Advertisment

Köhnə problemlərlə başlayan dərs ili: Qonşu ölkədə anadilli təhsilin acı mənzərəsi

Sentyabrın 22-də Gürcüstanda yeni tədris ilinin başlayır. Bu ərəfədə qonşu ölkədə yaşayan soydaşlarımızın təhsil sahəsində qarşılaşdığı köhnə problemlər yenidən gündəmə gəlir. Gürcüstanda yaşayan azərbayĞ anadilli təhsil alması ölkədəki etnik icmanın öz milli kimliyini və mədəniyyətini qoruyub saxlaması üçün olduqca əhəmiyyətlidir. Son illərin statistikası göstərir ki, Azərbaycan dilli məktəblərin və ya bu dildə bölmələri olan təhsil müəssisələrinin sayında nəzərəçarpan azalma meyli müşahidə olunur. Soydaşlarımızı ən çox narahat edən məsələlərdən biri də dərsliklərin keyfiyyəti, onların gürcü dilindən tərcümə edilərkən yol verilən uyğunsuzluqlardır. İxtisaslı kadr çatışmazlığı da ana dilində təhsilin keyfiyyətini aşağı düşürən başlıca amillərdən biri kimi qalmaqdadır. Yeni dərs ilinin astanasında bizi bir sual düşündürür: bu problemlərin həlli istiqamətində hansı addımlar atılıb?

Tbilisidə fəaliyyət göstərən “Maarif” təşkilatının sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül Əliyeva Herbiand.az-a açıqlamasında bildirib ki, Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə mövcud problemlər əsasən infrastruktur, kadr çatışmazlığı, Azərbaycan dili üzrə dərs saatlarının azaldılması, müəllimlərin fənn üzrə bilik səviyyəsi, eləcə də dərsliklərin tərcüməsi zamanı yaranan problemlərlə bağlıdır:

“Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA- 2025) tədqiqatının nəticələrinə əsasən, azərbaycandilli şagirdlərin nailiyyətləri gürcüdilli və rusdilli məktəblərdə təhsil alan şagirdlərin nəticələrindən əhəmiyyətli dərəcədə aşağıdır. Gürcüdilli və azərbaycandilli şagirdlər arasında riyaziyyat üzrə fərq 79 bal, oxu üzrə 80 bal, təbiət elmləri üzrə isə 88 bal təşkil edir.

PISA 2022 ilə müqayisədə bu fərq bir qədər də artıb. Belə ki, gürcüdilli və azərbaycandilli şagirdlər arasında riyaziyyat üzrə fərq 73 bal, oxu üzrə 80 bal, təbiət elmləri üzrə isə 81 bal təşkil edib.

PISA 2018 tədqiqatının nəticələrində də ən aşağı göstəricilər azərbaycandilli məktəblərin şagirdləri arasında qeydə alınıb. Gürcüdilli və azərbaycandilli məktəblərin şagirdləri arasında oxuyub-anlama üzrə fərq 96 bal, rusdilli və azərbaycandilli məktəblərin şagirdləri arasındakı fərq isə 112 bal olub.

PISA nəticələrinə əsasən, azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin göstəricilərinin əhəmiyyətli dərəcədə aşağı olmasını kadr çatışmazlığı, eləcə də keyfiyyətli təhsilin tam təmin olunmaması ilə əlaqələndirmək olar”-deyə, o, bildirib.

 

20 ildir Azərbaycan dili ədəbiyyatı müəllimləri hazırlanmır

 

Ekspert bildirib ki, Azərbaycandilli məktəblərdə fizika, biologiya, kimya, incəsənət və musiqi fənləri üzrə kadr çatışmazlığı var. Lakin bu problem yalnız azərbaycandilli məktəblərə xas deyil. Ölkə üzrə ümumi kadr çatışmazlığı ilə əlaqədar gürcüdilli məktəblərdə də bu fənlər üzrə müəllim çatışmazlığı müşahidə olunur. Həmçinin, Gürcüstanda 20 ildir Azərbaycan dili və ədəbiyyatı müəllimləri hazırlanmır. İlia Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası 2005-ci ildə bağlanıb və 2006-cı ildən etibarən bu ixtisasa tələbə qəbulu dayandırılıb. Nəticədə, artıq 20 ildir ki, bu sahədə kadr çatışmazlığı yaşanır və məktəblərdə ana dilini tədris edən qeyri-ixtisas müəllimlərinin sayı artıb”.

