Advertisment

Quzanlının Mərd Oğulları

İşdə vaxtım olanda Birinci Qarabağ müharibəsinin qazisi, sinif yoldaşım Rövşənin yaratdığı vetendas.az saytına baxıram. Quzanlıdan olan şəhidlərin şəkillərinə baxanda zaman sanki dayanır, yaddaşın tozlu səhifələri asta-asta açılır. Bir anın içində illər geriyə qayıdıram-40 il öncəyə, Quzanlı məktəbinin səsli-küylü həyətinə. Uşaq gülüşlərinin səmasında qanad çalan o qayğısız günlərə. Bir zamanlar çiyin-çiyinə dərsə getdiyimiz, birgə oyunlar oynadığımız, arzular qurduğumuz o nur üzlü gənclər ki, bu gün şəkillərdən baxır bizə. Ömrün bulaq kimi saf, təmiz çağında amansız müharibə onları bizdən aldı. Bəzilərinin gülüşü hələ də qulaqlarımızda səslənir. İndi hər bir şəkil bir hekayə danışır sanki. Yaşanmamış gəncliyin, qurulmamış xəyalların, deyilməmiş sözlərin hekayəsini.

Bu yazıların ideyasını mənə özü də bilmədən Rövşən verdi.

Bunu deməsəm Rövşənin haqqına girmiş olaram.

Rəqəmsal texnologiyaları yaxşı bilən Rövşən bir savab iş görüb-gecəsini gündüzünə qataraq Qarabağ şəhidləri və döyüşçüləri ilə bağlı bir sayt yaradıb. Bir dəfə bunun səbəbini soruşdum, dedi: “Mirzə, şəhidlərimizin, qazilərimizin çoxu haqqında yazılıb. Bəzilərinin xatirəsi də əbədiləşdirilib. Amma eləsi var ki, zəngin döyüş yolu var, qandan-qadadan keçib, amma bunu heç kim bilmir. Heç biz də bilmirik. Onların hamısı daim gündəmdə olmağa layiqdir. Çünki onlar şəhid olub, torpağa qarışıb, bizsə varıq, həyatdayıq. Heç olmasa, sən demiş, “ictimai maraqlar üçün” xırda bir şey də olsa edək”. Onun bu sözlərindən ilhamlanaraq qərara gəldim ki, ömrü və arzuları yarıda qırılmış məktəb yoldaşlarımızın, kəndimizin qəhrəman şəhid və qazilərinin həyat və döyüş yoluna işıq tutaq, onları sözün gücü ilə yaşadaq, qələmimizin yaddaşında əbədiləşdirək.

Biliklə nurlanan hünər – Bizim Rövşən

Rövşən orta məktəbdə riyaziyyatı yaxşı oxuyurdu. Fiziki cəhətdən sağlam və cüssəli idi, idmanı sevirdi. Qaçışda ona kimsə çata bilməzdi. Futbol azarkeşi idi, özü də  yaxşı oynayırdı. Amma ona hər zaman sinifin futbol komandasında qapını etibar edirdik və o da bizi yarıdır, çərçivəni yaxşı qoyurdu. Hərçənd biz oynadığımız futbolun qapısına “çərçivə” demək də düz deyildi. Ya qapı tiri uzun olardı, ya da dirəklərdən biri əyri. Çox vaxt da ”küçə futbolu” oynayardıq, qapı yerinə iki daş qoyardıq. Rövşənin gözəl rəsm çəkməyi də  vardı. Musiqəyə maraq göstərirdi. Bir dəfə özü məşq edib gitarada çalmaq da öyrənmişdi. Sinif yoldaşlarından Anar, Elnur və məni evə çağırdı ki, gəlin görək, “qaqanız nağayrajax”. Guya “Gəl, gəl, ahu balası” mahnısını çalırdı. Mahnını elə günə qoydu ki, gülmək tutdu bizi. O vaxtdan gitarada çalmağın daşını atdı. Rövşənin gülməyi də bir ayrı aləm idi. Gözü yaşarana qədər gülür, bizi dərsin ortasında “zibilə salırdı”. Çünki ona baxıb biz də özümüzü saxlaya bilmirdik. Bir dəfə kəndin “Sovet sədri” əhalinin siyahıyalalınması kampaniyasına kömək üçün bizim tərifli sinifimizdən 4 nəfəri məktəbdən  idarəyə apardı. Uydumuram, o zaman kənddə bizim “a” sinifi haqqında “onlar Şərqiyyə müəllimin sinifi olub e, hamısı yaxşı oxuyandır” deyimi var idi. Olduqca savadlı, yüksək pedaqoji ustalığa malik, kübar duruşlu, xanım-xatın ədalı Şərqiyyə müəllimə də bütün təriflərə layiq ziyalı idi. Qarabağın böyük ziyalısı Mirzə Saleh Axundovun qardaşı qızı olan Şərqiyyə müəllimənin şagirdləri özünə inamı, bir az da özündənrazılığı ilə tanınardı.
Nə isə, başımız qarışıb ad və soyadları yazmağa. Sovet sədri “Tanrıverdiyev Sovet”, “Hətəmova Nöqtə” inisiallarını (adlar şərtidir-red) söyləyəndə dalağım sancdı ki, sən öl, bura qədər imiş. Elə də oldu. Rövşəndən bir gülmək çıxdı, biz də qoşulduq ona, sovet sədri hamımızı idarədən qovdu. O  zaman bütün ömrümüzün belə şən, qayğısız keçəcəyini zənn edirdik.  Nə biləydik ki, həyat bizə sərt üzünü hələ göstərməyib…

