Advertisment

Məcburi xidmətdən peşəkar orduya: Dünyada hansı model daha yayğındır?

Azərbaycan Cənubi Qafqazın ən güclü hərbi arsenala malik ölkəsidir. Son illərdə Azərbaycan ordusunda peşəkarlığın artırılması, xüsusi təyinatlı bölmələrin inkişafı və müasir silah sistemlərinin tətbiqi ordumuzun döyüş qabiliyyətini və hərbi qüdrətini əhəmiyyətli dərəcədə yüksəldib.

Hazırda Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən ali təhsili olmayan çağırışçılar 18 ay, ali təhsil alan və ya bitirən şəxslər isə 12 ay həqiqi hərbi xidmət keçirlər.

Bəs dünya təcrübəsində necədir? Müasir ordular hansı modelə üstünlük verir?

Qardaş Pakistanda ümumi məcburi hərbi xidmət yoxdur. Pakistan Silahlı Qüvvələri əsasən könüllü-professional sistem əsasında komplektləşdirilir. Mövcud məlumatlarda Pakistan üçün aktiv məcburi çağırış göstərilmir. Hətta Pakistan hökumətinin BMT-yə təqdim etdiyi rəsmi məlumatda da silahlı qüvvələrə qəbulun “tamamilə könüllü” olduğu və açıq müsabiqə əsasında aparıldığı bildirilir.

Orduya çağırış müddəti məsələsi qonşu Gürcüstanın parlamentində cari ilin aprel ayında müzakirə olunub. Qəbul olunan qərara görə, döyüş bölmələrində xidmət 6 ay, təminat bölmələri 8 ay, vəzifəlilər üçünsə 11 ay müəyyən olunub.

Rusiyada məcburi hərbi xidmət 12 aydır. Kreml son illərdə müqaviləli hərbçilərin sayını artırsa da, çağırış sistemi hələ də qüvvədə qalır və hər il iki dəfə genişmiqyaslı çağırış keçirilir.

İranda xidmət müddəti bölgədən və ailə vəziyyətindən asılı olaraq təxminən 14-21 ay arasında dəyişir. Sərhəd və təhlükəsizlik şəraiti xidmət müddətinə təsir edən əsas amillərdən hesab olunur.

Şimali Atlantika blokunun iki nəhəng dövləti ABŞ və Böyük Britaniya isə tam peşəkar ordu modelinə keçib. Bu ölkələrdə sülh dövründə məcburi əsgərlik yoxdur, hərbi xidmət yalnız könüllü müqavilə əsasında həyata keçirilir.

Ən uzun məcburi əsgərlik müddəti 5-13 il-Şimali Koreyadadır. Ən qısa müddətli əsgərlik isə Xorvatiyadadır. Xorvat gənclər orduda cəmi 2 ay xidmət edir.

Herbiand.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, bu istiqamətdə qərarlar mərhələli şəkildə həyata keçirilməli, tam peşəkar ordu modelinə isə hazırkı mərhələdə tələsmək doğru olmaz.

“Azərbaycan Ordusunda peşəkar hərbi qulluqçuların sayının artırılması prosesi 2014-cü ildən etibarən daha geniş şəkildə başlanıb. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçuları orduda manqa komandiri, maşın komandiri və digər mühüm vəzifələrdə xidmət edərək peşəkar ordu modelinin əsas hissəsini təşkil edirlər”-deyə, o, bildirib.

Ramil Məmmədli deyib ki, Vətən müharibəsi zamanı məhz bu kateqoriyadan olan hərbi qulluqçular yüksək şücaət və qəhrəmanlıq nümayiş etdiriblər. Onun fikrincə, peşəkar xidmət həm iş yeri, həm də vətənə xidmət missiyası kimi qəbul edilməlidir.

Hərbi ekspert əlavə edib ki, Azərbaycanın geosiyasi mövqeyi və mövcud təhlükəsizlik şəraiti nəzərə alınaraq bütövlükdə peşəkar könüllü orduya keçidlə bağlı qəti fikir söyləmək çətindir. O hesab edir ki, ən məqsədəuyğun yol peşəkar könüllü hərbi qulluqçuların sayının mərhələli şəkildə artırılmasıdır.

Ekspert qeyd edib ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən şəxslərin böyük əksəriyyəti artıq peşəkar könüllü hərbi qulluqçulardır və bu model həmin birliklərdə uğurla tətbiq olunur.

Yunis İsrəfilov

Herbiand.az