Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada atəşkəsin əldə olunması münasibətilə ABŞ, Qətər və Misirə təşəkkür edib.
Ərdoğan Şarm Əl-Şeyxdə Türkiyənin də iştirakı ilə aparılan HAMAS–İsrail danışıqları nəticəsində əldə edilən atəşkəs razılaşmasından məmnun olduğunu bildirib.
“İsrail hökumətinin atəşkəsə təşviq edilməsində lazım olan siyasi iradəni ortaya qoyan ABŞ Prezidenti cənab Donald Tramp başda olmaqla, razılaşmanın əldə edilməsinə mühüm töhfələri olan qardaş ölkələr - Qətər və Misirə xüsusi təşəkkürümü bildirirəm. Türkiyə olaraq razılaşmanın tam şəkildə icra olunmasını yaxından izləyəcəyik və prosesə töhfə verməyə davam edəcəyik”, - Ərdoğan qeyd edib.
O, 1967-ci il sərhədləri əsasında paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin qurulması üçün mübarizənin davam etdiriləcəyini vurğulayıb.