Həyatdan elə ilk namərdliyi də hələ orta məktəbdə oxuyan zaman Rövşən gördü. Başbilənlər günlərin bir günü haqsız yerə işini çox gözəl yarıdan, sinif rəhbərinin də, uşaqların da, müəllimlərin də razı qaldığı Rövşəni sinif nümayəndəliyindən çıxarıb, yerinə sinifin ruhuna uyğun olmayan, bizə sonradan qoşulmuş birini təyin etdilər. O hadisədən elə hamımız çox sarsılmışdıq…

1992-ci ildə orta məktəbdən məzun olanda biz Bakıya ali məktəbə yollandıq. Rövşən isə kənddə qaldı, bir il sonra hərbi xidmətə çağırıldı. Cəbhənin ən qaynar nöqtələrində xidmət etdi.

Rövşən keçdiyi ağır döyüş yolunu anlatmağı sevmir. Amma arada “saqqızını oğurlayıb” danışdıra bilirəm.

*** *** ***

Deyir ki, əsgərliyə 93-ün mayında çağırılıb. Təxminən 2 aylıq təlimdən sonra gənc əsgərləri döyüş bölgəsinə yollayıblar: “1993-cü il iyul ayının 23-də bizim hərbi hissəni Ağdam rayonuna döyüş bölgəsinə gətirdilər. Biz Ağdama gələndə ermənilər artıq şəhərin mərkəzini və rayonun bir çox kəndləri işğal etmişdilər. Biz Əfətli kəndinin girəcəyində döyüş mövqeyi tutduq. Gecə səhərə qədər postda hücum əmrini gözlədik. Səhərə qədər ermənilərin şəhərdə və kəndlərdəki yandırdıqları evlərin tüstüsü hər tərəfi bürümüşdü. Səhər açılanda bizim bölüyü kənddə olan bir fermanın yaxınlığındakı mövqeyə gətirdilər. Səhərə qədər səngər qazaraq mövqeyimizi möhkəmlətdik. Səhər açılanda ermənilərin hücumu başlandı. Onların dağlardan necə endiklərini binoklla görmək olurdu. Bizdən dəfələrlə çox idilər. Güclü atışma başladı. Hətta atışma o dərəcədə idi ki, başımızı səngərdən qaldıra bilmirdik. Toplarımızdan və zirehli texnikalarımızdan bizə dəstək gəldi və biz əks-hücuma keçdik. Erməniləri Əfətli kəndindən çıxartmağa müvəffəq olduq. Əks-hücum əməliyyatı bir neçə gün davam etdi və ardıcıl olaraq erməniləri geri otuzdurduq. Ağdamda döyüşdüyümüz müddətdə rayonun Əfətli, Yusifcanlı və Novruzlu kəndlərini və həmçinin Ergi deyilən ərazini düşmənlərdən azad etdik”.

Döyüş səhnələrini elə təsvir edir ki, sanki Sovet dövründə almanlarla müharibədən çəkilmiş filmə baxırsan.

