Şərur şəhərində Vətən müharibəsi şəhidi, leytenant Məmmədov Elşən Əziz oğlunun doğum günü münasibətilə anım tədbiri və onun şeirlərindən ibarət “Sonsuz misralar” adlı kitabın təqdimat mərasimi keçirilib.
Tədbir çərçivəsində əvvəlcə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.
Ardınca Şərur rayon Mədəniyyət Sarayında davam etdirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şərur Rayon İcra Hakimiyyətinin, rayon idarə, müəssisə və təşkilat rəhbərlərinin, Əlahiddə Ümumqoşun Ordunun zabitlərinin, şəhid ailələrinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər qəhrəman şəhidin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlik nümunələrindən bəhs ediblər. Bildirilib ki, Elşən Məmmədov Vətən müharibəsində göstərdiyi şücaət, torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə ilə hər zaman gənclərə örnək olacaq.
Qeyd olunub ki, şəhidin sağlığında qələmə aldığı şeirlərin bir araya toplanaraq “Misralar sonsuz bir iz...” adlı kitab halında nəşr olunması onun zəngin mənəvi dünyasının, Vətənə və torpağa bağlılığının gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Şəhid leytenant Elşən Məmmədov həmin kitabda toplanmış şeirlərin müəllifidir. Çıxış edənlər bu təşəbbüsü yüksək qiymətləndirərək şəhidin ailəsinə dərin ehtiram və minnətdarlıqlarını ifadə ediblər.
Çıxışlarda vurğulanıb ki, “Elşən Məmmədov kimi Vətən oğulları yalnız döyüş meydanında deyil, sözündə, düşüncəsində, yazdığı misralarda da Vətənə xidmət ediblər. Onun qəlbindən süzülən hər bir sətir bu torpağa olan sevgisinin ifadəsidir. Bu gün təqdim olunan kitab yalnız bir xatirə deyil, həm də gələcək nəsillərə ötürülən mənəvi mirasdır. Biz onun əziz xatirəsini daim uca tutacaq, keçdiyi şərəfli yolu gənclərə örnək kimi çatdıracağıq.”
Sonra tədbir məktəblilərin hazırladıqları bədii hissə ilə davam edib. Şəhidin müəllifi olduğu şeirlər səsləndirilib, vətənpərvərlik ruhunda musiqi nömrələri ifa olunub. Daha sonra Elşən Məmmədovun 44 günlük Vətən müharibəsində iştirak etdiyi döyüş anlarını əks etdirən videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçıları xatirə fotoları çəkdiriblər.
Qeyd edək ki, Məmmədov Elşən Əziz oğlu 21 aprel 1999-cu ildə Şərur rayonunun Danyeri kəndində anadan olub. İlk təhsilini doğma kənd məktəbində alan Elşən 2013–2016-cı illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2016–2020-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Elşən Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib və oktyabrın 21-də qəhramancasına şəhidlik zirvəsinə ucalıb.
O, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidin nəşi Şərur şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi