Culfa rayonunda şəhid Göydağlı Ramazan Əbülfət oğlunun anım günü qeyd olunub. Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini icra edən Sara Hüseynova, Şəhid Ailələri, qazilər, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, rayonda fəaliyyət göstərən hüquq-mühavizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbir iştirakçılarına qəhrəman şəhid Göydağlı Ramazan haqqında məlumat verilərkən qeyd olunub ki, yurdumuzu yağı düşməndən qoruyarkən canından keçən qəhrəmanlarımızdan olan Göydağlı Ramazan Əbülfət oğlu 44 günlük ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsini fəth etməklə, adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Xocavənd rayonunun Qırmızı Bazar kəndi istiqamətində gedən ağır döyüşlər zamanı, 2020-ci ilin bu günü şəhid olan Ramazan dünyaya göz açdığı Kırna kəndində dəfn olunub.
Şəhid əsgər Ramazan Göydağlı ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini icra edən Sara Hüseynova öz çıxışında Vətən uğrunda canından keçən igid oğulların qəhrəmanlığından danışıb. O qeyd edib ki, xalqımızın ərazi bütövlüyünün bərpası naminə şəhidlik zirvəsinə ucalan hər bir qəhrəmanın xatirəsi daim hörmət və ehtiramla yad olunur.
Sara Hüseynova bildirib ki, şəhid Göydağlı Ramazanın keçdiyi şərəfli həyat və döyüş yolu gənclər üçün vətənpərvərlik məktəbidir. Onun göstərdiyi igidlik və fədakarlıq gələcək nəsillərə örnək olacaq.
Tədbirdə çıxış edən şəhid anaları, şəhid ataları, qazilər öz çıxışlarında vurğulayıblar ki, şəhidlərimiz bizim and yerimiz, qürur mənbəyimizdir.
Ruhunuz şad olsun!
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi