmaq çox əyləncəli idi. Yeniyetmələrin, gənclərin hamısı demək olar ki, örüşdə olurdu. Heyvanları örüşə buraxırdıq, baş qarışırdı oyunlara. “Çiləmə”, “dirədöymə”, “çiling-ağac” qızışır, bəziləri qruplara ayrılıb briqadir Cəlalın çardağının qarşısında futbol, voleybol oynayardı. Gah da gənclər qurşaq tutub güləşir, ya da qol güləşdirirdilər. Bir dəfə Vəli həmyaşıdı Siyavuşla güləşirdi. Bəlkə də yarım saat güləşdilər, amma heç kim üstün gələ bilmədi. Uzaqda onları seyr edən Şəmil kişinin sözləri yadımdadır: “Lap pəhləvan kimi güləşirlər. O balacaboy eynən babası Həsən kişidir”.

Vəli daxili işlər orqanlarında xidmət etmək, polis  olmaq istəyirdi. Qarabağ münaqişəsi başlananda biz orta məktəbdə oxuyurduq. Vəli yuxarı siniflərdə keçirilən “Üfiqdə parıltı”, “Qartal balası” hərbi-idman oyunlarında hər il əsas komandaya düşür və xüsusi fəallığı ilə seçilirdi. Ağırlıqqaldırma ilə məşğul olur,  turnikdə yoldaşlarından daha çox dartınırdı. Vəligil orta məktəbi 1991-ci ildə bitirdilər. Onların sinifində əksəriyyət ordu sıralarına çağırıldı.

Vəli orta məktəbə bir il tez getdiyindən hərbi xidmətə 1993-cü ilin aprelində çağırılmış,  Yaşmada, “N” saylı hərbi hissədə xidmətə başlamışdı. “Qaqa, xüsusi təyinatlılara düşmüşdüm e”-deyə, sözlə başlayır.

“Türk zabitlər təlim keçirdi bizə. Biz hər şey öyrədirdilər. Silahla davranmağı, bir neçə silahdan atəş açmağı, uzaq məsafəni təxmini müəyyən etməyi, saatı təyin etməyi və s. Bəlkə də 3-4 ay təlim keçsəydik, girdiyimiz döyüşlərdə itkilərimiz də çox olmazdı. Mayın axırına qədər təlim keçib bizi Surət Hüseynovun başlatdığı qiyamı yatırmaq Gəncəyə- apardılar. Oradan Gorana gəldik, post qurduq. Qiyamçılarla atışmada əsgər yoldaşlarımızın bir qismi girov götürüldü. Qalan hissə Bakıya qayıtdı. Yenidən qurulmuş hərbi hissəmizi bir müddət sonra Tərtərə gətirdilər. Ermənilərə qarşı ilk döyüşümüz də Tərtərin Çaylı kəndində oldu. Açığı, ilk günlər adamda  bir həyəcan, qorxu olur-can şirindir axı. Gənc əsgərlər üçün xüsusən çətin idi. Hətta qarşıdan ağır texnika gələndə qorxudan şoka düşən olurdu.  Amma zaman keçdikcə sanki hisslər kütləşir, adiləşir hər şey sənin üçün, bir növ bərkiyirsən, döyüş də bir sənətə çevrilir. Yaxınlığına mərmi düşəndə heç vecinə almırsan. Müharibənin hər üzünü görürsən, taktiki ustalığın artır, bilirsən hardan ata bilərlər, mövqe manevrlərini öyrənirsən. Döyüşə qısa zamanda alışmışdım, o vaxt zabit çatışmırdı axı, məni tağım komandiri təyin etmişdilər. Bölük komandirinin əsas müşaviri mən idim. Müdafiə, döyüş planı hazırlayanda birgə hərəkət edir, götür-qoy edirdik...Çaylı döyüşlərində çox itki verdik”-deyə, aramla davam edir.

