Advertisment

Arktikada balinaların nəfəsində ölümcül virus aşkarlanıb

Alimlər Arktika dairəsində balinaların kütləvi ölümünə səbəb olan ölümcül virusu müəyyən ediblər.

Herbiand.az BBC-yə istinadla xəbər verir ki, tədqiqatçılar pilotsuz uçuş aparatlarından (dronlardan) istifadə edərək balinaların nəfəs alması zamanı havaya yayılan damcı nümunələrində təhlükəli virus aşkarlayıblar. Araşdırma zamanı xüsusi avadanlıqla təchiz edilmiş dronlar balinaların su səthinə çıxaraq nəfəs aldıqları an əmələ gələn və “blow” adlanan tənəffüs damcılarının üzərindən uçurulub. Nəticədə yüksək yoluxuculuğa malik setase morbillivirusu müəyyən edilib. Bu virus dünya üzrə balina və delfinlərin kütləvi sahilə çıxaraq tələf olması halları ilə əlaqələndirilir.

Mütəxəssislərin bildirdiyinə görə, virus növlər arasında yayıla bilir və dəniz məməliləri üçün ciddi təhlükə yaradır. Alimlər ümid edirlər ki, “BMC Veterinary Research” jurnalında dərc olunan bu tədqiqat okean ekosistemləri üçün təhlükəli xəstəliklərin erkən mərhələdə aşkar edilməsinə imkan yaradacaq.

Tədqiqatın həmmüəllifi, London Kral Kollecinin Coğrafiya departamentinin professoru Terri Doson bildirib ki, dron vasitəsilə nəfəs nümunələrinin toplanması canlı balinalara stres və zərər vermədən xəstəliklərin monitorinqinə imkan yaradır və sürətlə dəyişən Arktika ekosistemlərində xəstəliklər barədə mühüm məlumatlar təqdim edir.

Qeyd edək ki, London Kral Kolleci və Böyük Britaniyanın Kral (Dick) Baytarlıq Araşdırmaları Məktəbinin iştirakı ilə aparılan tədqiqat çərçivəsində dronlara steril Petri qabları quraşdırılaraq balinaların nəfəs dəlikləri üzərində havada saxlanılıb və tənəffüs damcıları toplanılıb.