Advertisment

Ekspertdən çağırış: "Suya qənaət etməklə gələcəyi qorumuş oluruq"

Həyati əhəmiyyətli nemətlərdən sayılan suyun qorunması günümüzdə dünyanın qarşısında duran əsas problemlərdən sayılır. Çünki su ehtiyatlarımız getdikcə azalır. Buzlaqlar əriyir, şirin su ehtiyatları məhdudlaşır, göllər quruyur. Dünyanın ən böyük duzlu gölü olan Xəzər gözümüzün önündə sahildən uzaqlaşır. Xəzəri qidalandıran çayların səviyyəsi aşağı düşür. Tərslikdən Azərbaycan Cənubi Qafqazın ən az su ehtiyatlarına malik ölkəsidir. Ölkəmiz transsərhəd su resurslarından asılı ölkələr sırasındadır. Beləki ölkəmizin şirin su ehtiyatlarının təxminən 70 faizi ölkə hüdudlarından kənarda formalaşır. Ekspertlər bildirir ki, mövcud su ehtiyatları səmərəli idarə olunmazsa, yaxın gələcəkdə ölkəmizdə su böhranı yaşana bilər. Su ehtiyatlarının qorunması və gələcək nəsillər üçün etibarlı su təminatının yaradılması istiqamətində hansı tədbirlərin həyata keçirilməsinə ehtiyac var?

Bu və digər suallarımızı kimya elmləri üzrə fəlsəfə doktoru Aynur Zülfüqarova cavablandırır.

-Aynur xanım, su ehtiyatlarının məhdudlaşdığı dövrdə yaşayırıq. Ölkəmizin su resurslarının azalmasının əsas səbəbləri hansılardır? İqlim dəyişikliyi ölkəmizin su resurslarına necə təsir göstərir? 
-Əhalinin artması qlobal iqlim dəyişiklikləri, yağıntıların azalması, ölkəmizə kənardan daxil olan çaylarda su axınının zəifləməsi su ehtiyatlarımızın azalmasının əsas səbəbləri kimi nəzərdən keçirilə bilər. Sudan qeyri-səmərəli istifadə, həmçinin, su istehlakında hədsiz israfçılıq da suyumuzun azalmasını şərtləndirir. Biz tez-tez rayonlarda oluruq. Bölgələrimizdə 30 il əvvəlki su bolluğu yoxdur. Son illər müşahidə olunan intensiz yağıntılar sizi aldatmasın. O yağıntılar periodikdir, daimi deyil. Biz də isə yağış sularından geniş şəkildə səmərəli istifadə hələ ki mümkün olmur. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda yağış sularının depolanması üçün ekoloji düşüncəyə əsaslanan layihələr həyata keçirilir. Ağalı kəndində yağış kanalizasiyası qurulub. Amma bu, azdır. Bu təcrübə geniş tətbiq olunmalıdır. Su ehtiyatlarımızın azalması ilə bağlı rəsmi qurumların məlumatı narahatedicidir.
Beləki su ehtiyatlarına təzyiq ilbəil artır. Elə bir dövrə gəlib çatmışıq ki, mövcud su ehtiyatlarımızdan maksimum səmərəli istifadə etməliyik. Qlobal istiləşmə nəticəsində orta temperatur yüksəlib, çaylarda sululuq zəifəyib. Bu, ölkənin su balansına mənfi təsir göstərən əsas faktorlardandır. Digər problem suvarma sisteminin yenilənməməsidir. Kənd təsərrüfatı işçiləri anlamalıdır ki, sahəni 30 il qabaqkı bolluq dövründəki kimi suvarmaq olmaz. Dünya yeni texnologiyalara çoxdan keçib. Ölkəmizdə fermerlərin tətbiq etdiyi selləmə suvarma sistemi ciddi su itkilərinə yol açır, bəzi hallarda bu metod torpağın münbit qatının yuyulmasına, nəticədə şoranlaşmaya yol açır. Yeni suvarma texnologiyalarının tətbiqi toprağı deqradasiyadan qoruyur, məhsuldarlığı artırır. Su ehtiyatlarınızın məhdudlaşması ciddi narahatlıq yaradıb. Rəsmi qurumlar ciddi tədbirlərə başlamalıdır. Qəbul olunmuş 2024-2040-cı illəri əhatə edən "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da su ehtiyatlarının səmərəli idarə olunması, smart suvarma sistemlərinin tətbiqi və su itkilərinin minimuma endirilməsi əsas prioritet kimi götürülüb. Mövcud su ehtiyatlarımızın qorunub gələcək nəsillərə saxlanması üçün qənaətcil texnologiyaların tətbiqi çox vacidbir. 
