Advertisment

Avropa Parlamenti qərəz bataqlığında boğulur

 

Elnarə Akimova, Milli Məclisin deputatı, 
YAP İdarə Heyətinin üzvü, Filologiya elmləri doktoru

 

Avropa Parlamenti son illərdə Azərbaycana münasibətdə sərgilədiyi mövqe ilə obyektiv institut yox, açıq şəkildə qərəzli siyasi mərkəzə çevrildiyini nümayiş etdirir. Eyni regionda baş verən hadisələrə bu qədər selektiv yanaşma, eyni faktlara fərqli ölçü tətbiq etmək nə beynəlxalq hüquqla uzlaşır, nə də Avropanın daim təbliğ etdiyi “dəyərlər sistemi” ilə. Avropa siyasi dairələrinə bunu artıq açıq və sərt şəkildə deməyin vaxtıdır: siz ədalətdən danışırsınızsa, əvvəlcə öz davranışlarınıza baxın.

Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarı emosional addım deyil, uzun müddətdir yığılan ədalətsiz münasibətə verilmiş siyasi cavabdır. Parlamentlərarası dialoq o zaman məna kəsb edir ki, qarşılıqlı hörmət və obyektivlik olsun. Əgər platforma birtərəfli ittihamların, qərəzli qətnamələrin tribunası kimi istifadə edilirsə, orada qalmaq sadəcə formal iştirakdan başqa bir şey deyil.

Bu gün artıq sual başqa cür qoyulmalıdır: niyə Avropa Parlamenti Azərbaycana qarşı ard-arda – artıq 13-cü dəfə – qətnamə qəbul edir? Niyə hər dəfə Azərbaycan hansısa uğura imza atanda, beynəlxalq mövqeyini gücləndirəndə dərhal bunun “cavabı” kimi növbəti siyasi hücum gəlir? Bu, təsadüfdürmü? Əlbəttə yox.

Reallıq ondan ibarətdir ki, bu mövqenin arxasında təkcə abstrakt “narahatlıqlar” dayanmır. Avropada illərdir sistemli şəkildə fəaliyyət göstərən təsir qrupları, xüsusilə erməni diaspor şəbəkələri müxtəlif siyasi dairələrdə aktiv işləyərək informasiya gündəliyini yönləndirməyə çalışır. Bu təsir bəzi deputatların çıxışlarında, eyni tezislərin təkrar-təkrar səsləndirilməsində açıq görünür. Nəticədə regionun reallıqları təhrif olunur, Azərbaycan isə qəsdən hədəfə çevrilir.

Amma paradoks ondadır ki, eyni Avropa siyasi liderləri regionla bağlı real qərarlar verərkən fərqli davranırlar. Ermənistanda keçiriləcək görüşlər ərəfəsində Avropanın aparıcı liderləri əvvəlcə Azərbaycana gəlir, Azərbaycan Respublikasının Prezidenti ilə məsləhətləşmələr aparır, ölkəmizin regiondakı rolunu açıq şəkildə etiraf edirlər. Bu fakt özü hər şeyi deyir. Azərbaycan artıq Avropa İttifaqı üçün sadəcə tərəfdaş deyil, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları və regional sabitlik baxımından strateji əhəmiyyət daşıyan əsas ölkələrdən biridir.

Belə olan halda, bir tərəfdən bu reallığı qəbul edib əməkdaşlıq axtarmaq, digər tərəfdən isə siyasi tribunadan tam əks ritorika səsləndirmək açıq ikili standartdır. Bu yanaşma nə səmimidir, nə də davamlı.

Azərbaycan isə öz mövqeyində qətidir. Biz beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyümüzü bərpa etmişik və bu faktı heç kim dəyişə bilməz. Bizi “işğalçı” kimi təqdim etmək cəhdləri ya məlumatsızlığın, ya da məqsədli təhrifin nəticəsidir. Heç bir təzyiq dili Azərbaycanı öz prinsipial mövqeyindən döndərə bilməz.

Bu gün verilən qərarlar sadəcə diplomatik jest deyil, siyasi mesajdır: Azərbaycan bərabərhüquqlu münasibət tələb edir. Əgər Avropa Parlamenti və ümumilikdə Avropa İttifaqı bu reallığı qəbul etməzsə, itirən tərəf elə Avropanın özü olacaq. Çünki qərəz üzərində qurulan siyasət nə etimad yaradır, nə tərəfdaşlıq, nə də sülh.