Bir dəfə Ağdamda Uzundərənin üstündə bir yer var, orda döyüşdə maraqlı bir hadisə baş verir. Deyir ki, minadan təmizlənmiş cığırla hücuma keçirik. Birdən biss etdim ki, ayağımın altında nəsə qaldı:  “Dayıoğlu, dedim sən öl, minaya düşmüşəm, ayağım getdi artıq. Soyuq tər basdı məni, ayağlm da tit-tir titrəyir. Əsgər yoldaşım yerə yatıb baxdı və dedi ki, minaya düşmüsən. Uşaqlara dedim ki, özümü kənara atacam, ayağım qopsa, yuxarıdan bağlayarsız, qan aparmasın məni. Özümü kənara atdım, amma mina partlamadı. Sonra gəlib baxdıq ki, zərərsizləşdirilmiş mina imiş. Amma o an adam bilmir axı, o dünyanı görüb qayıtdım”.

 

* * *

Bir anlıq fikrə gedib, yenidən sözə başlayır. “Hərdən düşünürəm ki, o qədər gənc əsgəri cəmi 1 aylıq təlimdən sonra niyə döyüşə aparırdılar? Çoxu heç avtomatı düzgün tutmağı bilmirdi. Mən hazırlıqlı idim. Çünki bizim məktəbdə avtomatı söküb yığmağı, atəş açmağı öyrətmişdilər. Biz “”Qartal balası” hərbi idman oyunundan 1 ay əvvəl təlim keçir, sürünür, hədəflərə atəş açırdıq. Yadındadır? Fəxrəddin müəllim aparırdı, Qobuda gedib səngər qazırdıq balaca “lapatka”larla”-deyib üzümə baxır.

Həqiqətən Quzanlı məktəbində “İbtidai hərbi hazırlıq” dərsi çox yaxşı keçilirdi. Məktəbin direktoru təcrübəli pedaqoq Rafiq müəllim gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə çox üstünlük verirdi. Məktəbin təşkilatçısı rəhmətlik Əliyar müəllim isə ilk “zampolitimiz” idi. Hərbi idman oyunlarında, adi idman yarışlarında daim bizə motivasiya verir, mübarizəyə ruhlandırırdı. “İbtidai hərbi hazırlıq” dərsini tədris  edən Fəxrəddin müəllimin də üzərimizdə əziyyəti çox olmuşdu. Fəxrəddin müəllim yüngül silahlar və döyüş taktikası haqqında bilgili adam idi. Bütün gücünü qoyurdu ki, şagirdlər 45 dəqiqə ərzində mövzunu qavrasınlar. Onun əziyyəti, pedaqoji ustalığı Quzanlı məktəbinin komandası hərbi idman oyunlarında ümumrayon birinciliklərində çox vaxt yüksək yerləri tuturdu.

“Tank mərmisinin qəlpəsi düz ürəyinə dəymişdi”

Vəligilin hərbi hissəsini sonradan Ağdama aparıblar. Artıq Ağdam şəhəri işğal olunmuş, hərbi hissə Zəngişalı, Mahrızlı istiqamətində mövqelənmişdi.