“Getməyin, hamınızı öldürəcəklər” 

“Ağdam cəbhəsində bütün istiqamətlərdə ermənilərin hücumu dəf edildi və düşmən geri otuzduruldu. Amma ermənilər bu dəfə Füzuli istiqamətində fəallaşmağa başladılar. Onlar rayonun demək olar ki 90%-ni işğal etmişdilər. Odur ki, 1993-cü il avqust ayının 23-də bizim hərbi hissəni Füzuliyə döyüş bölgəsinə gətirdilər. Füzuliyə gedərkən yol boyu öz doğma yer yurdlarından necə didərgin düşən insanları görürdük. Yolboyu ev əşları ilə dolu yük avtomobilləri karvanı hərəkət edirdi. Zorla ev-eşiyindən çıxarılan insanların üzündən kədər, pərişanlıq yağırdı. İnsanlar necə ümidsiz idilər ki, bizi görən bəziləri “getməyin, yazıqsınız, hamınızı öldürəcəklər” deyirdilər. Füzuliyə gələndə düşmən Əhmədbəyli kəndinin üstündəki təpələrdən əsas yolu atəş altında saxlayırdılar. Biz döyüş üçün mövqeyimizi seçdik və əks hücuma hazırlaşdıq. Səhər hava açılana yaxın əks hücuma keçdik. Bu hücumla düşməni Füzuli şəhərinin 8 km məsafəyə qədər qovmağa müvəffəq olduq. Ermənilərdən 150-dən çox əsir və xeyli sayda texnika götürə bildik”.

“Avtomatın qundağı ilə vurub silahını aldım”

Füzulidə ağır döyüşlərdə iştirak edib Rövşən. “Mirzə, bir dəfə erməni hərbi maşınının Horadiz istiqamətindən gəldiyini gördük. Onları atəş altında saxladıq və qaçmağa imkan vermədik. Mən güllə yağışı altında maşına tərəf getdim. Maşında iki nəfər idilər. Biri qaçıb gizlənə bilmişdi, amma ikinci maşının arxasında dayanmışdı. Yan tərəfdən yavaşca maşının arxasına keçdim və avtomatın qundağı ilə erməni terrorçusunun başına zərbə endirib silahını əlindən aldım. Qarabağda yaşayan ermənilərdən idi, ona görə Azərbaycan dlində yaxşı danışırdı. Ayağıma düşüb yalvarmağa başladı. O hər dəfə Azərbaycanca danışanda lap qəzəblənirdim. Gördüm əlimdən  bir xata çıxacaq, gətirib bölüyə təhvil verdim”.

 

“Komandirim başı dizimin üstündə şəhid oldu”

Rövşən Alxanlı döyüşlərini belə xatırlayır: “23 dekabr 1993-cü il idi. Rayonun Alxanlı kəndi istiqamətində hücuma keçirdik. Mən, komandirim Oqtay Vəliyev və daha bir əsgər birlikdə kəşfiyyat etmək üçün düşmənin zirehli texnikaları olan bölgəyə yaxın getməli idik. Komandirimiz rabitə tağımından rabitə vasitəsini alıb mənə verdi. Üçümüz birlikdə ermənilərin içərisinə sızmağa müvəffəq olduq. 100 metr qalmış komandir mənə gözləməyi əmr etdi və digər əsgər ilə birlikdə daha da yaxınlaşdılar. Onlar həmin döyüşdə qumbara ilə düşmənin iki zirehli maşınını vurmuşdu. 3 cü dəfə isə səngərə yaxınlaşan erməni tankını vurmuşdular. Mən isə məlumatı həm komandirdən alır və arxada olan bölüyün əsgərlərinə göndərirdim. Lakin, döyüşdə tank mərmisinin onların yaxınlığına düşməsi nəticəsində komandirimiz ölümcül yaralandı, bir əsgər isə şəhid oldu. Mən rabitə vasitəsini çıxarıb sürünə-sürünə onların hər ikisini də bir-bir ordan çıxarda bildim. Komandirim başı dizimin üstündə gözlərini dünyaya əbədi yumdu və şəhidlik zirvəsinə ucaldı.  

Füzulidə olduğumuz müddətdə rayonun Əhmədbəyli, Yuxarı Alxanlı, Aşağı Alxanlı, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu, Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndlərini düşməndən təmizlədik. Füzuli rayonunda bütün cəbhə böyu düşmənin müqaviməti qırıldı”.

