Advertisment

Qəhrəmanlıq salnaməsi yazan igidlər – Şəhid baş leytenant Hüseynov Raqib yad edilib

Qəhrəmanlıq salnaməsi yazan igidlər – Şəhid baş leytenant Hüseynov Raqib yad edilib

Naxçıvan Şəhər İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Ali Məclisin deputatları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Baş Gömrük İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin əməkdaşları, N saylı hərbi hissənin əsgər və zabit heyəti, şəhidin döyüş yoldaşları, müdavimi, şəhid ailələri, qazilər, Heydər Əliyev adına Hərbi Liseyin, Heydər Əliyev adına tam orta məktəbin və 4 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şəhidin məzarı ziyarət olunub, üzərinə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən, Raqibin göstərdiyi şücaətdən, həmçinin şəhid ailələri və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs olunub. 
     Qeyd edilib ki, Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixində əbədi qəhrəmanlıq səhifəsi kimi yazıldı. Bu zəfər yolunda canından keçən şəhidlərimiz əsl mərdlik və igidlik nümunəsi göstərərək Azərbaycanın bütövlüyü və azadlığı uğrunda ölümsüzlüyə qovuşdular. Onların müqəddəs xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.
Raqib Hüseynov 28 iyun 1993-cü ildə Şahbuz rayonunun Mərəlik kəndində anadan olub. 2011–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
2020-ci ilin fevral ayından Naftalan şəhərində qərargah rəisi vəzifəsində çalışan Raqib, sentyabrın 27-də başlanan Vətən müharibəsində qəhrəmanlıqla iştirak edib. Onun Talış kəndi istiqamətində düşmənin müdafiə xəttinin yarılmasında böyük xidmətləri olub. 29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirmiş baş leytenant Hüseynov Raqib Adil oğlu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Tədbirdə iştirak edən məktəblilər şəhidlərə həsr olunmuş və vətənpərvərlik ruhunda qələmə alınmış şeirləri bədii qiraət ediblər.

Sonda şəhidin anası Rəna xanım çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Daha sonra şəhidin əziz xatirəsinə ehsan süfrəsi açılıb.

Bəxtiyar ƏLİYEV
Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin mətbuat katibi