Ağdamda Çəlik-Kökəltmə məntəqəsi adlı yer var idi. Vəli deyir ki, ən ağır döyüş orada olmuşdu. “Döyüş başlanandan sonra biz geri çəkilmək məcburiyyətində qaldıq. Düşmənlə arada boşluq var idi. 30 metrlik yeri sürünüb səngərə girməli idik. Bölük komandiri tapşırdı ki, sürünə-sürünə səngərə girin. Hər yer də sarı tikanla doludur. Əlimizə, ayağımıza tikanlar batır, amma hiss etmirik. Səngərə düşəndən, sakintləşəndən sonra hiss elədik ki, bədənizmə tikanlar batıb. Həmin döyüşdə maraqlı bir epizod oldu. “PK” (Pulemyot Kalaşnikov) -dan atəş açan əsgər yoldaşımız dəqiq atəş açır, düşmənə böyük itkilər verirdi. Bir müddət sonra dedi ki, bəs patron qurtarır, gedin, bizim mövqedən ehiyat gətirin. Döyüş yoldaşları ilə iki səngərin arasında-düşmən tankının hədəfində keçib sursatı gətirdik. Amma Mübariz adlı ucarlı döyüş yoldaşım ağır yaralandı. Baxdım, heç yerində qan yox idi. Yaxasını açanda gördüm ki, tank mərmisinin qəlpəsi düz ürəyinə dəymişdi. Çox cəsur oğlan idi, qucağımda keçindi... Bu döyüşdə 60 əsgərdən 10 nəfər sağ qaldı. O qədər belə hadisə olub ki. Yadıma düşəndə dünya gözümdə qaralır, dayıoğlu. Bizim hissədə olanlar əsasən Ucar, Neftçala və Ağdam uşaqları idi. Çoxu ilə bir çağırışcı, gənc əsgər olmuşduq. Hamısının gözəl arzuları vardı, çox da qabiliyyətli uşaqlar idi. Heyf onlardan. Namərdlər gör necə mərd oğulları əlimizdən aldı”-bunu deyəndə səsi titrəyir Vəlinin. Baxışları uzaqlar zillənir, gözlərini dərin kədər sarır.

“Mayın 3-də “Kökətlmə”ni hücumla geri aldıq. Ermənilər xeyli itki vermişdilər o döyüşdə. Bizdə olan məlumata görə, düşmən matəm elan etmişdi. Ertəsi gün Yusifcanlıya hücum etdilər”-deyə, davam edir.

Yeri gəlmişkən, Azərbaycanın Milli Qəhrəmanı Yelmar Eidlov da həmin döyşülərdə-3 may 1994-cü ildə şəhid olub.

Vəli özü də həmin döyüşdə-1994-cü ilin mayın 6-da  yaralanır. “Yusifcanlı həmin vaxt bizdə idi. Döyüş səhər saatlarında başladı. Açığı ermənilərin hücumunu gözləmirdik. Qarqarı keçib kəndə baxdıq. Gördük ki, artıq erməni tankları kəndə girib. Səhər tezdən axşam saatlarında qədər gərgin döyüş oldu. Ermənilər aramsız hücum edirdilər. Güllə, mərmi dolu kimi yağırdı. “Kökəltmə”nin qarşısında təpə var idi. Həmin yerdən vurdu məni snayper. Axşam tərəfi idi, saat təxminən 19.30 olardı”. 3 güllə yarası alan Vəlini döyüş meydanından dostları çıxarır. Düşmən gülləsi daxili orqanlarını parçalamışdı. Əməliyyatla Vəlinin dalağını çıxarırlar. Hazırda 2-ci qrup Qarabağ əlili olan Vəli müharibə illərini kədərlə xatırlayır. “Qaqa, bizim nəsil çox əziyyət çəkdi. Gözlərimin önündə yaşıdlarım, şir kimi oğlanlar şəhid oldu. Özüm yarı can olsam da, daha çox onlara yanıram. Mən heç olmasa nəfəs alıram, Qarabağın, Ağdamın azadlığını gördüm. O gənclər bu günü görmədi axı... Təskinliyim odur ki, şəhid döyüşçü dostlarımın ruhu şaddır”. Cərrahi əməliyyatdan sonra Vəli idmana davam edə bilmir. Kədərlə davam edir: “Qaqa, həyətdə ştanqım, turnikim vardı. Mənim boyumu çıxmağa da elə ştanqlar qoymadı. Yarışlara getmək istəyirdim, qismət olmadı. 200 kilo qaldırmaq istəyirdim, indi 20 kilonu qaldırmaq olmaz mənə. İdmançıların ən çox hansı halını çox istəyirəm, bilirsən?  Qələbədən sonra məğrur gəzirlər ha, o bax o duruşu. Arzularımız yarıda qaldı, heç olmasa vətən torpaqlarına elə dik gəzə bilirik. Allah şəhidlərimizə rəhmət eləsin”.

Elman Cəfərli