Bu gün Rusiya pilotsuz təyyarə operatorları bazarda tərəvəz satmaq üçün Xersona gələn Nikolayev vilayətinin sakinini nümayişkəranə şəkildə ovlayıblar. Həmin şəxs möcüzəvi şəkildə sağ qalıb, lakin avtomobili xeyli zədələnib.
Herbiand.az bildirir ki, Xerson regional hərbi administrasiyası qurbanın başına gələnləri barədə danışdığı video yayımlayıb.
Nikolayev vilayətinin Yuri adlı sakini Xersona həyat yoldaşı ilə gəldiyini deyir. Onlar təzəcə gəlib tərəvəz qutularını açmağa başlayarkən bazarın üzərindən aşağı hündürlükdə dron uçub. Qadın qaçmağı bacarıb, Yuri isə drondan gizlənməyə çalışıb.
Satıcı deyir ki, dronun kamerası qarşısında rus operatoruna tərəvəzlərə işarə edərək göstərib ki, "Bax, mən kolxozçuyam". Dron maşının ətrafında dövrə vurub, xiyar, pomidor və digər ərzaqların olduğu çətirin altından baxıb və kişini, onun maşınını vurub.
"Dron maşının ətrafında təxminən bir dəqiqə dövrə vurub, qaçmağa çalışan kişini təqib edib. Dronu idarə edən şəxs hədəfi aydın görürdü. Bu, tərəvəz satmağa gələn adi bir kişi idi. Lakin bu, rus alçağını dayandırmadı. O, qəsdən sursatı birbaşa kişiyə tərəf göndərdi", - hərbi administrasiyadan bildirilib.
Kişi möcüzəvi şəkildə sağ qalıb. O, beyin silkələnməsi, partlayış xəsarətləri, kürəyində və ətraflarında (qollarında və ayaqlarında) çoxsaylı qəlpə yaraları alıb. Onun maşını da zədələnib.
Həkimlərin sözlərinə görə, onun həyatı təhlükədə deyil.
Bəxtiyar CƏFƏRLİ