Advertisment

“Zirvə” antologiyasının təqdimat mərasimi keçirilib

Naxçıvanda “Zirvə” adlı antologiyanın təqdimat mərasimi keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, dövlət və hökumət nümayəndələri, ziyalılar və tələbə-gənclər iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İlk olaraq Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək bu cür tədbirlərin məhz təhsil müəssisəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıq yolundan bəhs edən kitabların təhsil müəssisələrində təqdim edilməsi və kitabxanalara hədiyyə olunması mühüm əhəmiyyət kəsb edir. Belə nəşrlər tələbələrin vətənpərvərlik ruhunda yetişməsinə, milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə, öz qəhrəmanlarını daha yaxından tanımasına və onların şərəfli həyat yolunu öyrənməsinə böyük töhfə verir.

Daha sonra “Zərif Qadınlar” ədəbi qrupunun təsisçisi və rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Təranə Arifqızı tədbirin mahiyyəti, ədəbi qrupun məqsəd və məramı barədə məlumat verib. O, ədəbiyyatın insanları mənəvi dəyərlər ətrafında birləşdirən, milli ruhu və yaddaşı yaşadan mühüm vasitə olduğunu qeyd edib.

Layihənin rəhbəri, şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevil Gülnur çıxış edərək “Zirvə” antologiyasının ərsəyə gəlməsi və layihənin ideya istiqaməti haqqında məlumat verib. O bildirib ki, kitabda ölkəmizin müxtəlif regionlarından olan şəhidlərimizin və qazilərimizin həyat və döyüş yoluna həsr edilmiş, 24 müəllif tərəfindən qələmə alınan məqalə və şeirlər yer alıb. Müəlliflərin qələmindən süzülən bu yazılar qəhrəmanlarımızın Vətənə bağlılığını, fədakarlığını və şərəfli döyüş yolunu əks etdirir. Antologiyanın əsas məqsədi şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizin qəhrəmanlığını tanıtmaq və bu mənəvi irsi gələcək nəsillərə çatdırmaqdır.

Naxçıvan Şəhər İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxışında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və ehtiramın əhəmiyyətindən danışıb. O, Vətən uğrunda fədakarlıq göstərən qəhrəmanlarımızın xatirəsinin yaşadılmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.

Tədbirdə “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi Bəxtiyar Əliyev çıxış edərək şəhidlərimizin qəhrəmanlıq yolunun gələcək nəsillərə çatdırılmasında ədəbiyyatın və bu kimi nəşrlərin rolundan bəhs edib. O, şəhidlərin əziz xatirəsinin yaşadılmasının, onların həyat və döyüş yolunun təbliğinin milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Naxçıvan Qaziləri İctimai Birliyinin sədri, Vətən müharibəsi qazisi Əli Əlisoy çıxışında Vətən uğrunda döyüşən qəhrəmanların göstərdiyi şücaətdən, qazilərə və şəhid ailələrinə mənəvi dəstəyin vacibliyindən danışıb.

Tədbirdə şəhid anaları da çıxış edərək övladlarının Vətən sevgisindən, onların müqəddəs amal uğrunda göstərdikləri fədakarlıqdan söz açıblar. Milli Qəhrəman Yusif Mirzəyevin bacısı Naibə xanım və şəhid Rasim Məmmədovun anası Nazilə ana öz ürək sözlərini bölüşüblər. Onların çıxışları tədbir iştirakçıları tərəfindən duyğulu anlarla qarşılanıb.

Çıxış edənlər layihənin rəhbəri Sevil Gülnura, “Zərif Qadınlar” ədəbi qrupunun təsisçisi və rəhbəri Təranə Arifqızına, Sevinc Səbzəliyevaya və tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Onlar şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına, qazilərimizin qəhrəmanlıq yolunun təbliğinə və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə xidmət edən bu təşəbbüsün əhəmiyyətini vurğulayıblar.

Mərasim çərçivəsində aktyor Zakir Fətəliyev Təranə Arifqızının Vətənə, şəhidlərə və qəhrəmanlığa həsr olunmuş şeirlərini bədii qiraətlə səsləndirib.

Daha sonra Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərimizi və qəhrəmanlıq salnaməmizi əks etdirən bədii kompozisiya ilə çıxış ediblər.

Sonda “Zirvə” antologiyası qonaqlara təqdim edilib, tədbir iştirakçıları ilə xatirə fotoları çəkdirilib.

Bəxtiyar Əliyev, 
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi