Vətən müharibəsi xalqımızın qəhrəmanlıq tarixinin qürur səhifəsidir. Azərbaycanın igid oğulları torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək xalqımızın şərəf və qürur simvoluna çevriliblər. Belə igidlərimizdən biri də leytenant Qəhrəmanov Elməddindir.
11 oktyabr 2025-ci il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış leytenant Elməddin Niyaməddin oğlu Qəhrəmanovun anım günü doğulduğu Qıvraq qəsəbəsində keçirilib. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, polislər, hərbçilər və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Dini icmanın üzvü tərəfindən Qurani-Kərimdən ayələr oxunub.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad edib. Bu Qələbə şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və xalqımızın birliyi sayəsində mümkün olub.
Natiq şəhid Elməddin Qəhrəmanovun döyüş yolundan da danışaraq onun göstərdiyi igidliyi xüsusi vurğulayıb. Qeyd olunub ki, şəhidimiz döyüş meydanında böyük rəşadət göstərib, vətənpərvərliyi və mübarizliyi ilə silahdaşlarına nümunə olub.
“Belə igid oğullarımızın sayəsində bu gün üçrəngli bayrağımız azad torpaqlarımızda dalğalanır,” – deyə icra başçısı çıxışında vurğulayıb.
Tədbirdə çıxış edən Ali Məclisin deputatı Xəzəngül Orucova, şəhid anaları və ataları, qazilər və hərbçilər şəhidlərin göstərdiyi igidlik və fədakarlığın gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan dövləti və xalqı hər zaman şəhidlərimizin müqəddəs xatirəsini uca tutacaq, onların ailələrinə xüsusi diqqət və qayğı göstərəcəkdir.
Mərasimdə həmçinin şagirdlər şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirləri bədii qiraət ediblər.
Sonda Qıvraq qəsəbə şəhidlərinin müqəddəs məzarları ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb, ruhlarına dualar oxunub və şəhid yaxınları ilə xatirə fotoları çəkdirilib.
Bu cür tədbirlər xalqımızın yaddaşında şəhidlərimizin əziz xatirəsini daim yaşadır, gələcək nəsillərə vətən sevgisi və qəhrəmanlıq nümunəsi kimi ötürülür. Onlar bizim qürurumuz, Vətənimizin müqəddəsliyini qoruyan mənəvi dirəyimizdir. Hər bir şəhidin adı Azərbaycan tarixinin şanlı səhifələrində əbədi həkk olunub və bu xalq onları heç vaxt unutmayacaq.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi
"Azərbaycan Jurnalistlər Birliyi" nin üzvü