Advertisment

Finlandiyalı siyasətçi: Qərb Ukraynaya hərbi yardım göstərməyi dayandırmalıdır

Finlandiyanın “Azadlıq alyansı” partiyasının nümayəndəsi Armando Mema Moskva bölgəsinə gecə saatlarında edilən dron hücumundan sonra Ukraynanı kəskin şəkildə qınayıb.

Herbiand.az xəbər verir ki, Mema bu barədə sosial şəbəkədə yazıb.

O, bildirib ki, Kiyev və Moskva arasında 2022-ci ildə aparılan sülh danışıqlarının pozulmasına görə tam məsuliyyət daşıyan Böyük Britaniya indi Rusiyaya qarşı istifadə üçün Ukraynaya 120.000 PUA-nın təhvil verildiyini elan edib: "Dünən Moskva bölgəsində dron hücumları nəticəsində üç mülki şəxs həlak olub və Rusiya ərazisinə hücum dalğaları davam edir. (...) Mən bu hücumu qınayıram. Münaqişələr zamanı ən yüksək qiyməti ödəyən məhz mülki şəxslərdir".

Mema münaqişəyə son qoymaq üçün Moskva ilə diplomatik əlaqələrin mümkün qədər tez bərpa olunmasına çağırıb. O, Qərb ölkələrini münaqişənin sülh yolu ilə həllinə müdaxilə etməyi dayandırmalı olduğunu vurğulayıb.

Siyasətçi həmçinin hesab edir ki, Britaniya və Avropa Birliyi Kiyevə hərbi yardım göstərməyi dərhal dayandırmalıdır, əks halda tammiqyaslı münaqişə riski var: "Səmimi qəlbdən ümid edirəm ki, Qərb liderləri bu münaqişə nüvə müharibəsinə çevrilməzdən əvvəl ağlını başına gətirəcək və diplomatiya üzərində işləməyə başlayacaqlar".

Bundan əlavə, o, Ukraynaya çoxlu sayda uzunmənzilli dronların köçürülməsinin Avropa ölkələrinin təhlükəsizliyini yüksəltməyəcəyinə diqqət çəkib.

Bəxtiyar CƏFƏRLİ