Advertisment

Admiral: ABŞ-ın nüvə enerjisi ilə işləyən gəmilərdən imtina etməsi səhv qərar olub

Nüvə enerjisi ilə işləyən suüstü gəmilərdən demək olar ki, tamamilə imtina etmək ABŞ Hərbi Dəniz Qüvvələrinin etdiyi ən böyük səhvlərdən birinə çevrilib.

Herbiand.az bildirir ki, bu barədə ABŞ donanmasının hərbi-dəniz əməliyyatlarının rəisi (Qərargah rəisi) admiral Deril L.Kodl deyib.

Admiral Nümayəndələr Palatasının silahlı qüvvələr komitəsinin üzvləri qarşısında çıxış edib. Dinləmələr Hərbi Dəniz Qüvvələrinin 2027-ci maliyyə ili üçün büdcə tələbinə yönəlib. ABŞ donanması uzunmüddətli gəmiqayırma planı təqdim edib və bu plana əsasən, gələcək “Tramp” sinifli gəmilər nüvə mühərriki ilə təchiz olunacaq.

"Biz onilliklər əvvəl nüvə enerjisi ilə işləyən suüstü gəmilərdən imtina etmişdik və bu, Hərbi Dəniz Qüvvələrinin indiyə qədər etdiyi ən böyük səhvlərdən biri idi. İndi isə bu ideyaya qayıdırıq", - Kodl etiraf edib.

O, əlavə edib ki, bu cür gəmilər ABŞ Hərbi Dəniz Qüvvələrinin nüvə enerjisi ilə işləyən aviadaşıyıcı gəmilərinin apardığı əməliyyatları dəstəkləmək üçün lazımdır.

Bəxtiyar CƏFƏRLİ