 

Dərsliklərdə hər il çoxsaylı səhvlər aşkar edilir

 

Aygül İsayeva deyib ki, Azərbaycandilli məktəblərin dərsliklərlə təmin edilməsi Sovetlər dövründə Azərbaycanın dəstəyi ilə həyata keçirilirdi. Lakin 2005-ci ildən etibarən “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri istisna olmaqla, digər bütün dərsliklər Gürcüstanda hazırlanmağa və gürcü dilindən Azərbaycan dilinə tərcümə edilməyə başlanıb: ““Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri isə Azərbaycandan göndərilir. Aradan 20 il keçməsinə baxmayaraq, Gürcüstanda hazırlanan və gürcü dilindən Azərbaycan dilinə tərcümə edilən dərsliklərdə hər il çoxsaylı səhvlər aşkar edilir və Azərbaycan ədəbi dilinin normaları ciddi şəkildə pozulur”.

Maraqlıdır hazırda Gürcüstanda qədər azərbaycandilli məktəb fəaliyyət göstərir?

A.İsayeva deyib ki, Sovetlər dövründə Gürcüstanda 319 azərbaycandilli məktəb fəaliyyət göstərirdi:

“Bu məktəblər Kvemo Kartli və Kaxeti bölgələrində, həmçinin paytaxt Tbilisidə yerləşirdi. Hazırda Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin sayı 116-dır. Lakin Təhsil Nazirliyi bu rəqəmi 118 göstərir.

Telavi bələdiyyəsində yerləşən Qaracalar kənd ictimai məktəbində və Bolnisi bələdiyyəsində yerləşən Xatisopli (Çatax) kənd ictimai məktəbində Azərbaycan bölməsi formal olaraq saxlanılsa da, bütün şagirdlər yalnız gürcü sektorunda təhsil alırlar. Başqa sözlə, faktiki olaraq, bu iki məktəbdə artıq uzun illərdir Azərbaycan sektoru fəaliyyət göstərmir.

Hər iki məktəbdə yalnız gürcü sektoru fəaliyyət göstərdiyindən, zaman keçdikcə azərbaycanlı müəllimlərin sayında da azalma müşahidə olunub”.

“1202 soydaşımız ali məktəbə daxil olub”

Bəs bu il qədər azərbaycanlı Gürcüstanda ali məktəbə daxil olub?

Qeyd edək ki, Gürcüstanda aparılan təhsil islahatları nəticəsində 2026–2027-ci tədris ilindən etibarən dövlət universitetlərində təhsil pulsuz olacaq.

Ekspert bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlıların əksəriyyəti “Ümumi qabiliyyət” imtahanı verərək bir il müddətində gürcü dili hazırlıq proqramında təhsil alır.

“Hazırlıq proqramını uğurla başa vurduqdan sonra isə bakalavr pilləsində təhsillərini davam etdirirlər.

Təhsil Nazirliyindən verilən məlumata əsasən, bu il birillik gürcü dili hazırlıq proqramında təhsil almaları üçün 1202 azərbaycanlıya yer ayrılıb. Özəl universitetlərə qəbul olunanları da nəzərə alsaq, bu rəqəmin bir qədər daha çox olması mümkündür.

Gürcüstanın Qiymətləndirmə və İmtahanların Milli Mərkəzinin yaydığı məlumata əsasən, Azərbaycan dilində “Ümumi qabiliyyət” imtahanında iştirak edən 1 779 abituriyentin 68,8%-i minimum həddi keçib, 31,2%-i isə keçə bilməyib”.

 

Məhəmməd Əliyev

Herbiand.az