Advertisment

Havadarlarının Ermənistanı silahlandırması regionda təhlükə və təhdidin saxlanmasına xidmət edir – Hərbi ekspert

Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsindən sonra ciddi şəkildə silahlanmaya meyllənməsi əlbəttə ki, hər hansı bir şəkildə yaxşı niyyətinin olmadığının göstəricisidir.

Bu fikirləri Herbiand.az-a hərbi ekspert Azər Bayramov bildirib. O qeyd edib ki,  İkinci Qarabağ müharibəsinə qədər Ermənistanın arsenalında beynəlxalq standartlarda nəzərdə tutulmuş silah sayından və həcmindən dəfələrlə artıq silah-sursat mövcud idi. Və bu da heç bir halda Ermənistan ordusuna döyüş meydanında kömək etmədi:

“Biz Ermənistan tərəfinin yeni havadar axtarışında olduğunu və silah almaq üçün döymədiyi qapının qalmadığını bilirik. Və bu işdə onun baş havadarı Fransanın da olduğunu artıq bütün beynəlxalq ictimaiyyət görür. Fransanın belə davranışları Ermənistanın gələcəyi üçün yaxşılığa doğru heç nə vəd etmir. Əlbəttə ki, Azərbaycan tərəfi Ermənistanın aldığı silahları çox cidi şəkildə diqqətdə saxlayır. Bu istər Fransadan, Hindistandan, Yunanıstandan və yaxud da digər ölkələrdən tədarük olunan silah olsun. Bu, hər hansı bir şəkildə Azərbaycana qarşı təhdid yaradacağı halda mütləq şəkildə ölkəmiz tərəfindən zəruri adekvat cavab tədbirləri həyata keçiriləcək”.

Ekspertin sözlərinə görə, bunu müdafiə silahları kimi cəmiyyətə sırımağa çalışan Ermənistan və onun havadarları anlamalıdır ki, belə yalanlarla beynəlxalq ictimaiyyəti aldatmaq olmaz:

“Çünki Ermənistanın yaxın keçmişdəki fəaliyyətlərinə baxdığımız zaman məhz erməni xislətinə uyğun olaraq, hansı şəkildə bu silahları istifadə edəcəyi artıq öncədən bizə bəllidir. Çünki heç kim zəmanət verə bilməz ki, istər reaktiv yaylım atəş sistemləri, istərsə haubitsalar, toplar, eyni zamanda müəyyən tank əleyhinə idarə olunan raketlər, radiolakasiya sistemləri, zirehli texnikalar var ki, məhz bu gün havadarları tərəfindən Ermənistana tədarük edilir, bunlar hər hansısa təxribatyönümlü fəaliyyətdə istifadə olunmayacaq. Çünki bundan öncə məhz separatçıların Qarabağda yerləşən terrorçularla birlikdə və əllərində olan texniki vasitələrlə mülki aviasiyaya qarşı olunan təxribatlarını yadımızdan çıxarmamışıq. Və bu bir daha onu göstərir ki, Ermənistan əlində olan bütün silah-sursat arsenalını təxribat məqsədilə istifadə edə bilər. Və cənab Prezidentin də dünən çıxışında vurğuladığı məsələ var idi ki, istənilən halda biz ciddi təhdid görəriksə, mütləq şəkildə Azərbaycan Ordusu həmin silahların zərərsizləşdirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirəcək. Əlbəttə bunu hər hansı bir şəkildə balansın qorunması kimi manipulyasiya edərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Amma bu belə deyil. Çünki məhz havadarlarının Ermənistanı belə silahlandırması regionda təhlükə və təhdidin daima saxlanmasına xidmət edir. Və eyni ilə də Ermənistan daxilindəki revanşistlərə gələcəkdə təxribat və terror törətmək üçün ümid yaradır. Bu da Ermənistanın özü üçün yaxşı nəticələr vəd etmir”.

Elnurə İSAXAN