-Yağıntıların azalması və temperaturun artması su ehtiyatlarında hansı dəyişikliklərə səbəb olub? 
-Son illər ölkəmizdə quraqlığın artması və orta illik temperaturun yüksəlməsi su ehtiyatlarına mənfi təsir edib. Çaylarda su səviyyəsinin aşağı düşməsinin, yeraltı suların azalmasının əsas səbəblərindən biri də qlobal iqlim dəyişikliyinin yaratdığı fəadlardır. Temperaturun yüksəlməsi nəticəsində yer səthinin qızması dağlarda qar xəttinin yuxarı qalxmasına səbəb olub, buzlaqlar əriyib. Dağlıq zonalarda qar ehtiyatlarının və buzlaqların həcminin azalması çayların qidalanmasına mənfi təsir göstərib. Su anbarlarına daxil olan suyun həcmi azalıb, əkin sahələrinin   suvarma suyu ilə təminat çətinləşib.
-Transsərhəd çaylarda suyun azalması Azərbaycanın su təhlükəsizliyinə necə təsir edir? 
-Transsərhəd çayları ilə bağlı problemlərimiz onsuz da çox idi. Çünki şirin su ehtiyatlarımızın əsasını təşkil edən transərhəd çaylarımızın bir qismi qonşu ölkələrdə çirklənməyə məruz qalır. Məsələn, Ermənistandan axan 11 çayın əksəriyyəti dağ mədən sənayesinin tullantıları ilə çirkləndirilir. Üstəlik, bütün qonşu dövlətlərin ərazilərində transərhəd axınlarından sugötürmələr çoxalıb. Çaylarda suyun axını zəiflədikcə, əkin sahələrimiz susuzluqla üz-üzə qalır, torpaqlarımız əvvəlki məhsuldarlığını itirir, süfrəmizin bərəkəti azalır. Su böhranı təkcə aqrar sektora deyil, həm də ekosistemlərin tarazlığına mənfi təsir edir. Günümüzdə hər damla artıq qiymətli sərvətə çevrilir. Unutmayaq ki, Yer kürəsində dayanıqlı inkişafı təmin etmək üçün təbii resurslardan səmərəli istifadə etməliyik. Çünki onlardan istifadə gələcək nəsillərin də haqqıdır. Obrazlı desək, suya qənaətlə gələcəyimizi qorumuş oluruq.
-Ölkəmizdə yeraltı su ehtiyatlarının vəziyyəti necədir? Onlardan səmərəli istifadə olunurmu? Kəhrizləri bərpa etmək mümkündürmü?
