Advertisment

Moskvada Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər

Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrov ilə danışıqlar aparıb.

Herbiand.az xəbər verir ki, xarici işlər nazirləri Azərbaycan-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərini, iqtisadi-ticari və humanitar əməkdaşlığı, həmçinin regional və beynəlxalq gündəliyi müzakirə ediblər.

Görüşü açan Sergey Lavrov Ceyhun Bayramovu iyulun 9-da qeyd olunan Azərbaycanın diplomatik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə təbrik edib və ona peşəkar fəaliyyətində uğurlar arzulayıb.

Rusiya xarici işlər naziri qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar iki ölkə arasında prezidentlər, hökumətlər, nazirliklər, idarələr və parlamentlər səviyyələrində müntəzəm dialoqu davam etdirir.

Sergey Lavrov deyib: “Bütün bunlar həyatda qaçılmaz olan və periodik olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də də imzaladığımız müttəfiqlik qarışlıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”.

O bildirib ki, bu il ən yüksək səviyyədə əldə edilən razılaşmalar, o cümlədən hökumətlərin və xarici işlər nazirliklərinin apardıqları iş sayəsində 2024-cü il dekabrın 25-də baş verən AZAL sərnişin təyyarəsinin qəzasının nəticələri ilə bağlı məsələlər həll olunub.

Rusiyalı nazir, həmçinin tərəflərin iqtisadi əməkdaşlığı müzakirə etmək niyyətində olduğunu qeyd etdi. O, Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasının aprel ayında keçirildiyini xatırladıb.

Sergey Lavrovun sözlərinə görə, mədəni və humanitar sahələrdə də yaxşı tendensiyalar və perspektivlər müşahidə olunur.

Rusiya xarici işlər naziri danışıqlar əsnasında Cənubi Qafqazdakı vəziyyətin müzakirə olunacağını vurğulayıb. O, həmçinin “3+3” regional məşvərət platformasına artan marağın olduğunu qeyd edib.

Bundan əlavə, tərəflər Birləşmiş Millətlər Təşkilatı, ATƏT və Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə etmək niyyətindədirlər.

Öz növbəsində, Ceyhun Bayramov Moskvaya səfərə dəvətinə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Azərbaycan xarici işlər naziri qeyd edib ki, bu cür təmaslar Azərbaycan-Rusiya münasibətlərinin bütün spektri üzrə hərtərəfli müzakirələr üçün mühüm platformadır.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər iqtisadi-ticari əməkdaşlıq məsələlərini geniş şəkildə nəzərdən keçirəcəklər ki, bunun mühüm elementi Hökumətlərarası Komissiyanın müntəzəm iclaslarıdır.

Ceyhun Bayramov qeyd edib: “Dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasında ümumi tendensiya müsbətdir”.

Nazir bildirib ki, tərəflər 2025-ci ildə ikitərəfli əməkdaşlığın göstəricilərini, həmçinin yaxın perspektiv üçün planlaşdırılan istiqamətləri müzakirə edəcəklər.

Azərbaycan xarici işlər naziri humanitar sahəni Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin ənənəvi vacib elementi kimi xarakterizə edib.

Ceyhun Bayramov, həmçinin iki ölkənin beynəlxalq platformalarda qarşılıqlı fəaliyyəti də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün regional və beynəlxalq məsələləri müzakirə etməyə hazır olduğunu bildirdi.