Advertisment

Su qıtlığına qarşı müasir yanaşmalar: Azərbaycanda hansı addımlar atılır?

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanın məhdud su ehtiyatlarından səmərəli istifadə və alternativ mənbələrdən istifadənin təşviqi” layihəsi çərçivəsində  tədbirlərini davam etdirir. Layihə çərçivəsində növbəti görüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus mərkəzində keçirilib.  ADSA, Kənd Təsərrüfatı, Səhiyyə, Energetika, Fövqəladə hallar, Rəqəmsal inkişaf və nəqliyyat nazirlikləri, Coğrafiya, Geologiya institutu, Bakı Dövlət Universiteti, SOCAR, Ekoloji QHT-lərin  və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbiri giriş sözü ilə “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov açıb.

Sadiq Həsənov tədbirdə prezentasiyanı təqdim edib. O, Yer kürəsinin su resurslarından danışıb.

“Planetin 70%-i su ilə örtülü olmasına baxmayaraq şirin su ehtiyatları bu ehtiyatların cəmi 3,5%-ni təşkil edir. Bu da əsasən çaylarda, göllərdə formalaşır. Azərbaycanda bu ehtiyatlar daha azdır və Cənubi Qafqazda ən az su ehtiyatına malik bir ölkəyik. Azərbaycanın əkinçilik rayonları əsasən Kür-Araz ovalığında yerləşdiyindən əkin sahələrinimn daim suvarılması xüsusilə yay aylarında, çox vacibdir”.  S.Həsənov bildirib ki, ölkə üzrə qəbul edilən dövlət proqramında (2026-2030) əkin sahələrinin müasir suvarma sistemləri və qurğularının tətbiqi gözlənilir. “Kənd təsərrüfatı üzrə suvarılan əkin sahələrinin ümumilikdə təxminən 10 faizində müasir suvarma sistemləri (damcı, yağmurlama və pivot (mərkəzi oxlu suvarma)) qurulub. Damcı suvarma xüsusilə intensiv meyvə və tərəvəzçilikdə geniş tətbiq olunur, qalan əkin sahələrində isə əsasən ənənəvi (səthi) suvarma üsulları üstünlük təşkil edir”-deyə, o, bildirib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Akif Quliyev çıxışında Kürdəmirdə su problemindən danışdı. Onun sözlərinə görə, Kürdəmirdə su problem və Girdman çayının duzlu olması barədə deyilənlər həqiqətə uyğun deyil. “Oğuz-Qəbələ-Bakı su kəmərinin Oğuz rayonun ətraf mühitinə və su mənbələrinə mənfi təsiri yoxdur. Şəkinin Kiş və Şin çaylarının vadisinin təmizlənməsinə icazənin verilməsinin ETSN, Su Agentliyi birlikdə müzakirə edərək qərar verir. Vadinin təmizlənməsi rayon üçün əhəmiyyətli olduğundan qərara verilməsi tam araşdırma və qiymətləndirmədən sonra verilir”-deyə, o, bildirib.

Bakı Dövlət Universitetinin professoru Fərda İmanov bildirib ki, su ehtiyatlarından səmərəli istifadə bu gün bütün dünya üçün prioritetdir və Azərbaycanda su anbarlarının tikilməsi ilə prosesin idarə edilməsi aparılır.

Kənd Təsərrüfatı nazirliyinin nümayəndəsi Rövşən Abdullayev bildirib ki, kənd təsərrüfatında əkinçiliyin suvarılmasında əsasən torpaq kanallardan istifadə edilir və bu zaman su itkisi artır. Onun sözlərinə görə, damcılama metodu ilə suvarmaya dövlət dəstəyi var, bununla bağlı dövlət proqramı qəbul olunub. 2030-cu ilə qədər damcılama su sisteminin ümumi həcmi 300 min ha çatması planlaşdırılır, dövlət fermerlərə subsidisiya verir.

Tədbirdə FHN-dən Rafiq Həsənov, Elm və Təhsil Nazirliyinin Coğrafiya institundan Mövlud Teymurov, Energetika nazirliyindən Asəf Rzayev, SOCAR-Baş ofisindən Əsmər Orucova, vətəndaş cəmiyyətindən Taleh Əliyev, Şaban Nəsirov çıxış ediblər.

Herbiand.az