-Yeraltı su ehtiyatları ölkəmizin içməli su təminatında və aqrar sektorda mühüm rol oynayır. Amma təəssüf ki, qlobal istiləşmə, əhali artımı və kənd təsərrüfatı sahələrinin genişlənməsi nəticəsində yeraltı su resurslarımız da azalıb. Mən Qarabağ bölgəsində səfərlərdə olanda müşahidə etmişəm, 30 il qabaq mövcud olan qaynama bulaqların çoxu quruyub. Həmin bulaqlardan olduqca keyfiyyətli su çıxırdı, insanlar məişətdə, fərdi təsərrüfatlarda o sudan istifadə edirdilər. Heç olmasa mövcud resursları qorumaq üçün ciddi tədbirlərin görülməsi zəruridir. Vaxtaşırı yeraltı su ehtiyatlarının monitorinqi aparılmalı, su götürülmələrə nəzarət gücləndirilməlidir. Bir zamanlar Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan mövcud olmuş qədim su sistemlərinin-kəhrizlərin bərpası kəndlərdə su təminatının yaxşılaşdırlmasına töhfə verə bilər. Ötən il Beynəlxalq Miqrasiya Təşkilatı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi Azərbaycanda kəhriz su sistemlərinin bərpası layihəsini həyata keçirib. Layihə çərçivəsində ölkə ərazisində 200-ə yaxın kəhriz bəppa edilib. Bu olduqca yaxşı haldır. Hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən iri şirkətlə kəndliyə dəstək prpqramları həyata keçirməli və daha etirabarlı su sistemləri olan kəhrizlərin bərpası davam etdirilməlidir. Kəhrizlərin bərpası aqrar sektorda su təminatının yaxşılaşdırılması ilə yanaşı, həm də tarixi-mədəni irsin qorunmasına xidmət edir. Su itkilərinin daha çox müşahidə  olunduğu su kanallarının bərpası da faydalı olardı.
-Sirr deyil ki, indi ciddi su itkilərinə təkcə aqrar sektorda deyil, iri şəhərlərdə də yol verilir. Şəhərlərdə içməli su şəbəkələrində itkilərin azaldılması üçün hansı addımlar atılmalıdır? 
-Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Xırdalan kimi iri şəhərlərinin içməli su şəbəkələrində itkilərin azaldılması üçün zəruri tədbirlərə ehtiyac var. İlk növbədə suyun nəqlində rast gəlinən itkilər azaldılmalıdır. Bunun üçüb istismar müddətini başa vurmuş su kəmərləri tədricən yenilənməli, köhnəlmiş infrastruktur daha səmərəli müasir sistemlərə əvəz olunmalıdır. Sızmaların operativ aşkarlanmasını təmin edən texnologiyaların tətbiqi faydalı olardı. Su təchizatı şəbəkəsinə müntəzəm baxış  keçirilməli, qəzalar zamanında aradan qaldırılmalıdır. Sirr deyil ki, bu gün iri şəhərlərdə avtomobilyuma müəssisələrində, yaşıllaşdırmada içməli sudan istifadə olunur. Halbuki sözügedən sahələrdə emal olunmuş məişət sularından və yağış sularından istifadə etmək mümkündür. 90-cı illərdə Bakıda mövcud olmuş texniki su şəbəkəsinin bərpa edilməsi vacibdir. Su itkilərinin qarşısını almaq, daha qənaətcil, səmərəli suvarma texnologiyalara keçidi təmin etmək üçün əhalinin maarifləndirilməsini ehtiyac var. Bu məsələdə vətəndaş cəmiyyətinin, medianın üzərinə böyük vəzifə düşür. 
-Beynəlxalq təcrübədə su çatışmazlığı ilə mübarizədə hansı uğurlu modellər var və ölkəmizdə onlardan hansıları tətbiq edilə bilər? 
-Dünya təcrübəsində su böhranı ilə bağlı sınaqdan keçmiş uğurlu həll modeli damcılı, yağmurlama suvarma sistemlərinin tətbiqi, çirkab suların təmizlənərək təkrar istifadəyə verilməsi, yağış sularının depolanması, ağıllı su idarəetməyə keçid sayılır. Səmərəli su idarəetməsinin ən gözəl nümunəsi İsrail, Sinqapur, Avstraliya kimi ölkələrdə tətbiq edilir. Biz daha modern metodları öyrənməli və dayanıqlı inkişaf naminə ölkəmizdə tətbiq etməliyik. Qabaqcıl və sərfəli beynəlxalq təcrübələrin yerli şəraitə uyğunlaşdırılması ölkəmizin su təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfələr verə bilər.
Aysel
"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" layihəsi çərçivəsində hazırlanmışdır. Bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".