Advertisment

Şəhid leytenant Şükür Hacıyevin əziz xatirəsi ehtiramla yad edilib

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat xidməti bildirir ki, şəhid leytenant Hacıyev Şükür Bayram oğlunun əziz xatirəsi ehtiramla yad edilib.

Anım tədbirindən əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Çıxışlarda şəhid leytenant Şükür Hacıyevin şərəfli həyat və döyüş yolundan, Vətənə sədaqətindən və göstərdiyi qəhrəmanlıqdan söz açılıb. Qeyd olunub ki, Şükür Hacıyev Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək şəhadət zirvəsinə ucalıb. Onun göstərdiyi qəhrəmanlığın gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğu vurğulanıb.

Şəhid leytenant Hacıyev Şükür Bayram oğlu 25 avqust 1999-cu ildə Babək qəsəbəsində anadan olub. Ailənin iki oğul övladından biri olan Şükür Hacıyev 2005–2013-cü illərdə Babək qəsəbə tam orta məktəbində, 2013–2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alaraq məzun olub.

Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən leytenant Şükür Hacıyev 6 oktyabr 2020-ci ildə Tərtər rayonu ərazisində gedən döyüşlər zamanı şəhadət zirvəsinə ucalıb.

Şəhid leytenant Şükür Hacıyev ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidlərimizin Vətən qarşısında göstərdiyi misilsiz xidmət və qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların əziz xatirəsi daim ehtiramla yad olunacaq.

Bəxtiyar ƏLİYEV