Advertisment

Evə daşıdığımız gizli təhlükə: onlardan necə imtina edək?

İnkişaf etmiş ölkələrdə plastik qablardan və polietilen torbalardan tədricən imtina edilir. Buna səbəb onların təbiətdə çox uzun müddət qalması, torpağı və su hövzələrini çirkləndirməsidir.

BMT-nin Ətraf Mühit Proqramında bildirilir ki, dünyada hər il təxminən 430 milyon ton plastik istehsal olunur. Məlumata görə, 2015-ci ildə plastik qablaşdırma tullantılarının həcmi 141 milyon ton olub və plastik tullantıların böyük hissəsi təkrar emal edilməyib.
Maraqlıdır ki, plastik tullantılar parçalanaraq mikroplastiklərə çevrilir və bu hissəciklər içməli suda, qidada və havada aşkarlanır.

Ətraf mühit üzrə araşdırmaçılar hesab edir ki, birdəfəlik plastiklər əvəzinə şüşə qablardan, politilen torbalar yerinə parça çantalardan istifadə həm tullantıların azalmasına, həm də ətraf mühitin qorunmasına töhfə verir. Polietilen qablardan və torbalardan imtinanı cəmiyyətdə yaymaq və davamlı vərdişə çevirmək üçün hansı addımlar atılmalıdır.

"Ekorise" Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Murad Musayev Herbiand.az-a açıqlamasında bildirib ki, plastikdən həddindən artıq istifadə ətraf mühitin, həm də insan sağlamlığının qorunması baxımından ciddi problemdir.

“Plastiklərdən istifadənin azaldılması üçün cəmiyyətdə “Plastiksiz həyat” devizi ilə maarifləndirici aksiyalar keçirilməlidir. Daha yaxşı oalr ki, bu tədbirlər məktəblərdən başlasın. Çünki ekoloji şüur aşağı yaşlardan formalaşsa daha çox effekt verə bilər. Bu mövzuda interaktiv dərslər keçirilməli, aksiyalar təşkil olunmalıdır. Şagirdlər arasında plastik tullantıların toplanması, çeşidlənməsi və təkrar emalı üzrə müsabiqələr təşkil etmək olar”.

M.Musayev hesab edir ki, vətəndaş cəmiyyəti fəalları könüllü təbitəsevərlər birlikdə vaxtaşırı ekoloji aksiyalar təşkil etməlidir. Təcrübə göstərir ki, ərazilərin məişət tullantılarından təmizlənməsi aksiyaları çox təsirli olur. 

Bu aksiyalara tanınmış idmançılar, aparıcılar, sənətlçilər də qatılsa daha təsirli olar. “Bir gün plastiksiz yaşa” aksiyası ilə insanları birdəfəlik plastik torba və qablardan imtina etməyə təşviq etmək mümkündür. İri supermarket “Parça çanta götür, plastik torbadan imtina et” kampaniyaları keçirilməli, alternativ çantalar təbliğ olunmalıdır”.

E.Cəfərli

Herbiand.az