“Sağ qaldığıma özüm də inanmadım”

Rövşən Tərtər-Ağdərə istiqamətində də döyüşlərdə iştirak edib. “Ermənilər bu dəfə də Tərtər-Ağdərə istiqamətində fəllaşmağa başlamışdılar. Onlar Ağdərə istiqamətindən Tərtərin Qapanlı kəndi tərəfə hücuma keçməyə cəhd edirdilər. Odur ki, 1994-cü il aprel ayının 24-də hərbi hissəni Tərtərə döyüş bölgəsinə gətirdilər. Güclü yağış yağırdı. Yağış altında döyüş mövqeyi seçmək üçün əməliyyata başladıq və düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını sıradan çıxartmağa nail olduq. Bir gün kənddə minaatan batareyasının bir bölüyünü yerləşdirdik. Hücum olacağı xəbərini almışdıq. Onlar Ağdərənin Seysulan kəndi istiqamətindən Tərtərin Qapanlı kəndinə doğru hücuma keçəcəkdilər. Odur ki, hücumun qarşısını almağa hazırlaşırdıq. May ayının 10-u idi. Səhər çağı idi, hava işıqlanmamışdı, alaqaranlıq idi. Biz döyüş mövqeyində durmuşduq. Bu vaxt güclü döyüş başladı. Mərmilərin haradan gəldiyini müəyyən etmək qeyri-mümkün idi. Qaqa, o sən yazırsan e arada: “güllə yağış kimi yağırdı”. Bax, eynən elə. Türklər demiş çox misilləmə atəş açırdılar. Yəni intensiv atırdılar. Hücum başlamışdı. Bölükdəki əsgərlərin çoxu yeni gələnlər idi. Düşmənin haradan atdığını təqribi də olsa müəyyən etmək lazım idi. Əsgərlərin çoxunun yeni olduğunu və döyüş təcrübələrinin az olduğunu nəzərə alaraq özüm güllə yağışı altında ağacın hündür yerinə qədər dırmaşdım və təxmini haradan atıldığını müəyyən etdim. Minaatanları həmin istiqamətə tuşladıq və birinci mərmini atdıq. Bəzi xırda düzəlişdən sonra ikinci mərmini atdıq və düşmənin həmin istiqamətindəki atəşi dayandı. Yəqin ki ya vurmuşduq ya da yerlərinin aşkarlandığını bilib yerdəyişmə etdilər. Bir neçə dəqiqədən sonra 50 metr aralıqda bir mərmi partladı və biz də yerdəyişmə etməyi qərara aldıq. Ancaq yerdəyişmə etməyə macal tapmamış ikinci mərmi çox yaxınlığımızda partladı. Gözümü açanda yerə yıxılı vəziyyətdə və üstümdə çoxlu torpaq olduğunu gördüm. Mərmi o qədər yaxında partlamışdı ki, sağ qaldığıma özüm də inanmadım…Qəhrəman əsgərlərimizin, topçularımızın və tankçılarımızın sayəsində düşmənin Qapanlı kəndi istiqamətində hücumunun qarşısı alındı və onları geri çəkilməyə məcbur etdik. Düşmən nəinki Qapanlı kəndinə girə bildi, hətta gəldikləri Seysulan kəndindən də qaçmışdılar. Biz əks-hücum zamanı ideal taktika quraraq erməniləri tələyə saldıq. Taktiki olaraq geriyə çəkilərək Qapanlı kənd məktəbində aypara şəklində mövqe qurduq. Ermənilər isə elə başa düşdülər ki, biz qaçırıq. Odur ki, bütün tankları ilə düzənliyə çıxaraq hücuma keçməyə başladılar. Ancaq əks hücum bu zaman başladı və həm minaatanlarla, həm tanklar və PDM-lərlə, həm də xüsusi təyinatlılarımızla ermənilərə heç zaman unuda bilməyəcəkləri bir əməliyyatı başladıq. Təxminən 4 saat davam edən şiddətli döyüş zamanı düşmənin tank diviziyasını tamamilə sıradan çıxarda bildik. Düşmənin müqaviməti tamamilə qırıldı və sonunda düşmən sülh müqaviləsi bağlamağa məcbur qaldı”.

