Advertisment

Şıxmahmud kəndində qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib

Babək rayonunun Şıxmahmud kəndində Vətənimizin azadlığı və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib.

​Tədbirlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Babək Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Əlahiddə Ümumqoşun Ordunun zabitləri, "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin üzvləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

​Anım tədbirləri çərçivəsində əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub və məzarları önünə tər çiçəklər düzülüb. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

​Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan Ordusunun qüdrəti ilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən fəxarətlə bəhs ediblər. Qeyd olunub ki, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

​Tədbir zamanı 10 il öncə – 2016-cı ilin iyulun 14-də Azərbaycan-Ermənistan təmas xəttində düşmənin atəşkəs rejimini pozması nəticəsində şəhidlik zirvəsinə ucalan kapitan Toğrul Səyyad oğlu Məmmədovun xatirəsi ehtiramla anılıb. Məlumat verilib ki, 1988-ci il iyulun 26-da Şıxmahmud kəndində anadan olan Toğrul Məmmədov 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2009-cu ildə leytenant hərbi rütbəsi ilə məzun olub. O, göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, şəhadətindən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

​Daha sonra 14 iyul 1982-ci il təvəllüdlü şəhid Məhərrəmov Mayis Füzuli oğlunun doğum günü münasibətilə keçirilən tədbirdə onun həyat yolu barədə danışılıb. Bildirilib ki, Mayis Məhərrəmov 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları zamanı Xocavənd rayonunun Çartar kəndi istiqamətində qəhrəmancasına şəhid olub. Qəhrəmanımız ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə ™görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

​Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Bəxtiyar ƏLİYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi