Ölkə çempionatında keçirilən oyunlarda, eləcə də milli komandanın matçlarında bəzi futbolçuların qol vurduqdan sonra dini-siyasi məzmun daşıyan jestlər nümayiş etdirməsi ciddi narazılıq doğurub. Hesab edilir ki, kütləvi idman növü olan futbolda bu cür jestlər gənclərdə mənfi təsirlər yarada bilər. Sosila şəbəkələrdə açılan müzakirələrdə əksər istifadəçilər sekulyar dövlətdə bu cür halların yolbverilməz olduğunu bildirib. Bəs bu cür hallar gənclərə hansı formada təsir göstərir?
İlahiyyatçı Tural İrfan herbiand.az-a açıqlamasında bildirib ki, futbol matçlarında və bir qədər də əvvəl qaydasız döyüş meydançasında bəzi idmançıların dini-siyasi məzmun daşıyan, daha doğrusu məzhəbçilik, bölücülük ehtiva edən hərəkətlər, jestlər etməsi, əl işarələri nümayiş etdirməsi dini cəhətdən məqbul sayılmır: “Əvvəla, onu qeyd edək ki, həmin şüarlar, yaxud jestlər mötədil dini əlamətlər deyil. Dinin tərkibində, mahiyyətində bəzi ibadətə çağırış şüarları olsa da bu cür siyasi bölücülük kəsb edən davranışlar yoxdur. Bu, sadəcə hansısa idman oyunundan istifadə etməklə İranın hazırki rejiminin söykəndiyi siyasi - məzhəbçiliyə əsaslanan ideologiyanın ixracı və təbliğatıdır. Ümumiyyətlə idman yarışlarında dini şüar və jestlərin nümayişi dini baxımdan bəyənilmir. Xüsusən son zamanlar idmançıların bir əlini digər əli ilə havaya qaldırmaqla siyasi şüar ifadə etməsi əsla İslamla, “Quran”la, müsəlman vəhdəti ilə uyğun deyil. Çünki sözügedən jest təzəlikcə İran rejiminin məzhəb ayrı-seçkiliyini qabartmaq üçün ortaya qoyduğu bölücülük əlamətlərindəndir. Yəni, bu cür işarələr siyasi, ideoloji bölücülük ehtiva etməklə yanaşı həm də təxribat xarakterlidir. “Quran”da müsəlmanlar vəhdətə, birliyə çağırılır və ayırıcı, bölücü amillərdən uzaq durmaq əmr olunur”.
E.Cəfərli