“Qiyamçılar 3 yoldaşımızı şəhid etdi”

Rövşən 1994-cü il oktyabr ayının 5-də qiyamçı polkovnik Surət Hüseynovun qanunsuz hərbi birləşmələrinə qarşı döyüşlərdə də içtirak edib: “Gəncədə qiyamçılara qarşı silahlı münaqişədə fəal iştirak etdik və qiyamın qarşısının alınmasında qəhrəmanlıq göstərdik. Bu zaman bizim tağımın 3 əsgəri: Natiq MəmmədovAqil Musayev və Elnur Nuriyev qiyamçılar tərəfindən qətlə yetirdi. Onlara ölümündən sonra Milli Qəhrəman adı verildi. 1995-ci il mart ayında isə bizi Bakıya apardılar. Bizim hissə mart qiyamının yatırılmasında rol oynadı. Qiyamçılara qarşı mübarizə aparanlardan biri də mən olmuşam”.

*** *** ***

Rövşən atəşkəsdən sonra da orduda xidmət etdi. O zaman xidmət müddəti 3.5-4 il idi. Bir neçə məktəb yoldaşımız 3-4 illik xidmətdən sonra ruhdan düşdülər, ali məktəb haqqında düşünmək belə istəmədilər. Rövşən isə fərqli idi. Sinifdə çoxumuzdan boyca uca olan Rövşən həm də inadkar idi. O zaman biz ona höcət deyərdik. Sonradan dərk etdik ki, əslində bu “höcətlik” yaxşı bir keyfiyyət imiş. Bu keyfiyyəti Rövşənə güc, əzm verdi. Qısa müddət ərzində hazırlaşıb çoxlarının arzusu olan Bakı Dövlət Universitetinə daxil oldu. Tətbiqi riyaziyat fakültəsini seçmişdi Rövşən. Hərbi xidmət dövründə şeirlər də yazırmış. Sonralar bu barədə özü danışdı bizə. Rövşənin şeir yazması da uzun hekayədi. Hələ 7-ci sinifdə oxuyanda onun poeziyasına ilham verən “pəri” də yadımdadır…

Ali məktəbə qəbul imtahanlarının nəticələri açıqlananda hər kəs öncə özünü düşünər. Amma o, imtahandan kəsilsə də nəticələr çap olunan jurnalı da qoltuğuna vurub bizə qaçmışdı. Həmin gecə Quzanlıdakı evimizin şimala baxan “sərin otaq” adlandırdığımız baş köşəsində gecə yarıya qədər üzüm arağı ilə mənim uğurumu qeyd etdik. “Elektronika” maqnitofonunda da Baloğan “Uçan quşlar”ı oxuyurdu. Baloğanın bu mahnı olan kasetini özüm  qəsdən qoymuşdum. Çünki 7-ci sinifdə Rövşən bu mahnıya qulaq asıb gözlərini qıyar, “ilham pəris”i olan o ucaboy, ahu gözlü qızı xatırlayardı.

İndi o günləri xatırlayıb gözümüz yaşarana qədər gülürük. Amma Rövşənin gözündə qəribə, dibsiz bir kədər var. O kədər qanlı-qadalı müharibənin mirasıdır. Əminəm ki, bizim sinifin  ən nadinc güləyənləri olan Anarla, Elxanla, Elnurla yığışıb keçmiş günləri yada salsaq, ya da lətifə danışsaq, Rövşən bizi otağından qovmuş sovet sədrinin kabinetindəki kimi ürəkdən gülə bilməz. O qayğısız, ümid dolu, gözləri fərəhdən parlayan Rövşən yoxdu. O Rövşəni bizdən insafsız müharibə aldı. 18 yaşlı gəncin qəlbinin içində qurduğu,  gülüşlə işıqlanan o sarayı qollarında can verən döyüş yoldaşlarının iniltisi sarsıtdı. Qulağının dibində vızıldayan hər güllə, yaxınlığında partlayan hər mərmi o saraydan hər gün bir kərpic qopardı. Bizim gülərüz, həyat dolu sinif yoldaşımız  artıq əvvəlki Rövşən deyil. Gülüşü də dəyişib. Şaqraq gülüşünün yerini dərin və kədərli düşüncələr alıb. Baxışlarında isə qayğısız uşaqlığın yerini ağır xatirələr kök salıb. Bax belə, 38 il öncə namərd qonşuların başladığı müharibə təkcə torpaqlarımızı yox, arzularımızı da yandırdı, gəncliyimizi yarımçıq qoydu. İndi o ümid dolu gözlərin işığı xatirələrdə yaşayır. Rövşənin yarımçıq qalan arzuları isə səssiz bir haray kimi zamanın içində əks-səda verir. İtirdiklərimizi heç vaxt yaddan çıxarmayaq deyə…

Elman Cəfərli